Mən teatrlarımızda aktyorlarla rəhbərlik, həmçinin baş rejissorlar arasında böyük uçurumun olduğunu yazanda çoxları həmin yazıların altındakı şərh bölməsində ayrı-ayrı adlarla «Daşqalaq kampaniyası» keçirirdilər. Bir də görürdün ki, valideyninin ona verdiyi gözəl-göyçək Əli, Vəli, Məmməd adından imtina edən biri eyni gözəllikdə olan «Fatmanisə», «Gülbadam» adıyla nələr yazmır… Yəqin ki, bu yerdə cəsarət mühazirəsi oxumağın yeri yoxdur. Səbəbi də məlumdur.
Əksər yazılarımda olduğu kimi, burda da bir haşiyə çıxım ki, Gənc Tamaşaçılar Teatrında yazdıqlarımdan sonra bəzi saytlar sözügedən teatrın baş rejissoru Cənnət Səlimovaya dəstək nümayiş etdirdilər. Əla. Yıxılanı qaldırmaq çox gözəldir. Elə əl tutmaq «əl tutmaq Əlidən qalıb» misalı da bizə aiddir. Amma əgər sənin qaldırdığın biri ayağa duran kimi gözlərinin içinə baxaraq «Mən böyük erməni xalqı qarşısında baş əyirəm» deyəcksə….
İndi də ölkənin əsas teatrı hesab olunan «Azdrama»da təxminən eyni vəziyyət yaşanır. Amma burdakı qalmaqalın tərəfləri rejissor-aktyor cütlüyündən ibarət deyil. Yəni teatrın rəhbəri İsrafil İsrafilov Чalq artisti Rafael Dadaşov və tanınmış aktyor Tofiq Hüseynova xəbərdarlıq edib. Amma ortada ayrı-ayrı səbəblər var. Məlumat üçün deyim ki, Tofiq Hüseynov məsələni lazımınca önəmsəməsə də, Rafael Dadaşovun reaksiyası sərt olub. Məsələ burasındadır ki, Dadaşovun direktor tərəfindən xəbərdarlıq almasının səbəbi işə gecikməsidir.Aktyor açıqlamasında bu xəbərdarlığın haqsız olduğunu deyib. Onun sözlərinə görə, xəbərdarlığın səbəbi həqiqətən də məşqə gecikməyi olub. Amma bu da obyektiv və ondan asılı olmayan səbəblərdən baş verib:
«Birincisi, məşq olmağından xəbərim yox idi. Cədvəli vaxtında asmamışdılar. Mənə deyəndə isə özümü məşqə çatdırdım. Təbii ki, 10-15 dəqiqə gecikdim. İçəri girib üzr də istədim. Amma buna görə Чalq artistinə xəbərdarlıq edərlər? Heç direktor məndən soruşmadı, yanına çağırmadı ki, gəl izahat ver, niyə məşqə gecikmisən? Bunları ayırd etmədən xəbərdarlıq yazıb. Bəlkə yolda başıma bir qəza gəlib? Bir də dünya dağılmayıb ki?”
R. Dadaşov bunun haqsızlıq olduğunu düşünür və hesab edir ki, düzgün metod deyil: «Bunu böyük bir haqsızlıq hesab edirəm. Bu, nə doğru metoddur, nə də gəncləri tərbiyələndirməyin bir vasitəsi. Aktyoru nüfuzdan, gözdən salmaq və təhqir etməkdir. Xalq artistlərini bu cür incitmək olmaz. Dünənki uşaqlara o cür xəbərdarlıq verin onları tərbiyələndirsin, bizi yox. Bizim nəslin aktyorlarına birinci sinfin şagirdləri kimi qulaqburması vermək qətiyyən düzgün deyil. Biz 35-40 ildir, teatr qanunu ilə işləmişik. Onu bura direktor qoyublar ki, bizə xəbərdarlıq yazsın? Özü kefi istəyəndə teatra gəlir, istəməyəndə gəlmir. Onda gərək özünə nə qədər xəbərdarlıqlar yazsın. Həm xəbərdarlıq yazmaqla nə demək istəyir? Bizi işdən çıxardacaq? Bax, bunu görməyəcək».
Aktyor onu da vurğulayıb ki, məhz bununla əlaqədar teatrın direktoru ilə arasında mübahisə yaranıb və hələ də davam edir. Onun mətbuat konfransı keçirmək istəyinin səbəblərindən biri də elə budur. Digər səbəbləri xalq artisti açıqlamaq istəməyib.
Digər aktyor Tofiq Hüseynov da ona olunan xəbərdarlığı etiraf edib: «Bəli, mənə xəbərdarlıq edilib. Təxminən 15-20 gün olar. Amma bu, mənim üçün faciə deyil. Adi və normal haldır».
O bildirib ki, xəbərdarlıq almasına səbəb “Qanlı Nigar” tamaşasındakı çıxışı zamanı əsərdən kənar bir cümlə işlətməsi olub. Cümlə belə olub - “Əlli dollar sənə yaraşmır, 30 dollar vermək də mənə”. Aktyorun sözlərinə görə, bundan sonra improvizə hallarına yer verməyəcək: “Bu, çox xırda şeydir. Xəbərdarlıq o deməkdir ki, bunu daha etmə. Xəbərdarlıq töhmət demək deyil ki. Direktorun da işi ondan ibarətdir”.
Deməli, vəziyyət aydındır. O boyda Xalq artisti teatra 15 dəqiqə gecikdiyinə görə, gör nə fısqırıq qopub? Qırx ilin aktyoru səhnədə hansı səhvə yol verib ki, xəbərdarlıq alıb? Qəribədir…
Deyəsən teatrlara baş rejissor, direktor təyin olunanlar özlərini müəllim, aktyorları isə birinci sinif şagirdi hesab edirlər. Görəsən, İsrafil İsrafilov özü sonuncu dəfə işə nə vaxt vaxtında gəlib? Mənə qaranlıqdır bu məqam. Yaxşısını özü bilir.
Dostlar, mən bütün bunları yazmaqla Amerika kəşf eləmək niyyətində deyiləm. Nə də mənimçün yazmağa mövzu qıtlığı yoxdur. Sadəcə, narahatlıq doğuran odur ki, son illər teatrlarımızda belə vəziyyət hökm sürür. Rəhbər ağadır, aktyor isə…
Axı niyə? Görəsən, bu rəhbərlər həmin teatra təyin olunana qədər onları bir tamaşaçı tanıyırdımı? Guya indi tanıya-tanıya qalıb. Fikrimcə, istənilən teatrın əsas simalarını belə «sındırmaq» olmaz. Mən də razıyam ki, işə vaxtında gəlmək lazımdır. Amma bu məsələni mətbuat səhifələrinə çıxarmaq sadəcə ayıbdır.
Onsuz da bütün dövrlərdə aktyorlar kasıb zümrə olaraq «sürünüblər». Buna rəğmən sınmayıblar, sənəti yaşadıblar, soyuq, uçuq teatrlarda yorğana bürünərək məşqlər ediblər, 39 dərəcə qızdırmada tamaşalar oynayıblar. Bəs teatr rəhbərləri?