
Facebook sosial şəbəkəsində Azərbaycan hakimiyyətindən narazı gənclərin yaratdığı “Böyük Xalq Hərəkatı” adlanan səhifədə “2013-cü il prezident seçkilərində kimin namizədliyini dəstəkləyərsiniz?” (//www.facebook.com/#!/questions/335623696461569/) sorğusuna start verilib.
Modern.az-ın məlumatına görə, sorğunun təşkilatçıları səsverməyə 9 nəfərin - Eldar Namazov, Əli Kərimli, İsa Qəmbər, İlham Əliyev, İqbal Ağazadə, Lalə Şövkət, Rəsul Quliyev, Rafiq Əliyev, Sabir Rüstəmxanlının adını daxil ediblər. Artıq bir neçə yüz profildən adları qeyd olunan namizədlərə səslər verilib və bu, davam etməkdədir.
Səsvermədə diqqət çəkən məqam Facebook şəbəkəsində profili olan tanınmışların hansı namizədə səs verdiyini görməkdir.
facebook-da profili olan xeyli tanınmış sima da səsəverməyə qatılaraq 2013-cü ildə kimi dəstəkləmək istədiyini qeyd edib. Modern.az-ın əməkdaşına məlum olub ki, Müsavat Partiyasının sabiq funksioneri İbrahim İbrahimli də səsverməyə qatılan tanınmış şəxslər sırasındadır. Lakin bir çoxlarının gözlədiyinin əksinə olaraq, İ.İbrahimli sorğuda Müsavat başqanı İsa Qəmbərin deyil, AXCP sədri Əli Kərimlinin lehinə səs verib. Bununla da o, 2013-cü il prezident seçkilərində Ə.Kərimlinin namizədliyini dəstəklədiyini indidən biruzə verib.
Bu, İ.İbrahimlinin Facebook-dakı həqiqi profilidir.
Qeyd edək ki, Müsavat Partiyası Divanının sabiq üzvü İbrahim İbrahimli 2010-cu il noyabrın 29-da bu siyasi təşkilatdan istefa verib.
Adəm Qorxmaz