Modern.az

Bakıda ilk dəfə “Uşaq himni” səsləndirildi (fotolar)

Bakıda ilk dəfə “Uşaq himni” səsləndirildi (fotolar)

Ölkə

17 Dekabr 2009, 14:35

Dekabrın 17-də Heydər Əliyev Fondu, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Nur” Uşaq və Gənclərin İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaqların I Forumu öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, Azərbaycanın 56 rayon və şəhərindən nümayəndə seçilmiş 250 uşaq öz arzu, təklif və təşəbbüsləri ilə foruma qatılıb. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təbrik məktubu oxunub. Baş nazirin müavini Elçin Əfəndiyev də iştirakçıları təbrik edərək, bu forumun ölkə həyatında önəmli hadisə olduğunu bildirib. O, qeyd edib ki, cari ildə uşaqlarla bağlı 30-dan artıq Dövlət Proqramı həyata keçirilib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycan parlamentində uşaqlarla bağlı 70-ə dək qanun qəbul edib, 15-dən çox konvensiya ratifikasiya olunub və s. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaqlarla bağlı layihələr gələn il də davam etdiriləcək: “Bu gün biz böyük uşaq dünyasını bir yerə toplamışıq. Forumu təşkil etməkdə bizim məqsədimiz uşaqların sərbəst, müstəqil şəkildə böyüməsi və cəmiyyətdə onların layiqli yer tutmasıdır. İnanıram ki, bura toplaşan uşaqlar istedadlı, bilikli və bacarıqlıdırlar”.

Komitə sədri hazırda uşaqlar üçün məlumat bazasının toplandığını qeyd edib: “Bu il uşaqlarla bağlı rayonlarda böyük işlər görüb. Həmçinin Milli Məclisdə Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Nəzərdə tutmuşuq ki, bir neçə tövsiyə hazırlanıb Prezidentə  təqdim edilsin. Uşaqlarla bağlı məlumat bazasından hər bir şəxs istifadə edə biləcək. “Uşaq ili” yekunlaşır, ancaq uşaq problemlər qurtarmır. Biz gələn ildə də bu işləri davam etdirəcəyik ki, uşaqlarımız xoşbəxt və firavan yaşasınlar”. “Nur” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova da uşaqlara öz arzu və tövsiyyələrini bildirib. 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov da uşaqları təbrik edib: “Mənə elə gəlir ki, bu gün uşaqların ən böyük bayramıdır. Xüsusilə onu vurğulamaq istəyirəm ki, bu tədbirin həyata keçirilməsində Heydər Əliyev Fondu fəal iştirak edib. Heydər Əliyev Fondu uşaqların normal həyat tərzi ilə təmin olunması, onların cəmiyyətdə aktiv mövqe nümayiş etdirməsi üçün bu il bir sıra layihələr həyata keçirib. Uşaqların burada iştirakı onların gələcək planlarının qurulması və dünyagörüşlərinin artmasında böyük rol oynayacaq. Uşaqlar burada qərar qəbul edəcəklər və çalışacaqlar ki, gələcəkdə onları reallaşdırsınlar”.

Millət vəkili Qənirə Paşayeva 2010-cu ildə bir sıra layihələrin həyata keçiriləcəyini vurğulayıb: “Heydər Əliyev Fondu tərəfindən uşaqlara yüksək şəkildə qayğı göstərilir, məcburi köçkün uşaqlarına yardım edilir və onlara dəstək layihələri həyata keçirilir. Bunun nəticəsində bu gün uşaq evləri və internat məktəblərinin mənzərəsi tamamilə dəyişib. Uşaqlar demək olar ki, çox yüksək səviyyədə həm şərait, həm də qayğı ilə əhatə olunublar. Yüzlərlə xəstə uşaq öz sağlamlığına qovuşub. Bu cür tədbir və forumların keçirilməsi çox önəmlidir. Gələcəkdə də çoxlu sayda layihələr nəzərdə tutulub. Çünki Mehriban xanım Əliyevanın əsas prioritetlərindən biri uşaqların sağlam gələcəyi və vətənpərvər böyüməsidir. Gələcəyimiz olan uşaqların öz milli dəyərlərimizə sahib çıxması üçün onların sağlam gələcəyi hər zaman diqqətdədir”.

 

Tədbirdə Azərbaycan Uşaqlarının I Forumunun iştirakçıları adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Qayğıkeş ürək” mükafatının təqdimatı olub.

Foruma qatılan uşaqlar “Qarabağ şikəstəsi” ifa ediblər və ilk dəfə “Uşaq himni”ni səsləndiriblər. Tədbirdə iştirakçılar birgə xatirə şəkli çəkdirərək imzaları ilə “Tarix” panosu yaradıblar.

Qeyd edək ki, forum günün ikinci yarısında davam etdiriləcək. Bu zaman iştirakçı uşaqlar 8 işçi qrupunda- “Müdafiəyə və xüsusi qayğıya ehtiyacı olan uşaqlar”, “Uşaqların təhsili”, “Uşaqların asudə vaxtının təşkili və idman”, “Uşaqların iştirakı və təşkilatları”, “Sağlam həyat tərzi və ekologiya”, “Uşaqlar və İKT”, “Uşaqlar və vətənpərvərlik”, “Uşaqlar və milli-mənəvi-mədəni dəyərlər” mövzusunda müzakirələr aparacaqlar. Hər işçi qrupunda nazir müavini səviyyəsində ekspert iştirak edəcək. Günün sonunda isə forumun yekun Bəyannaməsinin qəbulu nəzərdə tutulur. Sabah forumun bağlanışı olacaq.

  

Günay MUSAYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?