Azərbaycanda da AKP var idi, Elçin bəy!..
Bir həmkar kimi Elçin Mirzəbəylinin qələminə hörmətim var… “Yaxın Qəzza, uzaq Qarabağ” yazısındakı bir sıra məqamlarla razıyam. Ancaq yazının əvvəlində obyektiv təhlildən danışır… Fəqət və təəssüf ki, təhlilləri birtərəflidir… Bunun da əsas iki səbəbi var; birincisi, çox güman ki, Elçin bəy ibadətdən, namazdan uzaq, ateist ruhlu bir şəxsdir… İkincisi isə o, Azərbaycandakı mövcud rejimə çox loyal münasibətdədir…
Ateist ruhlu insan olduğundan hörmətli yazar inanclıların Fələstin, Qəzza, Qüds ağrısını dərindən anlamır… O torpaqların əsl müsəlman üçün nə qədər müqəddəs olduğunu din xadimlərindən öyrənə bilər... Peyğəmbərimiz buyurur ki, müsəlmanlar bir bədən kimidirlər, birinin dırnağına bir daş dəydimi, digərləri də onu duymalıdırlar... İlk namazlarımız o torpaqlar – Qüds istiqamətində qılınıb... Bu mənada Qəzza ruhumuz, Qarabağ ürəyimizdir...
Türkiyədə, İranda və s. Qarabağla bağlı, ermənilər əleyhinə mitinqlər keçirilməməsindən təəccüblənir, Elçin bəy... Əzizim, burada təəccüblənəcək bir şey yox… Birincisi, ta qədimdən bəri çox nadir hallarda “xalq” dediyimiz kütlə müstəqil şəkildə, özü öz istəyi ilə kütləvi mübarizəyə qalxıb… Bu bəlkə də yalnız Peyğəmbərimizin(s.) Allah yolunda yeni mübarizə apardığı dönəmlərdə olub… Adətən kütlələr kimlərinsə hakimiyyət, pul, vəzifə maraqları naminə, həm də qorxu, ehtiyac və ya aldadıcı şüarlar vasitəsilə ayağa qaldırılıb… Ona görə Müaviyyənin, Yezidin ətrafına on minlər toplanıb, imam Həsənlə(ə) imam Hüseynin(ə) yanında isə yalnız bir qrup mömin qalıb… İndi o məlun Müaviyyənin, Yezidin ətrafındakılar xalqdırmı? “Xalq” Allah düşmənlərinin, hakimiyyət hərislərinin sui-istifadə etdiyi mücərrəd bir məfhumdur, hər şeyi nəfsani maraqlar həll edir… Bu günkü kimi ağır zamanlarda həmin “xalq”ın əksəriyyəti şərə xidmət edir... Yoxsa şər duruş gətirməzdi bu qədər....
İranla bağlı fikirlərinlə razıyam, bəli, tarixi torpaqlarımızda hökmranlıq edən bir rejim bizə dost ola bilməz. Əvvəlllər də yazmışam ki, İran İslam Respublikası adlı bir sistem mason-yəhudi-ingilis-rus razılaşması ilə qurulmuşdur. Və əslində o da vəhabilik, “Əl-qaida” və s. kimi İslamın gözdən salınmasına, müsəlman dünyasının parçalanmasına xidmət edir… Türkiyəyə gəldikdə isə müsəlman AKP yönətiminin siyasətinə bəzən inanır, amma prosesləri ayıq başla təhlil edəndə şübhələnirəm… Yaradanın yönətdiyi zaman hər şeyi göstərəcək, inşallah… Amma onu da demək lazımdır ki, Ərdoğanın bəzi hallarda ermənilərə qarşı, Qarabağla əlaqəli çıxışlarındakı sərtliyi bizim dövlər rəhbərləri göstərməyib…
Hörmətli yazar, Türkiyənin Ermənistanla hava yolunun açıq olmasından, ticari əlaqələr qurmasından bəhs edirsən. Bəs niyə soruşmursan ki, Öcalanın həbs edildiyi günlərdə varlığını təsdiqlədiyi “PKK”-nın Azərbaycandakı dayaqları nədən zərərsizləşdirilmir, niyə illərdir Gəncədə Türkiyə konsulluğunun açılışı yubadılır, niyə bizim rəhbərlər Qarabağ uğrunda döyüşdüyü ilə fəxr edən Köçəryan, sonra da eyni əqidəli Sarkisyanla salamlaşır, hər üçü düşmən olan ABŞ, Rusiya və Fransanın himayəçiliyi ilə onlarla xeyrimizə heç bir nəticə alınmayacağını bildiyi danışıqlara gedir…
Deyirsən ki, Türkiyə iqtidarı ABŞ-Nursi-Gülən xətti ilə gedir, bu, türk dünyasını məhvə aparan məkrdir. Guya Azərbaycandakı hakimiyyət tam müstəqil siyasət yürüdür? 30 aprel 2009-cu ildə dinc soydaşlarımıza qarşı qanlı terror törədilmiş Dövlət Neft Akademiyasının əsas binasının girişindəki açıq-aşkar mason emblemini görmüsənmi?..
Həmin terror niyə məhz bu təhsil müəssəsində, niyə məhz tələbələrə- gənclərə qarşı törədilib?.. Diqqət edirsinizmi; dövlət(!), neft(!), təhsil(!), gənclik!!. Bu o deməkdir ki, neftinizdən bizə, dostlarımıza lazımınca pay verməsəniz, dövlətiniz də, təhsliniz də, gəncliyiniz də - gələcəyiniz də puç ediləcək... Onsuz da puç edilir...
Təhsili, elmi, səhiyyəni, ordunu rüşvətə bələyənlər erməninin dəyirmanına su tökmürlərmi?..
Qardaşım, niyə sormursan ki, 1988-ci ilin noyabrında Şuşada ermənilərin kəsdiyi bir armud ağacının hayına Azadlıq meydanına yığışan bir milyon nümayişçi hanı (Maşallah, son vaxtlar maşın bazarına bənzəyən Azadlıq meydanı indi də hasara alınıb)?...
Olan-qalan torpaqlarımızın 25 faizi də işğal ediləndən sonra Azərbaycanda Qarabağ uğrunda, ermənilərə qarşı o cür kütləvi mitinqlər keçirilibmi ki, bu gün də Türkiyədən, İrandan, yaxud ərəb ölkələrindən kömək umaq?.. Qarabağ Azadlıq Təşkilatı bir mitinq keçirən kimi milli (?) polislərimiz cavanlarımızın şalvarını çıxardır...
Bir sözlə, qardaşımızı, qonşumuzu bizə hayan durmamaqda ittiham etməkdənsə, ilk növbədə özümüzü, öz nəfsimizi islah etməliyik, o nəfsimizi ki, doğum evindən məzaradək külli-məmləkəti korrupsiyaya bələyərək milyonlarla insanı həm mənəvi, həm də maddi cəhətdən zəlil günə qoyub...
Türkiyədəki AKP-yə gəldikdə, heç kəs unutmasın ki, bir vaxtlar Azərbaycanda da zəhmətkeşləri kommunizmə aparan AKP (Azərbaycan Kommunist Partiyası) vardı...