Modern.az saytı xəbər verir ki, bu gün Avropa otelində “Reproduktologiyada genetik aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib. «Sağlam ailə» Tibb Mərkəzi və «Birliyə doğru» Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşkilati dəstəyilə reallaşan tədbirin əsas mövzusu sonsuzluğun genetik səbəbləri, prenatal diaqnostikanın (hamiləlik zamanı dölün müayinəsi) həlli yolları, habelə hestozlar (normal gedişli hamiləlikdə baş verən ağırlaşmalar) və digər problemlər haqda olub.
Konfransda Moskva vilayət mamalıq və ginekologiya Elmi-Tədqiqat İnstitutunun 1 saylı Mamalıq Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Vasili Petruxin, “Roszdrav” Rusiya Dövlət Tibb Universitetinin urologiya kafedrasının professoru, tibb elmləri doktoru Səfər Həmidov, Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Elmi Mərkəzinin Genetika şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Vladimir Baxarev, Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Elmi Mərkəzinin Hamiləliyin pozulması şöbəsinin aparıcı elmi işçisi, tibb elmləri doktoru Zülfiyyə Saqdullayeva Moskva Dövlət Tibb və Stomotoloya Universitetinin kliniki genetika kafedrasının müdiri, mama-ginekoloq, professor Larisa Akulenko və digər alimlər çıxış ediblər. Konfransda kişilərdə sonsuzluğunun kliniki və genetik aspektləri» və «Kişilərdə sonsuzluğun müalicəsinə differensial və patogenetik yanaşma, sonsuzluğun əsas səbəbləri, kliniki və genetik aspektləri, müxtəlif faktorların kişi orqanizminə mənfi təsiri ətrafında müzakirələr aparılıb.
Qonaqlar öz məruzələrində anadangəlmə və irsi xəstəliklərin diaqnostikası və profilaktikasının tədqiqat üsullarının müasir imkanlarından, prenatal və preimplantasiya diaqnostikasının müasir aspektləri, genetika və reproduktiv texnologiyalara aid məsələlər, qadın sonsuzluğunun genetik aspektləri, qadın reproduktiv orqanlarında irsi xərçəngin profilaktikasının strategiyası və taktikası, söz açıldı.
«Sağlam Ailə» Özəl Tibb Mərkəzinin baş direktoru Vüqar Eyvazov rəhbərlik etdiyi qurumun cari ildə qazandığı nailiyyətlər, həmçinin reallaşması yaxın gələcəyə planlaşdırılan yeni layihələr haqda danışıb. Həmçinin, konfrans iştirakçılarına laborator diaqnostikada mərkəzin siyasəti və strategiyası haqda da məlumat verilib.