İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən “Sədərək” ticarət mərkəzində aparılan monitorinqlər zamanı mənşəyi bəlli olmayan 6956 ədəd uşaq oyuncağı satışdan çıxarılıb.
Modern.az adıçəkilən nazirliyə istinadən xəbər verir ki, satışdan çıxarılmış oyuncaqların üzərində istehsalçının adı, ünvanı, standartın (normativ sənədin) işarəsi, istifadə qaydaları barədə məlumatlar göstərilmədiyindən onların məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən qərar qəbul edilib. Qeyd edilən uşaq oyuncaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilib.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara diqqətli olmağı, uşaqlar üçün oyuncaq alarkən onun üzərində istehsalçı, eləcə də oyuncaqlardan istifadə qaydaları barədə məlumatların olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyə edir.