Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Corat qəsəbə sakinləri S.Əliyev və N.Mehdiyevanın evinin arxasındakı meyvə ağaclarının qırılması və ərazidən külli miqdarda qum daşınması ilə əlaqədar daxil olmuş şikayət məktubu qurumun Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb. Məlumat Modern.az-a nazirliyin mətbuat xidmətindən verilib.
Araşdırma zamanı S.Əliyev tərəfindən 640 m3, N.Mehdiyeva tərəfindən isə 74,8 m3 qumun onlara məxsus olan ərazidən heç bir hüquqi sənəd olmadan daşınmasını təşkil etmələri faktı üzə çıxıb.
Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş, İnzibati Xətalar Məcəlləsinin 35.2, 113.1.1 maddələrini pozduqlarına görə fiziki şəxs qismində S.Əliyev və N.Mehdiyeva hər biri 600 manat məbləğində cərimə ediliblər.
Eyni zamanda təbiətə dəymiş ziyana görə S.Əliyevə qarşı 3520 manat, N.Mehdiyevaya qarşı isə 411 manat məbləğində iddia qaldırılıb.