Adətən hər ilin sonunda astroloqlar fəallaşırlar. Onların yola salınan və gələn illə bağlı proqnozları cəmiyyətdə də maraq doğurur. Azərbaycanda tanınmış asrtoloqlar azdır. Onlardan biri Səbuhi Rəhimli 2009-cu illə bağlı verdiyi proqnozların əksəriyyətinin özünü doğrultduğunu bildirib. S.Rəhimli Modern.az-a bildirib ki, onun yola saldığımız illə bağlı proqnozları 27 dekabr 2008-ci ildə “Ayna” qəzetində dərc olunub. Astroloq verdiyi 21 proqnozdan 19-nun tam, 2-sinin (4-cü və 20-ci) isə qismən özünü doğrultduğunu iddia edib. S.Rəhimli 2009-cu illə bağlı aşağıdakı proqnozlar vermişdi.
O, indi öz proqnozlarını şərh edir.
1. 2009-cu ildə beynəlxalq maliyyə böhranı Azərbaycanda da qarşısıalınmaz həddə çatacaq.
- Fevral ayından etibarən hiss olundu. Böyük broylerlər, böyük müəssisələr bağlandı, tikinti sektorunda 40 mindən artıq ixtisar oldu, reklam və maşın bazarı iflic oldu. Gəncə Alüminium zavodu, "Bakı - Şərab-1" zavodu, Şamaxı Elektrotexnika zavodu, "Mərdəkan broyler", "Mərdəkan quşçuluq", "Hövsan broyler", "Goradil quşçuluq" fabrikləri, Bakı şəhərində qənd, alkoqolsuz içki və süd məhsulları istehsal edən 20-yə yaxın müəssisə bağlandı. Bundan başqa "Balaxanıneft" idarəsində kütləvi ixtisarlar oldu, gömrük sistemində işləyənlərin əməkhaqqı 50 faiz azaldıldı, ölkəmizdə muzdlu işçilərin sayı 70 min nəfər azaldı. Ümumilikdə isə beynəlxalq böhran Azərbaycana 10 milyard manat ziyan vurdu. Hətta böhranı aradan qadırmaq üçün qazı iki, metronu isə üç dəfə bahalaşdırdılar.
2. Mülkiyyət üzərində savaş yeni və daha qəddar müstəviyə keçəcək.
- Bu proqnozun reallaşması çoxsaylı faktlarla özünü göstərir. Təkcə keçmiş iqtisadi ikişaf naziri Heydər Babayevin mülkiyyətinin, hətta bağ evinin əlindən alınması, onun qardaşı Yaşar Babayevinsə mülkiyyətinin müsadirə olunması bunu sübut edir. Bundan başqa Bakı meriyasının əsas səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilməsi, AMAY-ın sökülməsi və s. məhz bu qəbildəndir.
3. 2009-cu ildə qızıl məmulatları xeyli ucuz və bol olacaq.
- İyul-avqust aralığında son on ilin ən ucuzlaşma halı baş verdi.
4. 2009-cu ildə qarşılıqlı münaqişələr hüquqi müstəvidən fiziki müstəviyə keçəcək.
- Bu hal sənətdə də, siyasətdə də geniş müşahidə olundu. Həm mətbuatda, həm də telekanallarda belə münaqişələrin şahidi olduq. Ən qabarıq görünəni isə Flora Kərimova ilə Sərxan Kərəmoğlu arasında baş verdi.
5. Tanınmış şəxslərə qarşı sui-qəsdlər artacaq. Bunun ölkəmizə aid olub-olmayacağını demək çox çətindir. - Fevralın 12-də general Rail Rzayevin qətli təəssüf ki, deyilənlərin başlanğıcı oldu. Bundan sonra avtoritet "Lotu Hikmət"in əmisi oğlu, kriminal aləmin tanınmış siması "Qorbatı Ramiz" Moskvada, Krasnoyarskdakı soydaşlarımızın lideri Rafiq Məmmədov, sərbəst güləş üzrə Azərbaycan çempionu Artur Duzqayev isə Çeçenistanda güllələndi, "Modern Hospital" klinikasının baş mühasibi Firamin Əsədov və iş adamı Xanbəyi Zamanov isə Bakıda qətlə yetirildi. Belə sui-qəsdlər Rusiyada daha geniş vüsət aldı: general Aleksandr Roqaçev, RF Dumasının vitse-spikeri Aleksey Belyayev, "Yaponçik" ləqəbli avtoritet Vyaçeslav İvankov, məşhur biznesmen və mesenat Şabtay fon Kalmanoviç, Özbəkistan İslam Hərəkatının lideri Tahir Yoldaşov, Somalinin səhiyyə naziri Qəmər Adən Əli, təhsil naziri Əhməd Abdullahi Vayael, ali təhsil naziri İbrahim Addov, çeçen səhra komandiri Sulim Yamadayev, Dağıstanın DİN başçısı Adilgəray Maqomedtahirov, İnquşetiya Ali Məhkəməsinin sədr müavini Aza Qazgərayova, Xasavyurdun 34 yaşlı imamı və onlarla tanınmış şəxs qətlə yetirildi.
6. Klassik müxalifətin (AXC-Müsavat) bərpa olunması istiqamətində uğurlu işlər gedəcək.
- İyun ayında İsa Qəmbər bu təşəbbüslə çıxış etdi və əksər müxalif qüvvələr bunu dəstəklədilər. Noyabrın ikinci yarısında bu istiqamətdə daha intensiv və qapalı görüşlər də keçirildi.
7. 2004-cü ildən "qara zolağ"a düşən müxalifət bu il kifayət qədər olmasa da, öz aktivliyini göstərəcək.
- Müxalifətin referendumla bağlı qeydiyyatdan keçməsi, birillik fasilədən sonra etiraz aksiyaları keçirmələri, bələdiyyə seçkiləri ilə bağlı həmrəylik və əhali ilə görüşlər, İsa Qəmbərin dəfələrlə Türkiyədə və Avropanın bir çox ölkələrində siyasi dairələrlə görüşməsi, müxalif gənclərin İran və Çin səfirliyinin, o cümlədən bir neçə nazirliyin qarşısında keçirdikləri effektli piketlər, 6 illik qadağadan sonra Hacı İlqar İbrahimoğlunun ölkədən kənara çıxmasına icazə verilməsi, Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı yeni hərəkatların yaranması deyilənləri sübut edir.
8. Çox populyar olan üç məmur (nazir səviyyəli) istefaya göndəriləcək.
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov, "Azəriqaz" SC-nin prezidenti Əlixan Məlikov və Respublikanın baş hərbi komissarı Əliağa Hüseynov vəzifələrini itirdilər.
9. İstehsalat qəzaları, xüsusən də texniki partlayışlar daha çox olacaq.
- Ölkəmizdə, xüsusən də Bakıda qaz partlayışları, yanğınlar geniş vüsət aldı. Paytaxtın Dərnəgül ərazisində yerləşən və iyulda yanıb külə dönən 1 hektarlıq taxta satışı məntəqəsi bunların ən böyüyü oldu. Şirvan bölgəsinin əksər rayonlarında on hektarlarla taxıl zəmilərinin yanması son onilliklərdə müşahidə olunmayan hal idi. İyul ayında Xəzərə düşən vertolyotda iki nəfər öldü, 4 nəfər yaralandı.
10. Şou-biznesimizdə faciələr yaşanacaq.
- Bu barədə kifayət qədər hadisələr oldu. PA rəhbəri Ramiz Mehdiyevin dərc olunmuş məqaləsi şou-biznesə daha ağır faciə yaşatdı - qalmaqalla gündəmdə qalan, səviyyəsiz verilişlərlə özünü reytinqə salan çoxları kənara çəkilmək məcburiyyətində qaldılar. Ən dəhşətlisi odur ki, Azərbaycan estradasında kifayət qədər çəkisi olan Faiq Ağayevlə Samir Bağırov il boyu efirə buraxılmadılar. Bunun nəticəsində hətta Samir Azərbaycanı birdəfəlik tərk etdi.
11. Türkiyədə terror dalğasının daha geniş miqyas alacağı gözlənilir; Ərdoğan hakimiyyəti çox ağır sınaqlardan keçəcək və buna tab gətirib-gətirməyəcəyini avqusta qədər biləcəyik.
- İl ərzində qardaş ölkədə 30-dan çox terror törədildi. Onların ən dəhşətlisi əsgər kazarmasına qəfil hücum nəticəsində 10-dan çox əsgərin şəhid olmasıdır. Ərdoğan hakimiyyətinə gəlincə, hamı bunun şahidi olduğu üçün əlavə heç nə demirik. Ermənistanla sərhədlərin açılması söhbətləri, may ayında yaşanan siyasi gərginlik, Azərbaycanla münasibətlərin gərginləşməsi, "Ergenekon" əməliyyatı, Demokratik Toplum Partiyasının (DTP) bağlanması deyilənlərə bariz nümunədir.
12. Qlobal iqlim dəyişikliyi daha ağır fəsadlar üzə çıxaracaq.
- Təkcə 2009-cu ilin ilk beş ayında qlobal iqlim dəyişkənliyindən 315 min adam həlak oldu. ABŞ-ın dövlət katibi Hilləri Klinton bununla bağlı dünya liderləri ilə Avropada bir araya gələrək narahatçılığın ciddi olduğunu söylədi.
13. Terror halları bir qədər də artacaq - aprel-may aylarında və ilin ikinci yarısında.
- İraqda, Pakistanda, Əfqanıstanda və Türkiyədə olanları bilirsiniz. Aprelin 30-da isə Azərbaycan Dövlət Neft Akademiyasında 13 nəfərin ölümü ilə nəticələnən terror, Azərbaycandan gedən neft qatarının Gürcüstanda partladılması da bu qəbildəndir. İranda sünni və şiə liderlərinin müzakirələr apardığı binada ağır terrorun törədilməsi, Rusiyada çox ağır partlayışların yaşanması, ABŞ-dakı hərbi hissədə baş verən terror hücumu və yüzlərlə digər hadisələr məhz deyilənlərə aiddir.
14. İrana qarşı hər hansı hərbi müdaxilə baş verməyəcək.
- Doğru çıxdı.
15. Mixail Saakaşvilinin hakimiyyəti böyük təhlükə ilə üzləşəcək, hakimiyyətdən getmək ehtimalı da var.
- Fevral-mart aylarında genişmiqyaslı mitinqlər bütün Gürcüstanı əhatə etdi, Hillari Klinton Ukrayna və Gürcüstanı müdafiəyə qalxsa da, bu, gərginliyi azaltmadı. Aprel ayında vəziyyət o həddə çatdı ki, prezident müxalifətlə danışıq masasına əyləşdi, amma ortaq məxrəcə gələ bilmədilər. Mayın 5-də birləşmiş müxalifət Tiflisin yollarını bağlayaraq prezidentə istefa üçün 72 saat vaxt verdi. May ərzində iki dəfə hərbi qiyam baş qaldırsa da, çevriliş yatırıldı. Hətta mayın ortalarında Rusiya Gürcüstanı tutmaqla hədələdi. İyulda Obama ilə Medvedyev arasında keçirilən görüşdə əksər məsələlər razılaşdırılsa da, Gürcüstan açıq qaldı. Rusiya avqustda bir daha Abxaziya istiqamətində hərbi texnikanı Gürcüstana doğru hərəkətə keçirdi. Gərginlik hələ də davam edir.
16. Rusiyanın siyasi nüfuzu aşağı düşəcək, Medvedyevlə Putin arasında ciddi fikirayrılığı baş verəcək.
- Fevral ayından bu hal müəyyən detallarda özünü göstərdi. Hətta Rusiya mətbuatı Medvedyevin həbs olunacağını, Putinin yenidən prezident olacağını da vurğuladı. Martın ilk həftəsində Avropaya səfər edən dövlət katibi Hillari Klinton açıq-aşkar Rusiyanı tənqid etdi, Abxaziya və Şimali Osetiyanı tanımamağı tövsiyə etdi. O, Ukrayna və Gürcüstanın NATO-ya üzv olunacağını qətiyyətlə bəyan etdi. Medvedyev nüfuzlu görüşlərdən birində İrana qarşı sanksiyanın lehinə səs verəcəyini bəyan etməklə Putinlə açıq münaqişəyə girdi.
17. Avropada təbii fəlakətlər böyük itkilərə səbəb olacaq.
- Rusiyanın qaz verməməsi, bir tərəfdən də şaxtalı hava çoxlu sayda insan ölümünə və donvurmaya səbəb oldu, xüsusilə Norveçdə vəziyyət dözülməz həddə çatdı. "Donuz qripi"nin Avropaya yayılması da insanlara xeyli ziyan vurdu. Təkcə Ukraynada 1 milyon insan bu xəstəliyə tutuldu. Yunanıstanda baş verən meşə yanğınları ölkəyə dəhşətli dərəcədə ziyan vurdu. Türkiyənin Artvin vilayətində, Rizə və Girəsun şəhərlərində, İstanbul və Konya bölgələrində faciəvi hal yaratdı.
18. Məhəlli münaqişələrin sayı artacaq...
- May ayında Şri-Lanka ordusu əfsanəvi "Tamir pələngləri" separatçı qruplaşmasını tamamilə məhv etdi, döyüşlər zamanı 10 mindən çox insan öldü, Çinin Urumçi bölgəsində uyğurlarla çinlilər arasında baş vermiş qanlı toqquşmalarda 900-dən artıq uyğur qətlə yetirildi, İrandakı prezident seçkiləri zamanı yaranmış ixtişaşlarda onlarla insan öldürüldü, Pakistanda anti-terror əməliyyatları zamanı 100-dən çox talibançı məhv edildi.
19. Dağlıq Qarabağla bağlı siyasi şoulardan savayı heç bir əhəmiyyətli dəyişikliklər olmayacaq.
- Doğru çıxdı.
20. Tikintidə, dağ-mədən mühəndisliyində, gəmiçilikdə, kağız mətbuatında, hərbi sahədə çalışanlar bir qədər passivliyə enəcəklər.
- Maliyyə böhranı ilə bağlı demək olar ki, yanvarın ortalarından bütün tikintilər dayandırıldı, minlərlə insan ixtisara salındı. Əsgərlər arasında ölümlə nəticələnən silahlı toqquşmalar, həbsə alınan çoxsaylı zabitlər, Müşfiq qəsəbəsindəki əsgər zəhərlənmələri, generalların istefaya göndərilməsi deyilənləri sübut etdi. İnternetin kağız mətbuatını kölgəyə atması, əksər reket qəzetlərin sıradan çıxması da deyilənlərə misaldır.
21. Dünyanın siyasi hakimiyyətlərində dəyişikliklər baş verəcək.
- Küveytdə, Madaqaskarda, Monqolustanda, Hondurasda, Litvada hakimiyyət dəyişikliyi baş verdi. Moldova prezidenti Vladimir Voronin, Macarıstanın baş naziri, Gürcüstanda bir neçə nazir, Türkiyədə 8 nazir eyni gündə istefa verdi.