Modern.az

Sabah Bakıda kütləvi iməcilik keçiriləcək

Sabah Bakıda kütləvi iməcilik keçiriləcək

Ölkə

4 Dekabr 2009, 15:21

ARDNŞ-də ötən aydan start verilmiş iməciliklər silsiləsi dekabrın 5-də davam etdiriləcək. Şirkətin idarə və müəssisələrinin kollektivləri bu şənbə gününü də neftlə çirklənmədən təmizlənmiş mədən ərazilərində, ARDNŞ-nin zavodlarının və digər müəssisələrinin istehsalat sahələrində yaşıllaşdırma tədbirlərinə həsr edəcəklər. Bu barədə Modern.az-a ARDNŞ-nin mətbuat idmətindən məlumat verilib. Ekologiya İdarəsinin kollektivi Tağıyev adına NQÇİ-nin ərazisində Ekoloji park olan sahədə NQÇİ-nin əməkdaşları ilə birlikdə evkalip, küknar, sərv ağacları və gül kolları əkəcək, abadlıq işlərində iştirak edəcəklər. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun və Qaz Emalı Zavodunun kollektivləri yenə də müəssisələrin yerləşdiyi Qaradağ rayonu ərazisindən keçən, respublikanın mühüm magistral yollarından olan Salyan şosesinin kənarlarında yaşıllaşdırma və abadlaşdırma işləri aparmağı nəzərdə tuturlar. Xəzər Dəniz Neft Donanmasının kollektivi bu idarənin balansında olan Gəmi Təmiri Zavodunun ərazisində başladıqları yaşıllaşdırma işlərini davam etdirəcək. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, “Azərneftyağ” NEZ-in, Şirkətin digər idarə və müəssisələrinin kollektivləri isə öz ərazilərində ekoloji tədbirlər həyata keçirəcək, abadlaşdırma işləri ilə məşğul olacaq, səliqə-sahman yaradacaq, ağac və gül kolları əkəcəklər. Məlumdur ki, neftlə çirklənmədən təmizlənmiş mədən əraziləri arasında Bibiheybət sahəsi mühüm yer tutur. ARDNŞ bu sahədə ekoloji tarazlığın bərpası, rekultivasiya və reabilitasiya məqsədilə kompleks tədbirlər həyata keçirir. Dekabrın 5-də də ARDNŞ-nin Baş ofisinin, “Azneft” İstehsalat Birliyinin, Sərmayələr İdarəsinin, Neft Kəmərləri İdarəsinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “Bibiheybət” NQÇİ-nin əməkçiləri Bibiheybətdə neftdən təmizlənmiş ərazilərdə 5500-dən çox ağac əkməyi planlaşdırırlar. Bibiheybətdə keçiriləcək bu dəfəki iməcilikdə AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) təmsilçiləri də neftçilərlə çiyin-çiyinə çalışmaq istədiklərini bildiriblər. İndiyədək Bibiheybət mədən ərazisində 50 minədək ağac və gül kolu əkilim. Bu yaşıllaşdırma tədbirində zeytun, iydə, akasiya, sərv və Abşeron iqliminə uyğunlaşa bilən başqa növ ağacların əkilməsi nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?