Modern.az

8 mart öküzləri

8 mart öküzləri

Ölkə

12 Mart 2012, 13:20

Ötən həftə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi. İdeoloji açıdan bu bayramı keçərli saymasam da, ölkədə rəsmən qeyd edildiyi üçün mən də onu lazım olduğu səviyyədə diqqətə alıram. Əslində diqqətə almağım rəsmiyyətlə deyil, onun məhz qadınlarla bağlı olmasıdır.

Həmin bu 8 mart günündə mətbuatdan oxudum ki, Azərbaycanın iki tanınmış gənc xanımına qarşı, yumşaq desək, heç bir kişiyə yaraşmayan hərəkətlərə yol verilib. Ayıb oldu əlbəttə. Bir qadına qarşı belə davranmaq ayıbdır, üstəlik qadınların bayramı ərəfəsində və ya bayram günü bunu etmək isə ikiqat ayıbdır.

Anladığım kimi, birinci olay tanınmış hüquq müdafiəçisi İradə Cavad adlı xanıma qarşı edilib. O, hüquqlarını qoruduğu şəxsin polis tərəfindən saxlanıldığını eşidib və uyğun şəkildə onun ardınca gedib. Ancaq orada elə ilk andaca nəzakətsizliklə qarşılaşıb. Hələ bu azmış kimi ardından da şəxsinə qarşı kobudluqla üzləşib. Və bu kobudluğa imza atan(lar) çiynində poqonu olan polis(lər) olub. Mənə elə gəlir ki, sayın iç işləri nazirimiz şəxsi heyətlə heç olmasa bayram günlərində zərif cinsin nümayəndələri ilə necə davranmaq haqqında bir təlim keçsə yaxşıdır. Bu iş üçün təlimçi axtarmaq da lazım deyil. Heç şübhə etmirəm ki, elə İradə xanımın özü həmin kobud poqonlulalara qadınlarla necə davranmağı çox məharətlə öyrədə bilər…

Daha bir olay isə düz martın 8-də baş verib. “Azadlıq” radiosunun ağır toplarından olan həmkarımız Xədicə İsmayılın cib telefonuna hədə dolu ismarıclar gəlib. Və xanım həmkarımız da bunu özünün jurnalist araşdırmaları ilə əlaqələndirib. Bu ismarıclar necə aləmi qatıbsa ta Vaşingtona qədər səs çatıb və ən tanınmış beynəlxalq qurumlar ard-arda sərt açıqlamalarla çıxış edib.

Xədicə xanımı çoxdan tanıyıram və aramızdakı ideologiya fərqlərinə baxmayaraq hər zaman şəxsinə və bir jurnalist kimi peşəkarlığına sayğı ilə yanaşmışam. Yəni demək istədiyim odur ki, bu xanım həmkarımın öz peşəsində qullandığı yöntəm heç də bəzilərinin düşündüyü kimi düşmən yöntəmi deyil. Sadəcə olaraq birilərinin Azərbaycan dövlətçiliyinə balta çalan şəxsi maraqlarına zidd olduğu üçün onun haqqında hədyanlar yağdırılır.

Və Allahın məğmun bir bəndəsi indi götürüb Xədicə xanıma düz martın 8-də hədyanlar dolu ismarıc göndərir. Bu adam düşünür ki, özü qədər dayaz hərəkəti ilə illərin təcrübəsindən çıxmış bir jurnalisti qorxudub yolundan çəkindirə biləcək. Həmin ismarıcı göndərənlə üz-üzə söhbət etmə imkanım olsaydı deyərdim ki, “nə qədər dayaz, nə qədər yarımçıqsan”. Axı bu ölkədə jurnalisti evinin önündə öldürənlər belə həqiqət axtarışında olan qələm əhlini yolundan çəkindirə bilməyib. İndi siz bir jurnalist xanımı 8 mart günündə təhdid etməklə yolundan çəkindirə biləcəyinizimi düşünürsünüz? Yazıqlar olsun sizə! Məgər anlamırsınızmı ki, o və onun kimi həmkarlarımız sizin kimi qorxaq deyillər? Axı siz bu həmkarlarımızı kol dibində gizlənib qorxaqca təhdid edirsiniz, onlar isə heç sizi saya salmır, düz ağalarınızın üstünə şığıyırlar! Elə isə nədən anlamaq istəmirsiniz ki, artıq çoxdan bu cür təhdidlərdən imtina etmək zamanı gəlib də keçib?

Və son olaraq, yazımın başlığını “8 mart öküzləri” qoyuram. “Öküz” dediklərim yuxarıda adı çəkilən iki hörmətli xanımı bayram günlərində təhqir və təhdid edənlərdir. Bilmirəm, bəlkə də bəzi dostlarımız məni bir az da olsa jurnalist etikasını pozmaqda ittiham edəcək. Ancaq nə edim, elələri üçün başqa ad tapa bilmədim və onların adını tarixə “8 mart öküzləri” olaraq yazdım…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı