Azər Həsrət
Yola salmaqda olduğumuz həftə ərzində müxalifətin İctimai Palata adlı mərkəzi ölkədə medianın durumunu müzakirəyə yatırdı. Yaxşı təşəbbüs idi. Həm də gərəkli. Çünki istənilən siyasi qüvvənin media azadlığı məsələlərini müzakirəyə çıxarması, insanlar üçün əlavə tribuna açması alqışlanasıdır. Biz də o baxımdan İctimai Palatanın bu təşəbbüsünü alqışlayırıq.Həm də ona görə ki, bu müxalif qurum media azadlığı məsələsinə hakimiyyətdən fərqli yanaşdığını iddia edir və jurnalistlərlə, media ilə bağlı hər hansı bir problem ortaya çıxanda dərhal reaksiya verir, haqqı pozulanın müdafiəsi üçün ən azı səsini yüksəldir. Bütün bunlar həmin qurumun media ilə bağlı siyasətinin müsbət yönləridir. Və əslində düşünürəm ki, İP-in media məsələləri üzrə siyasəti elə belə də olmalıdır. O mənada ki, bu qurum və orada təmsil olunan hər kəs cəmiyyətə özünü fərqli və müsbət alternativ siyasi güc olaraq göstərməlidir. Göstərirlər də. Ancaq bir məsələdə, deyəsən, heç səmimi deyillər.
Bəli, İP media məsələsini müzakirə edib. Edib də, lakin birtərəfli. Yəni bu qurumun müzakirələrindən belə anlaşılır ki, ölkə hakimiyyəti medianın düşmənidir. İqtidar əlindən gələni edir ki, medianı nəzarət altında saxlasın və müxalif fikirli insanların səsini duyurmasına əngəl olsun. Jurnalistlərə basqılar, alternativ fikrə dözümsüzlük, qəzet satışındakı əngəllər və daha bir sıra bu cür məsələlər bu toplantıda müzakirə və tənqid mövzusu olub.
Mən o toplantıya qatılmamışam. Ancaq orada baş verənlər haqqında yetərincə bilgi sahibi olduğumu deyə bilərəm. Odlu-alovlu çıxışların da olduğundan xəbərim var. Yalnız bir şeyi anlamıram: ölkənin aparıcı qəzetlərinin orada iştirak edən və birbaşa İP üzvü olan rəhbərlərinin narazılığı nədəndir?
Yuxarıda da qeyd etdik ki, Azərbaycan hakimiyyəti media üzərində nəzarəti təmin edib və faktiki olaraq bu gün alternativ tribuna imkanlarımız yox kimidir. Bu halda isə mənim kimi sərbəst düşüncəli insanların üz tutacağı yer ya müxalif, ya da müstəqil media olmalıdır. Elə məsələ də bundadır.
İctimai-siyasi fəallığım dövründə (ki, bu dövr 20 ildən artıq bir müddəti əhatə edir) özəlliklə hakimiyyət mediası mənim üzümə qapalı olub. Düzdür, 90-cı illərin sonu və ondan sonrakı bir neçə il ərzində müstəqil TV kanallarından Space və ANS mənə aid xəbərləri də yayınlamaqla bərabər canlı efirə də dəvət edərdi. Daha sonrakı illərdə bu imkanımız da əlimizdən alındı. Ta ki, İTV qurulana qədər. İndinin özündə də canlı efirə dəvət aldığım tək kanal İTV-dir və bu yöndə onun haqqını danmamaq gərək.
Qeyd etdiyim kimi, hakimiyyət mediası mənim üzümə qapalıdır. İstər xəbərlərimi, istərsə də köşə yazılarımı hakimiyyətin birbaşa nəzarətində olan mediada yayınlama imkanım yoxdur. Nəinki TV kanalları, heç qəzetlər, agentliklər belə mənə tribuna vermirlər. Canlı efir bir yana, heç “ölü” efir də üzümə açıq deyil. (Bu arada bir haşiyə çıxıb qeyd edim ki, bu yaxınlarda ANS-dən Mirşahin məni öz verilişinə dəvət etmişdi. Yalnız səhhətimlə bağlı o verilişdə iştirak edə bilmədim.) Uzun sözün qısası, bu cəbhənin mediası məni yox sayır. Anlaşılandır. Çünki nə qədər də olmasa hakimiyyət mediasıdır və mənim də işim çox zaman hakimiyyəti tənqid etmək olduğundan onların tribuna verməməsi hətta normaldır. Media azadlığı baxımından normal sayılmasa da…
Yenə də gələk İP-dəki müzakirələrə. Burada birmənalı şəkildə hakimiyyət tənqid edilib. Qəbuldur və haqsız sayılmazlar. Ancaq başqasının gözündə çöp axtaranlar öz gözlərindəki tiri də görsünlər gərək. Sözümün canı odur ki, hakimiyyəti tənqid edənlərin özlərinin nəzarətində olan media qurumları məgər doğrudanmı azad və alternativ fikirlər üçün tam açıqdır? Əsla! İş ondadır ki, bu gün hakimiyyəti tənqid edənlərin tribunası hesab edilən müxalif və onun həndəvərində olan mətbuat hakimiyyət mediasından heç fərqlənmir. Hətta bəzən hakimiyyət mediasına şükür oxumalı oluruq. Niyəsini aşağıda açıqlayacam.
“Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, Az.TV kimi hakimiyyət mediası mənim kimi insanları görməzlikdən gəlir və qapılarını üzümə qapalı tutur. Eyni şəkildə “Azadlıq” və “Yeni Müsavat” kimi müxalif qəzetlər də qapılarını mənim üçün qapayıb. Düzdür, sonuncu ara-sıra mənə imkan yaratsa da bunu yetərli saymaq olmaz. Bu qəzetdə adım sonuncu dəfə ötən ilin sentyabrında çəkilib. O da Mehman Əliyevin dilindən. “Azadlıq” qəzetində isə son bir neçə ildə adım bir neçə dəfə çəkilib. Və hər zaman da həddini aşan tənqidlərdə. Elə isə “Yeni Azərbaycan”la “Yeni Müsavat”ın fərqi nədədir? Yaxud “Azərbaycan”la “Azadlıq”ın fərqi nədədir? Hakimiyyət mediası tərəflidirsə, qərəzlidirsə, alternativ fikirlərə qapalıdırsa, bəs siz kimsiniz? Media azadlığı məsələsində sizin qəzetlərinizin hakimiyyət mediasından fərqi nədədir?
Gör nə günə qalmışıq ki, bu gün bir PKK yandaşı, yaxud da bir erməni törəməsi “Yeni Müsavat”ın səhifələrinə Azər Həsrətdən daha rahat yol tapa bilir. Hə, indi kimsə qalxıb deyə bilər ki, sənin xəbərlərin və çalışmaların maraq doğurmadığı üçün belədir. O cür suala indidən cavab verirəm: mənim çalışmalarım necə maraq doğurmur ki, türk dünyasının az qala hər tərəfində yazılarım dərc edilir, fikirlərimə istinad edilir? Bolqarıstandan tutmuş Orta Asiyaya qədər hər yerdə yazılarıma rast gəlinir. Qazaxıstanın, Qırğızıstanın radio kanallarında, “Azadlıq” radiosunun türkmən xidmətində mənim fikirlərimə az qala hər ay yer verilir. Demək ki, mən nəsə faydalı və diqqət çəkən bir iş görürəm ki, bu boyda böyük coğrafiyada medianın tribunası üzümə açıqdır. Yalnız Azərbaycanda özünü azad elan etmiş müxalif mediadan başqa.
Yeri gəlmişkən, İP-in adı keçən toplantısında “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli də çıxış edib. İP üzvü olanların qəzetlərinə baxdım. “Yeni Müsavat” bu adamın adını belə çəkməyib. “Azadlıq” isə cəmi bir cümlə ilə kifayətlənib. Şəxsən S.Əlibəyli özü mənə dedi ki, “Azadlıq” onun fikirlərini həmin bir cümlədə belə təhrif edib. Səbəb isə odur ki, bu adam nə müxalifətin, nə də iqtidarın yanında deyil. Düzdür, bəzən onun tənqidləri ilə razılaşmadığımı, bir az barıtını çox elədiyini özünə də deyirəm. Ancaq bu heç də o demək deyil ki, özünü azad elan edən media kifayət qədər ictimai çəkisi olan bu jurnalistin fikirlərinə yer verməsin.
Yazımın sonunda bir daha İP-in toplantısına qayıdıram. Xanımlar və bəylər, məncə, özünüzdən başlasanız yaxşı olar. Bu qurumun ən önündə gedənlərindən İsa Qəmbər və Rauf Arifoğlu “Yeni Müsavat”ı, Əli Kərimli və Qənimət Zahid isə “Azadlıq”ı hakimiyyətin əngəllədiyi standartlar səviyyəsinə çatdırsalar, onda deyərdim ki, tələblərinizdə səmimisiniz. Hakimiyyətin kimliyi bəllidir. Onun birbaşa nəzarətindəki medianın tutumu da bəllidir. Bəs siz kimsiniz? Bu suala cavabınızı çox həvəslə gözləməkdəyəm.