Azərbaycanda oğlanlara 18, qızlara isə 17 yaşı tamam olduqdan sonra rəsmi nikaha girməyə icazə verildiyi halda, son illər erkən yaşda evlənənlərin sayı artıb. Bu zaman ailə qurmağa yaşı çatmayanlar arasında rəsmi nikah bağlanmır, yalnız dini kəbin kəsilir. Erkən nikahın ən çox yayıldığı bölgə isə cənub zonasıdır.
Həm rəsmi, həm də qeyri-rəsmi məlumatlarda erkən yaşda ailə quranlar arasında qızların üstünlük təşkil etdiyi bildirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən yaşda qızların kəbinini kəsən din xadimlərini qanunları pozmaqda ittiham edib. Komitənin araşdırmaları göstərib ki, 17 yaşına çatmamış qızların ərə verilməsi hallarına daha çox cənub rayonlarında rast gəlinir.
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da bir müddət nikah yaşına çatmayan qızların molla kəbinilə ərə verilməsinin qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət etmişdi. Millət vəkili həmin mollalar barəsində ölçü götürülməsini, onların ya cəzalandırılmasını, ya da fəaliyyətlərinə son qoyulmasını tələb etmişdi.
Modern.az-ın cənub bölgəsi üzrə müxbiri xəbər verir ki, xeyli vaxtdır Masallıda nikah yaşına çatmayan qızların kəbinini kəsən mollalara qarşı tədbirlər həyata keçirilir. Masallı rayon İcra Hakimiyyətindən müxbirimizə verilən məlumata görə, qanunları pozan din xadimlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən tədbirlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, yerli icra strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri də cəlb edilib. Belə tədbirlər nəticəsində 2009-cu il ərzində Masallıda 6 toyun qarşısını almaq mümkün olub. Bu, erkən yaşlı qızların ərə verilməsinə cəhd göstərilən 6 fakt deməkdir. 15-16 yaşında olan həmin qızlara dini kəbin kəsmək istəyən mollalar inzibati qaydada cəzalandırılıb. Həmin din xadimləri barəsində Qafqaz Müsəlmanları İdarəsinə də məlumat verilib.
Qeyri-hökumət təşkilatlarının hesabatları göstərir ki, erkən yaşda molla kəbini ilə ailə qurmağa məcbur edilən qızların böyük əksəriyyəti sonradan boşanır.
Qeyd edək ki, YUNİCEF-in Azərbaycan nümayəndəliyinin dekabrın 4-də yaydığı bəyanatda erkən nikah insan hüquqlarının pozulması kimi qiymətləndirilib və Azərbaycan hökuməti bununla bağlı profilaktik və qanunvericilik tədbirlərinin həyata keçirilməsinə çağırılıb.
Adəm Qorxmaz