Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin rəhbərlik etdiyi nümayəndə heyəti bugünlərdə Kosta-Rikadan rəsmi səfərdən qayıdıb.
Bu barədə Modern.az saytına danışan Hadı Rəcəbli bildirib ki, səfər bir çox tərəfi ilə xeyli əhəmiyyətli olub:
“Qanun yaradıcılığı prosesində dünya təcrübəsinin öyrənilməsi bizim üçün hər zaman vacib olub. Sosial durumu, keçid məsələləri ilə bağlı Azərbaycana uyğun dövlətlər var. Bunların içərisində bizi maraqlandıran bir neçə məsələlər var, məsələn, səhiyyənin idarə edilməsi və səhiyyə qanunvericiliyi. Bu mənada Kosta-Rikada çox maraqlı sistem var. Orada səhiyyənin bütün maliyyələşməsi sığorta sistemi vasitəsilə aparılır. Bizim Sosial Müdafiə Fonduna oxşar fond var, orada tibbi sığorta, sosial sığorta yığılır. Eyni zamanda, sahibkarlardan ailələr üçün 5% pul yığılır. Dövlət də buna müəyyən qədər əlavə vəsait verir və bunun hesabına səhiyyə maliyyələşir. Bu, maliyyələşmə sistemi baxımından bizim üçün yeni və maraqlı bir sistemdir. Digər tərəfdən, orada maraqlı olan məsələ ölkədə ərzaqların zənginləşdirilməsi sisteminin qurulmasıdır. Təbii ki, biz də dünya təcrübəsində maraqlı addımlar atmışıq. Məsələn, “Duzun yodlaşdırılması haqqında” qanun qəbul etmişik. Bu addım da çox önəmlidir. Baxmayaraq ki, parlamentdə layihə geniş müzakirələrə səbəb olaraq ağır keçdi. Burada vacib məqam var. Məsələn, bizim bir sıra bölgələrimizdə duzun tərkibində, ümumiyyətlə ərzaqda, yod yoxdur. Bunun nəticəsində dişlər tökülür, müxtəlif xəstəliklər-zob və s. əmələ gəlir. Atılan bu addım son nəticədə insanların sağlamlığının qorunmasına xidmət edir. Məsələn, biz duzun yodlaşdırılması ilə bağlı addım atanda Azərbaycanda postsovet dövrü ilə müqayisədə 17 dəfə zob xəstəliyi artmışdı. Duzun yodlaşdırılması ona gətirib çıxardı ki, Azərbaycanda bu xəstəliklər demək olar ki, dəfələrlə azaldı”.
Komitə rəhbəri deyir ki, bu gün Azərbaycanda animeya çatışmazlığı və digər xəstəliklər var ki, bu da genefondun zəifləməsinə gətirib çıxarır: “Çin kimi möhtəşəm dövlət insanların 7-8 santimetrə qədər boy artımına nail olub. Azərbaycanda bu gün çəkinin, boyun azalması prossesi gedir. Bu, cəmiyyətdə hiss olunur. Hərbiyə gedən uşaqların çəkisinin, boyunun azalması təkcə yoxsulluğun nəticəsində baş vermir. Ölkəmizdə yoxsulluq 9 faizə düşüb, bundan əvvəl isə 49 faiz idi.
Məhz bu səbəblərə görə, Kosta-Rikada ərzağın zənginləşdirilməsi deyilən sistem qurulub. Çox sevindirici haldır ki, sahibkarlar, dövlət və səhiyyə sistemi birləşib ərzağın zənginləşdirilməsi ilə məşğul olur. Onlar mütləq olaraq unun, düyünün, şəkərin, südün tərkibini zəngiləşdirirlər. Hər ərzağa çox az miqdarda bu və ya digər əlavələr edilir. Bu əlavələrin isə insan orqanizminə heç bir ziyanı yoxdur. Əgər insan orqanizmində “E” vitamini kifayət qədər varsa, əlavə verilməsinin heç bir ziyanı yoxdur. Amma elə insan var ki, onda “E” vitamini yoxdur, bunun ona verilməsi faydalıdır. Bu baxımdan öyrənilməli çox şey var”.
Bu təcrübənin Azərbaycanda tətbiqinə gəlincə, H.Rəcəbli bildirib ki, heç bir çətin məqam yoxdur: “Məsələn, unun vitamin tərkibinin zənginləşdirilməsi üçün 2 min dollarlıq bir qurğu qoymaq kifayətdir. Məsələnin həlli qanunla təsbit olunmalıdır. Necə ki, duzun yodlaşdırlmasını biz qanunla təsbit etmişik.
Bəzən bizə deyirlər ki, bu addımı kasıb ölkələr atır. Amma Çin bu dəqiqə dünyanın varlı dövlətlərindən biridir. Kanada, eləcə də dünyanın 135 dövləti. Onlar niyə ərzağını zənginşəldirir?
Bu gün bütün dünyada həm havada, həm ərzaqların keyfiyyətində vitamin çatışmazlığı, zəifləməsi var. Vaxtilə torpaq güclü idi, bitkilər həmin vitaminləri torpaqdan alırdı. Bu gün isə ərzağın zənginləşdirilməsinə ehtiyac var. Kosta-Rikada bu təcrübəni öyrəndik.
Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Bizdə uşaqların ana südü ilə qidalanması ilə bağlı qanun var. Amma orada yoxdur. Ancaq orada analar iki ilə qədər m?ddətdə uşaqlarını ana südü ilə qidalandırırlar, bu, artıq normaya çevrilib. Amma bizim qanunun olmasına baxmayaq orta hesabla 3-4 ay analar uşaqlarına süd verirlər. Bu, çox ciddi məsələdir. Biz bir daha əmin olduq ki, cəmiyyət, qanunvericilik, səhiyyə orqanları bu sahədə birgə daha ciddi işləməlidirlər”.
Komitə rəhbəri Kosta-Rika parlamentində olduqlarını da deyib:
“50 min kvadrat kilometr ərazisi və 4,5 milyon əhalisi olan ölkənin 51 nəfərdən ibarət parlamenti var. Parlamentin sədri 38 yaşında olan Xuan Karloz Mendoza Qarsıya ilə görüşdük. İlk dəfə olaraq Azərbaycan parlamenti ilə Kosta-Rika parlamenti arasında bu şəkildə əlaqə yarandı. Buna Azərbaycan və Kosta-Rika arasında əməkdaşlığın ilk addımları da demək olar. Onlar parlamentlərarası qrup yaradacaqlarını söylədilər, biz də bunu müsbət qarşılayaraq bildirdik ki, siz belə qrup yaratmaq istəsəniz, biz də bunu rəhbərliyə çatdırarıq.
Parlament əməkdaşlığı, səhiyyə, səhiyənin idarə olunması, səhiyyədə maliyyələşmə, sığorta sistemi, səhiyyədə ərzağın idarə olunmasının öyrənilməsi, turizmlə bağlı və beynəlxalq əməkdaşlıq məsələsi baxımından səfər çox əhəmiyyətli oldu”
Sədaqət SÜLEYMANOVA