Modern.az

Amerika Azərbaycanlıları Şurası bəyanat verib

Amerika Azərbaycanlıları Şurası bəyanat verib

Ölkə

17 Dekabr 2009, 13:04

Amerika Azərbaycanlıları Şurası (AAŞ) ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayırmasına öz kəskin etirazını bildirib. Modern.az-ın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

 

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, ABŞ Konqresinin bu qərarı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Məktubda kəskin iqtisadi böhranın davam etdiyi, işsizliyin miqyasının sürətlə artdığı bir vaxtda amerikalı konqresmenlərin bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salmış, etnik təmizləmə siyasəti aparmış rejimə maliyyə yardımı ayırmasından ciddi narahatlıq ifadə olunur. Şura hesab edir ki, ABŞ Konqresinin bu qərarı ölkənin Azərbaycan və Cənubi Qafqazdakı mövqelərinə də zərbə vurmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə də xələl gətirir. Bəyanatda o da vurğulanır ki, bunlar azmış kimi ABŞ-ın qanunverici orqanı hərbi yardımda Azərbaycanla Ermənistan arasında paritetin saxlanılmasına da qərar verib, halbuki bu, ölkənin xarici siyasət kursuna ziddir. AAŞ xatırladır ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olaraq qalır, dünyanın müxtəlif yerlərində aparılan sülhməramlı əməliyyatlara öz dəstəyini verir. Bəyanatın sonunda Amerika azərbaycanlıları ABŞ konqresmenlərinə müraciət edərək, onları balanslaşdırılmış mövqe tutmağa, etnik lobbilərin təsiri altında Azərbaycana qarşı ədalətsiz münasibətə son qoymağa çağırıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?