Ölkədə əhaliyə göstərilən perinatal xidmətin keyfiyyətinin artırılması məqsədilə, Nazirlər Kabinetinin 2006-cı ildə qəbul etdiyi «Ana və uşağın sağlamlığının qorunmasına dair tədbirlər Proqramına» uyğun olaraq Bakı şəhərində Respublika Perinatal Mərkəzi yaradılıb. Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Respublika Doğum Evinin bazasında yaradılmış Mərkəzə Ə.Qarayev adına uşaq kliniki xəstəxanasının reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əzim Süleyman oğlu Nağdəliyev rəhbər təyin olunub.
Dünya standartlarına cavab verən ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə xəstələrin doğumdan əvvəlki geniş spektr müayinəsi və müalicəsi aparılacaq, hamiləliyin normal keçməsi təmin olunacaq, perinatal dövrün patologiyası olan qadınlara və yenidoğulmuşlara stasionar tibbi xidmət, xəstə yenidoğulmuşlara reanimasiya və reabilitasiya yardımı, habelə hamilə qadınlara tibbi-psixoloji yardım göstəriləcək.
120 çarpayılıq Mərkəzin tərkibində doğuş şöbəsi, iki hamiləliyin patologiyası şöbəsi, neonatologiya şöbəsi, yeni doğulmuşların intensiv terapiyası şöbəsi, laboratoriya, transfuziologiya və fizioterapiya kabinetləri fəaliyyət göstərir. Hamilə, zahı qadınlara və yeni doğulmuş körpələrə bu tibbi müəssisəsində 125 həkim - ginekoloq, terapevtlər, mammoloq, cərrah və ultrasəs müayinəsi həkimləri xidmət göstərəcək.
Bu tip tibb müəssisinin yaradılması hamilə qadınlara və yeni doğulmuş körpələrə tibbi yardımın keyfiyyətini yaxşılaşdırmağı, ana və uşağın sağlamlığının qorunması məsələsini keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verəcək.
Respublika Perinatal Mərkəzinin açılışı yaxın vaxtlarda baş tutacaq.
Mərkəzdəki vakant iş yerlərinə qəbul müsabiqə yolu ilə xüsusi olaraq yaradılmış komissiya tərəfindən həyata keçiriləcək.