Modern.az xəbər verir ki, bir sıra jurnalist təşkilatlarının rəhbərləri həbsdə olan jurnalist, "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun taleyi ilə bağlı Prezident İlham Əliyevə mürciət ediblər. Onlar jurnalistin ağır formada vərəm xəstəliyindən əziyyət çəkdiyini dövlət başçının diqqətinə çatdırıblar: “Biz Müşfiq Hüseynovun günahının dərəcəsini və ona verilən cəzanın ədalətliliyinin müzakirə etmək fikrindən uzağıq. Amma istənilən cəzanın məqsədi insanı islah etməkdir. Bizi bu gənc jurnalistin gələcəkdə sağlamlığını bərpa etmək, əmək fəaliyyətini hər hansı formada davam etdirmək imkanını itirmək təhlükəsi narahat edir”. Jurnalist qurumlarının rəhbərləri həbsxana şəraitində M.Hüseynovun müalicə olunacağına şübhə ilə yanaşaraq onun əfv olunmasını, keyfiyyətli müalicə almaq imkanı yaradılmasını xahiş edirlər.
Müraciəti “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Jurnalistika və İnkişaf Mərkəzinin sədri Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və Media Hüquqları İnstitutunun sdəri Rəşid Hacılı imzalayıblar.