Modern.az

Tələbə problemləri mətbuatda necə işıqlandırılır?

Tələbə problemləri mətbuatda necə işıqlandırılır?

Ölkə

7 Dekabr 2009, 15:05

Dekabrın 7-də Mətbuat Şurasında (MŞ) tələbə problemlərinin KİV-lərdə işıqlandırılması məsələlərinə dair dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, aparıcı tələbə təşkilatlarının təmsilçilərinin və qəzet redaktorlarının qatıldıqları tədbirdə Şura sədri Əflatun Amaşov KİV-lərin tələbə problemlərinin işıqlandırılması sahəsindəki mövcud vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, hazırkı dövrdə mətbuatda bununla bağlı fundamental sistemin mövcudluğu gözə çarpmır: «Doğrudur, ayrı-ayrı gənclər təşkilatlarının aktivliyi hiss olunur və onların fəaliyyəti barədə KİV-lərdə mütəmadi məlumatlar yer alır. Konkret tələbə problemlərinə münasibətdə isə eyni sözü söyləmək mümkünsüzdür. Təbii ki durumun mövcud şəkil alması təkcə kütləvi informasiya vasitələrindən asılı deyil. Bu mənada tələbələrin də üzərinə məsuliyyət düşür. Onlar daha çox təşkilatlanmalı və media ilə əlaqələrini gücləndirməyə çalışmalıdırlar».

 

Azərbaycan Tələbələr Birliyinin sədri Elnur Aslanov rəhbərlik etdiyi qurumun məhz bu zərurətdən irəli gələrək fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin iştirakçılara qurumun həyata keçirdiyi tədbirlər barədə də məlumat verib.

 

«Olaylar» qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunis Oğuz çıxışında tələbə problemlərinin KİV-lərdə işıqlandırılmasının vacibliyinə diqqəti yönəldərək bununla bağlı media orqanlarının üzərinə düşən vəzifələrdən söhbət açıb. O, rəhbərlik etdiyi KİV-lərdə məsələ ilə bağlı təşəbbüslərə geniş yer verməyə hazır olduğunu bildirib.

 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu BAMF-ın ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə aktiv əlaqədə olduğunu bildirib. O, təşkilatın müxtəlif vaxtlarda onların Azərbaycandakı qaçqın şəhərciklərinə səfərlərini təşkil etdiyi vurğulayıb: «Diqqətimi çəkən cəhət xarici ölkələrdən olan tələbələrin Azərbaycan həqiqətləri barədə tam məlumatsızlığı idi. Belə bir vəziyyətin formalaşması isə tələbələrdən asılıdır. Onlar təşəbbüs göstərməli, hətta müəyyən məqamlarda üzləşdikləri uğursuzluqlara görə ruhdan düşməməlidirlər».

 

Tədbirdə çıxış edən müxtəlif tələbə təşkilatlarının rəhbərləri KİV-lə münasibətlərində qarşıya çıxan çətinliklər və pozitiv məqamlar haqqında danışıblar.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?