2009-cu ilin noyabr ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Modern.az-a bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Noyabrda da köhnə yaşayış evlərinin sökülməsi zəif olub, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib.
Noyabrda bazara təklif olunan ümumi 821,1 ha torpaq sahəsinin 76,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında qiymət indeksi 6.2 bənd azalaraq 275.6 səviyyəsində qərarlaşıb.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası noyabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0.8% artaraq 244 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.
Ötən aylarda olduğu kimi, noyabrda da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2.2% azalaraq 16341 dollar səviyyəsindən 15982 dollar səviyyəsinə enib. Ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınıb. Bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır.
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel, qiymətlərin də azalmasına səbəb olub. Oktyabrdan fərqli olaraq noyabrda I zona üzrə qiymət azalması nisbətən zəif tendensiya ilə davam edib. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını saxlayır.
III və IV zonalarda torpaq sahələrinin mülkiyyət hüquqlarına dair sənədlərində problemlərin hələ də qalması bu zonalar üzrə qiymət azalmasına təsir göstərir. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Ən çox qiymət azalması Nizami (-5.4%) rayonunda qeydə alınıb. Oktyabrda olduğu kimi noyabrda da heç bir rayonda torpağın qiymətində artım qeydə alınmayıb.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Sabunçu rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (H.Əliyev (keçmiş İnqilab) küçəsi) rayonunda (150000 min $/sot), ən ucuz torpaq sahəsi isə Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda (400 $/sot) qeydə alınıb.