ABŞ-ın ölkəmizdəki səfirliyinin demokratiya komissiyası Azərbaycanda həyata keçirdiyi davamlı proqramın bir hissəsi olaraq demokratik dəyərlərin gücləndirilməsinə dəstək məqsədi ilə kiçik qrant layihələrinin qəbulunu elan edib. Modern.az-ın məlumatına görə, bu barədə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson jurnalistlərə müsahibəsində bildirib. Diplomat qeyd edib ki, səfirlik tərəfindən bu cür kiçik qrantlar 1996-cı ildən Azərbaycandakı qeyri-hökumət təşkilatlarına, qeyri-gəlirli assosiasiya, icma qrupları və yerli müstəqil mətbuat orqanlarına verilir.
Ümumi məbləği 300 min dollar olan proqramda ayrı-ayrılıqda dəyəri 24 min dollardan çox olmayan 15-20 layihə iştirak edə bilər. Kiçik qrant layihələri ilə bağlı təkliflər dekabrın 30-dək qəbul olunacaq. T.Devidson bildirib ki, ABŞ özünün ən yaxın müttəfiqlərindən biri kimi Azərbaycanda demokratiyanın inkişafına hər zaman yardım etməyə hazırdır.
Müsabiqə peşəkar medianın inkişafı, vətəndaş məsuliyyətinin gücləndirilməsi və demokratik dəyərlərin təbliği, ətraf mühitin qorunmasında kollektiv məsuliyyətin inkişafı, insan hüquqlarının monitorinqi və s. sahələri əhatə edir.