Elçin Mirzəbəyli
...Hər şey gözəldir. Bir-birinə və torpağa zorla pərçimlənmiş zövqsüz binalar da, sıxılmış mərmər tozundan hazırlanmış, dövlət büdcəsinə "mərmər" adına sırınan köbələr (bardürlər - E.M.) də, ildə yüz yol qazılmaqdan bezar olmuş səkilər də, yamaqlı yollar da, tıxaclarda itirilən zamana siqnal səslərilə dəm tutan avtomobillər də, şəhərin çarəsiz sakinlərinin başına ələnən toz dumanı da... gözəldir.
Sən isə bu gözəlliyi görmək istəmirsən... Qara eynək arxasından baxırsan dünyaya. Çıxar eynəyini, sürreal təfəkkürün ən son tapıntısı olan bu gözəl, yaraşıqlı, yöndəmsiz binalara, klassik gözəllərin ağ buxaqlarını, yanaqlarını, klassik şairlərin qəzəllərini bəzəyən xalların yol örtüklərinə poetik bir obraz verən "yamaq" adlı avanqard görüntülərinə bax. Və zövq al.
Aç gözlərini! Tıxasclarda vaxt itirdiklərini iddia etdiyin avtomobil sürücülərinin davranışlarına nəzər sal. Bu tıxaclar onlar üçün gündəlik qayğılardan, gərgin iş qrafikindən ayrılıb, mobil telefon vasitəsilə doğmalarıyla, dostlarıyla ünsiyyətdə olmaq üçün göydəndüşmə bir fürsətdir. Yaxın günlərdə şahidi olduğun hadisəni yəqin ki, unutmamısan: Tıxacda bir saatdan artıq gözləyən iki avtomobilin sürücüsü pəncərəni açıb söyüşməyə başladılar. Emosiyalar yüksəldikdə söyüşlərin pəncərə vasitəsilə gün işığına çıxması azlıq elədi. Avtomobildən endilər və üz-üzə, göz-gözə dayanaraq folklorumuzun ən metoforik nümunələrindən istifadə etməklə söyüşdülər. Birdən sürücülərdən bir söyüş yağmuruna ara verib soruşdu: "Ə, sən Mamed deyilsən". Digər sürücü də susub diqqətlə qarşısındakı adamın üzünə baxdı: "...Hadir! Qardaş! İndi tanıdım səni". Beləliklə, 20 ildir bir-birilə görüşməyən uşaqlıq dostları yenidən qovuşdular...
...Bakı şəhərindəki tıxaclara görə bu sahəyə cavabdeh olan vəzifəli şəxsləri qınamaq ədalətsizlikdi. Adamlar daha qlobal, daha modern düşünürlər. Bakı tıxacları əsil milli sosial şəbəkədi. Həm də facebookdan fərqli olaraq, canlıdı, virtual deyil...
Deyingən qocalar kimi dodağın altında mırıldanmaq əvəzinə bu yeni tapıntı haqqında bütün dünyaya car çək:
"Yaşasın canlı taxacbook, rədd olsun virtual facebook!"
...Yol boyu özünü qınayırdı. Bu yaxınlarda iştirak etdiyi tədbirdən sonra əhvalı qarışmışdı. Çünki həmin tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri - məktəb direktorları, idarə rəisləri bir ağızdan onu və həmkarlarını qınamışdılar. "Gözəllikləri görmürsünüz", - demişdilər. Məsləhət görmüşdülər ki, yollardan, körpülərdən, keçidlərdən, binalara vurulan üz örtüklərindən... yazsınlar. O da öz növbəsində deyilənlərdən nəticə çıxarmağa başlamışdı. Hə karə idi ki, intellekt, zövq, elm və istedad təcəssümü olan bu adamların tənqidlərinə biganə qalsın?!
İndi əvvəllər nöqsan kimi gördüklərinə yenilik axtarışı kimi yanaşırdı. Daha şəhərin üzərinə "Müvəqqəti narahatlığa görə üzr istəyirik" yazılmış populyar lövhələri onu qıcıqlandırmırdı. Əksinə bu lövhələrə baxdıqca qürur duyurdu. Bu lövhələrə zadəgan əxlaqının bir nümunəsi kimi yanaşırdı...
Tənqiddən nəticə çıxarmışdı... Hər şeyi və hər kəsi gözəl görürdü. Hətta Hacıbala Abutalıbovu da...