Bu gün uşaq evlərində və internatlarda yaşayan kimsəsiz uşaqların taleyi, onların gələcəkdə həyatda hansı mövqeni qazanacaqları cəmiyyətimizi ən çox narahat edən problemlərdən biridir. Ailədə tərbiyə almaq imkanından məhrum edilmiş uşaqlar köməyə, xüsusi müdafiə və alternativ qayğı almaq hüququna malikdirlər.
Mövcud problemlər. Kifayət qədər qanunların və sənədlərin qəbul olunmasına baxmayaraq uşaq evlərini və internat məktəblərini tərk edən yeniyetmələr xeyli problemlər qarşılarşırlar. Birinici problem odur ki, 16 yaşı tamam olandan sonra onlar uşaq evlərini tərk edib hara getməlidirlər? İkincisi, heç vaxt ailə mühitində yaşamayan, ev şəraitinə alışmayan bu gənclər cəmiyyətimizə necə qoşulacaq və inteqrasiya olunacaqlar? Cəmiyyət üçün faydalı olacaq uşağın hər bir internat məktəbini tərk etdikdən sonra qarşılacağı problemlərinin əvvəlcədən həll olunması vacib şərtlərdəndir.
Ekspertlərin fikirincə, internatları bitirib və uşaq evlərini tərk edən uşaqların ən əsas problemi iş və mənzil problemidir. Statistik məlumatlara görə həmin uşaqların çox az hissəsi iş tapmağa müvəffəq olur. Qalanları isə müxtəlif şəkildə cəmiyyətə inteqrasiya olunur ki, bu da əksər vaxtlarda böyük faciələrə gətirib çıxarır. Belə halların qarşısını almaq məqsədilə həmin uşaqların sosial problemlərinin həllinə yönələcək proqramlar qəbul edilməlidir. Ölkə parlamenti tərəfindən "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunun qəbul edisə də, bu vaxta qədər sözügedən sənədin bir sıra müddəalarının icra edilməmiş qalır.
Ümumiyyətlə, kimsəsiz uşaqlarla bağlı xeyli sayda qanunlar və sənədlər təsdiq edilsə də, onların icrasında hələ də çoxlu problemlər mövcuddur. Sözügedən sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, qanun yaradıcılığı təşəbbüsləri, uşaq evlərində olan uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması, sosial müdafiəsi mexanizmlərinin hazırlanması, qəbul edilməsi və icrası ilə bağlı görüləsi xeyli işlər var. Bundan başqa əlilliyi olan və internat məktəblərini tərk etməyə hazırlaşan uşaq və gənclərin peşə hazırlığını artırmaq, onların həyat bacarıqlarını yüksəltmək və dövlət müəssisələrini tərk etdikdən sonra müstəqil yaşamaq və fəaliyyət göstərmək üçün müvafiq işlə təmin olunmalarına yardım göstərmək kimi məsələlər də qarşıda duran əsas vəzifələrdəndir.
Sözügedən istiqamətlə bağlı dövlətin və QHT-lərin də fəaliyyətində bir sıra problemlər mövcud olan problemləri aşağıdakı kimi qruplaşdırmaq olar.
- mövcud qanunvericilik bazasının və ana dilində ədəbiyyatın olmaması;
- Bu sahədə inistutlaşma və tədrisin qənaətbəxş olmaması;
- Beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi;
- Kadr və mütəxəssis potensiallığının azlığı;
- Maarifləndirmə işinin zəifliyi;
- Biznes qurumlarının bu sahəyə maraq göstərməməsi (xüsusən yerli)
- Yerli QHT-lərə inamın olmamağı və etimadsızlıq;
- Dövlətin və QHT-lərin bu istiqamətdə PR (ictimayyətlə əlaqələr) işini düzgün qura bilməməsi və s.
- Milli QHT-lərin maddi texniki bazasının zəif olması;
- Dövlət uşaq müəssisələrini tərk edərək müstəqil həyata qədəm qoyan gənclər üçün keçid mexanizmlərinin çatışmazlığı və s.
Yuxarıda sadalanan problemləri həll etmək üçün dövlətin və QHT-lərin qarşısında böyük vəzifələr durur.Qeyd etmək lazımdır ki, hal-hazırda bu istiqamətdə həm hökumət, həm də qeyri-hökumət təşkilatları tərəfindən bir sıra proqram və layihələr həyata keçirilməkdədir.
Hökumətin fəaliyyəti. Məlum olduğu kimi, cəmiyyətin adıçəkilən sosial təbəqəsini diqqətdə saxlayan tərəflərdən biri olan hökumət "Azərbaycan Respublikasında (2006-2015-ci illərdə) uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı haqqında Dövlət Proqramı" adlı sənədi təsdiq etmişdir. Dövlət proqramının əsas mahiyyəti dövlət qayğısında olan uşaqların bioloji və himayədar ailələrə verilməsindən ibarətdir. Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrasının təmin edilməsi məqsədi ilə Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılmışdır. 2010-cu ilin martında isə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF "Uşaqların ailələrə verilməsi və onların alternativ qayğı ilə təmin olunması" layihəsi üzrə əməkdaşlıq haqqında birgə memorandum imzalamışdırlar. Dövlət proqramı çərçivəsində reallaşdırılan bu layihə Bakının iki pilot rayonunda - Suraxanı və Xəzər rayonlarında həyata keçirilir.Ümumiyytlə, araşdırmalar göstərir ki, uşaq evlərində və internatlarda yaşayan kimsəsiz uşaqların gələcək taleyi ilə xeyli sayda sənədlər, qanunlar hazırlanmş və dövlət tərəfindən təsdiq edilmişdir.
Rəsmi statistik məlumatlara görə ötən iki il ərzində deinstitusionalizasiya proqramı çərçivəsində Azərbaycandakı 55 internatdan 9-u xüsusi qayğı mərkəzinə çevrilib. Həmin internatlarda təhsil alan və yaşayan uşaqların sayı ötən iki il ərzində 14 389-dan 10 055-dək azalıb.
QHT-lərin fəaliyyəti. Qeyd etmək lazımdır ki, sözügedən sahədə Save the Children (Uşaqların Xilası) beynəlxalq təşkilatı, “SOS” Uşaq Kəndlər – Azərbaycan Asossiyası, “Ümidli Gələcək” Gənclər təşkilati, Uşaq hüquqları Klinikası və digər QHT-lər bir sıra layihə və proqramlar həyata keçirirlər. Save the Children (Uşaqların Xilası) beynəlxalq təşkilatı “Ümidli Gələcək” Gənclər təşkilati ilə birgə Avropa Birliyi və “StatoilHydro” şirkətinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, “Yeniyetmələr üçün Həyat Bacarıqları” adlı layihənin icrası diqqəti cəlb edir. Layihənin icrasına 2009-cu ilin sonundan başlanıb. Layihənin məqsədi imkansız uşaq və gənclərin peşə hazırlığını artırmaq, onların həyat bacarıqlarını inkişaf etdirmək və yaşadıqları müəssisələri tərk etdikdən sonra müstəqil fəaliyyət göstərmək üçün müvafiq işlə təmin olunmalarına yardım göstərməkdir. Artıq bir ilə yaxındı ki, icrasına başlanan bu proqramın məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı ildə imzalanmış “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı üzrə Dövlət Proqramının (2006-2015)” icrasına, habelə uşaq və gənclərin peşə təhsili və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparılan carı islahatlara dəstək olmaqdır. Proqramın əsas proritet istiqamətlərindən biri də internatlardan buraxılan uşaqların gələcəkdə işlə təmin olunması üçün özəl sektoru canlandırmaqdır . Burada yerli QHT-lərlə əlaqələr vasitəsi ilə diqqət və qayğıdan kənar qalmış gənclərin ehtiyaclarına xidmət etmək nəzərdə tutulur. Proqram Azərbaycanın 5 rayonunda 14-17 yaş arası olan 3 min gənci əhatə edir.
Söylənilən problemlərin həlli istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti də qeyd olunmalıdır. Belə ki, ölkə başçısının sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan edildiyindən Şura bu istiqaməti önə çıxarmış, uşaqların hüquq və mənafelərinin müdafiəsi,onların problemlərinin həlli ilə bağlı 42 layihəni maliyyələşdirmişdir. Həmin ildə Şuranın maliyyə dəstəyi ilə SOS” Uşaq Kəndlər – Azərbaycan Asossiyası tərəfindən icra olunan “Dövlət uşağa qayğı müəssisələrini tərk etməkdə olan və tərk etmiş gənclər üçün resurs mərkəzinin yaradılması” adlı layihə çərçivəsində həmin təbəqədən olan gənclərin sosial bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təlimlər təşkil edilmiş, gənclərin cəmiyyətə inteqrasiyası, eyni zamanda onların əlaqə saxlaya, maddi-texniki bazasından istifadə edə biləcəkləri resurs mərkəzi yaradılmışdır.
Təqdirəlayiq haldır ki, bu gün respublikamızda bu istiqamətdə QHT-lər və dövlət birlikdə,əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.