Modern.az

Qaçqın və köçkünlər Heydər Əliyevi ehtiramla yad edirlər

Qaçqın və  köçkünlər Heydər Əliyevi ehtiramla yad edirlər

Ölkə

12 Dekabr 2009, 11:20

Mərhum Prezident Heydər Əliyevin dünyasını dəyişməsinin altıncı ili tamam olur. Qarabağ bölgəsindən deputat seçilən Həvva Məmmədova Modern.az-a deyib ki, qaçqın və məcburi köçkünlər görkəmli dövlət xadimini böyük ehtiramla xatırlayırlar. Çünki Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi ilk vaxtlardan qaçqın-köçkün məsələsinə daim bir nömrəli problem kimi yanaşıb, doğma yurd-yuvalarından didərgin düşən insanlara dəstək olub. H.Məmmədova mərhum dövlət başçısının “...işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, qaçqın və köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” sözlərini xatırladıb.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyevin doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitini yaxşılaşdırmaq istiqamətində gördüyü işlər işğal bölgəsinin sakinləri tərəfindən minnətdarlıq hissi ilə yada salınır: “Mən Qarabağ bölgəsinin deputatı kimi daim qaçqın-köçkünlərlə təmasda oluram və bunu həmişə onların dilindən eşidirəm. Ulu öndər doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinə həmişə həssaslıqla yanaşır, bu istiqamətdə ardıcıl tədbirlər görməyə çalışırdı”. Millət vəkili deyir ki, bir milyonadək qaçqın və məcburi köçkünün bütün qayğıları, problemləri Heydər Əliyevin gündəlik probleminə çevrilmişdi. “Bu bir həqiqət idi ki, Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləriylə keçirdiyi 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən çox görüşlərində, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırmışdı. Məhz onun diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əks mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı, münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar qəbul edildi”-deyə H.Məmmədova bildirib.

Millət vəkili deyir ki, 1998-ci ildə mərhum dövlət başçısının  sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, 1999-cu ildə onun fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun təşkili işğal bölgəsinin insanlarına göstərilən qayğıdan xəbər verir: “Qaçqın və məcbiri köçkünlərin sosial problemləri Heydər Əliyevi daim narahat edirdi. O, dəfələrlə çadır şəhərciklərində olub, həmin yerlərdə yaşayan soydaşlarımızın şəraiti ilə yaxından maraqlanırdı. Çıxışlarının birində ulu öndər demişdi ki, bu insanların məskunlaşdıqları yerlərin yağşılaşdırılması, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edilməlidir. Heydər Əliyev ölkədə ən ağır yaşayış şəraiti olan çadır şəhərciklərinin ləğvi üçün dövlət səviyyəsində işlər gördü, yeni qəsəbələrin salınması barədə sərəncamlar verdi”.

Həvva Məmədovanın sözlərinə görə, mərhum dövlət başçısının qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir, onların yaşayış şəraiti, məşğulluğu getdikcə yaxşılaşdırılır: “Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasət onu deməyə əsas verir ki, yaxın gələcəkdə torpaqlarımız işğaldan azad ediləcək və doğma yurdlarından didərgin düşmüş insanlar öz yerlərinə qayıdacaqlar”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?