Yeni il bayramının yaxınlaşması ilə əlaqədar Bakıda Şaxta baba olmaq istəyənlərin sayı da artıb. Söhbət park və bağlarda Şaxta baba kimi ödənişli fəaliyyət göstərmək istəyənlərdən gedir. Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat katibi Əliabbas Bağırov Modern.az-a bildirib ki, indiyədək onlara 50-ə yaxın fiziki şəxs Şaxta baba fəaliyyəti üçün müraciət edib: “Bu ayın 20-dən etibarən Şaxta babaların fəaliyyətinə rəsmən icazə veriləcək. Hələlik müraciətlərə baxılır və onların hamısının müsbət cavablandırılacağını demək olmaz”. Ə.Bağırov deyib ki, Şaxta babalar 2009-cu dekabrın 20-dən 2010-cu il yanvarın 13-dək fəaliyyət göstərə biləcəklər. Bunun üçün onların hər biri 60 manat rüsum ödəyəcəklər.