Modern.az

Bakıda tələbələr “Rüşvətsiz sessiya” kampaniyasına başladılar

Bakıda tələbələr “Rüşvətsiz sessiya” kampaniyasına başladılar

Ölkə

6 Dekabr 2009, 18:25

Noyabrın 25-dən etibarən AEGEE-Bakı Avropa Tələbələr Forumu təşkilatı sessiya qabağı „Rüşvətsiz sessiya 2“ kampaniyasına başlayıblar. Kampaniyanı təşkil etməkdə əsas məqsəd çox aktual məsələ olan rüşvətə qarşı gənclərin və tələbələrin etirazını göstərmək, tələbələri imtahanlara pul verməkdən çəkindirmək və qismən də olsa rüşvətin qarşısını almaqdır.
Təşkilatın mətbuat əlaqələndiricisi Jalə Nəcəfova Modern.az-a bildirib ki, kampaniya çərçivəsində universitetlərdə bir çox tədbirlər həyata keçiriləcək. Belə ki, təşkilatın könüllüləri universitetlərdə və universitet ətrafında, metrolarda, şəhərin mərkəzi küçələrində, gənclərin sıx toplaşdığı başqa ictimai yerlərdə əllərinə „Rüşvətsiz sessiyanın“ simvolu olan qırmızı lent bağlayacaqlar. Müxtəlif bukletlər paylayaraq və insanların sıx olduğu yerlərdə divarlara afişalar yapışdıraraq, gəncləri və maraqlanan insanları məlumatlandıracaq, onları da kampaniyaya cəlb etməyə çalışacaqlar.
Kampaniya çərçivəsində medianın da iştirakı ilə  imtahan və sessiya zamanı müəllim və tələbə  münasibətlə bağlı müzakirələr, dəyirmi masalar təşkil ediləcək. Eləcə də, sessiyanın sonunda tələblər arasında sorğu keçiriləcək və „Ən Şəffaf Müəllim“ nominasiyasının qalibi olaraq bir universitet müəllimi seçiləcək, mükafatlandırılacaq. Ən son mərhələdə isə tələbələr arasında anonim sorğu keçiriləcək və təxminən neçə faiz rüşvət verən tələbənin bu sessiyada rüşvət vermədiyi müəyyən ediləcək. Təhsildə „Rüşvətə YOX“ deyən hər kəs hər həftə təşkil olunan görüşlərə qatıla bilər. 
Onu da qeyd edək ki, “Rüşvətsiz sessiya 1“ kampaniyası ilk dəfə 2008-ci il sessiya qabağı dekabr ayında AEGEE-Bakının təşəbbüsü ilə keçirilmişdi. Bu kampaniyaya  10000-dən çox gənc cəlb edilmişdi. 
AEGEE-Bakı, Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi 2004-cü ildən fəaliyyət göstərir, məqsədi Azərbaycanda Avropa dəyərlərini - sülh və stabilliyi, insan hüquqlarını, yüksək təhsil və mədəni mübadiləni təbliğ etməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?