Modern.az

Əsirlikdən qayıdan 150 azərbaycanlı vəfat edib

Əsirlikdən qayıdan 150 azərbaycanlı vəfat edib

Ölkə

9 Dekabr 2009, 22:30

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi (İB) 10 dekabr- İnsan Hüquqları Günü ilə bağlı müraciət qəbul edib.
Modern.az xəbər verir ki, müraciətdə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin 1948-ci il dekabrın 10-da ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan, geniş əhatə dairəsi üçün nəzərdə tutulmuş insan hüquqlarını müəyyən edən bir sənəd – İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul etdiyi vurğulanıb.
”İrqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət və bərabərliyini təmin edən bu Bəyannamənin qəbul olunmasının 61-ci ildönümündə Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan artıq soydaşımız hüquqları pozulmuş halda, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin beşinci maddəsinə zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani, alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1400 nəfər Azərbaycan vətəndaşı mənəvi-psixoloji gərginlik şəraitində yaşayır. Onlardan 169-u uşaq (65-i azyaşlı qız), 289-u qocadır (112-i yaşlı qadın). 150 nəfər (40-ı qadın) qayıtdıqdan sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyib dünyasını dəyişib, 550 nəfər əsir və girovluqda qəddarcasına qətlə yetirilib. Onları 104-ü qadındır”.
Müraciətdə deyilir ki, dünyada bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəklənməsinə, BMT-nin Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, hələ də bir nəticə yoxdur.
İctimai birlik beynəlxalq təşkilatları Ermənistandan əsir və girovlarımızın qaytarılmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini tələb etməyə və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müddəalarını kobudcasına pozduğuna görə işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmasına çağırıb.
Müraciət BMT-yə, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı