Son iki ay yarım ərzində Bakı şəhərində 70-ə qədər dönərxana yoxlanılıb. Yoxlama nəticəsində 70 fiziki şəxs inzibati qaydada cərimələnib və 32 dönər satışı obyektinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunub. Modern.az bu berədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (RGEM) istinadən xəbər verir. Mərkəzdən verilən məlumata görə, ümumilikdə 2009-cu il ərzində 700-dən yuxarı dönər istehsalçısı RGEM tərəfindən inzibati
qaydada cərimələnib və onların 60-dan çoxunun fəaliyyətinin
dayandırılması barədə qərar verilib. Bu cərimələrin miqdarı
50 manatdan 200 manata qədərdir. Rayon GEM-ləri
tərəfindən dönər sahələri 50-100, Respublika GEM-nin
apardığı tədqiqatlar nəticəsində 100-200 manat məbləğində
cərimə tətbiq olunur. Yoxlamalar zamanı dönərxanalarda ətin mənşəyi, keyfiyyəti, sanitar-gigiyenik qaydaların gözlənilməsi ilə bağlı çoxlu nöqsanlar aşkarlanıb.
Mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin sözlərinə görə, toyuq ətinin infeksiyalaşmaq, xüsusən salmonellyoz xəstəliyinə səbəb olmaq ehtimalının yüksək olduğunu, eləcə də "quş qripi" virusu təhlükəsinin hələ tam sovuşmadığını nəzərə alınaraq, toyuq dönərinin satışı qadağan edilib. Amma Bakının müxtəlif yerlərində hələ də
belə dönərlərin satışı hallarına rast gəlinir. Aşkarlanan ciddi problemlərdən biri də odur ki, dönər hazırlamaq üçün istifadə edilən ətin mənşəyi barədə dönərxana sahiblərində heç bir sənədin olmamasıdır. Qanunvericiliyə əsasən isə dönərxanalarda istifadə
edilən ətin sağlamlığı haqqında baytarlıq nəzarəti xidməti tərəfindən verilmiş baytarlıq şəhadətnaməsi və ətin haradan alınması barədə müvafiq sənəd olmalıdır. Bundan başqa, dönər hazırlanması üçün istifadə edilən ət təhlükəsizlik göstəricilərinə görə normalara cavab verməlidir. Lakin araşdırmalar nəticəsində
məlum oldu ki, müəssisə sahiblərində dönər hazırlanan ətin mənşəyi, haradan alınması, hansı heyvanın əti olması ilə bağlı heç
bir sənəd yoxdur. “Bunun nəticəsidir ki, bəzən dönər sahələrində
müxtəlif heyvanların ətindən istifadə edirlər. Belə narahatedici faktlarla bağlı bizə hüquq mühafizə orqanlarından da məlumatlar
daxil olub”-deyə İ.Abdullayev bildirib.
Gigiyena və Epidemiologiya Mərkəzinin yoxlamaları zamanı dönərxanalarda sanitar-texniki, gigiyenik vəziyyətin də qənaətbəxş olmadığı müəyyənləşib. Məlum olub ki, dönər hazırlanması üçün
istifadə edilən alətlər təmizlənmir, bəzi dönər satışı sahələrində
isti su, hətta axar soyuq su, dönərin ətini saxlamaq
üçün soyuducu belə yoxdur. Bu cür şəraitsiz, antisanitar
vəziyyətdə isə ətin emalı, dönərin hazırlanması zamanı bakterioloji çirklənmə halları baş verir. Bundan başqa o da məlum olub ki, dönərxanalarda çalışan işçilərin əksəriyyəti şəxsi gigiyena qaydalarına riayət etmirlər, tibbi müayinələrdən vaxtında keçmirlər, hətta xalat belə
geyinmirlər. İ.Abdullayev az sayda dönər satışı sahələrində
ümumi gigiyenik tələblərə riayət edildiyini bildirb.
“Ölkəmizdə dönər hazırlanarkən lazımi qaydalara əksər
hallarda riayət edilmir. Ona görə də mən dönər yeməyi məqsədəuyğun hesab etmirəm”-deyə şöbə müdiri bildirib.
RGEM-də hesab edirlər ki, cərimələnmələr o qədər də effekt
vermir. Çünki müəyyən edilmiş cərimənin miqdarı çox aşağıdır və onun ödənilməsi dönər satışı obyektlərinin rəhbərləri üçün ciddi problem sayılmır. Onlar cəriməni ödəyir və yenidən eyni qaydada
fəaliyyətlərini davam etdirirlər. Buna görə də RGEM rəsmiləri cərimələrin məbləğinin artırılmasını təklif edirlər.
2010-cu ildə dönərxanalar yenidən yoxlanılacaq və işindəki nöqsanları aradan qaldırmayan dönərxanaların fəaliyyəti dayandırılacaq.
Adəm Qorxmaz