Bu yaxınlarda yerli televiziyalarda gördüyüm iki reportaj bir-birindən fərqli olduğu qədər də oxşar idi. Reportajlardan biri hansısa Afrika ölkəsində yas mərasimi adət-ənənəsi ilə bağlı idi.
Yas yerinə gələnlər yaxşıca yeyib-içdikdən sonra oxuyub-oynayırdılar. Bu azmış kimi üstəlik, çiyinlərinə qaldırdıqları tabutu da atıb-tuturdular. Göydə oynayan tabutu görməsəydin, bu yığıncağın yas mərasimi deyil, kef məcliyi olduğunu düşünərdin. Digər reportaj ölkəiçi hadisəyə - daha dəqiqi bir ailənin başına gələn faciəyə həsr olunmuşdu. Salyanda 8 və 11 yaşlarında olan iki qardaş kanala düşərək boğulublar.
Göstərilən reportajda bu cür müdhiş faciədən daha dəhşətlisi ekranda görünən mənzərə idi. İki oğlunu itirmiş ata danışırdı, arxa ponaramda isə böyük qazanlar, samovarlar yan-yana düzülmüşdü.
Bir daha nifrət elədim belə milli adət-ənənəyə, belə qayda-qanuna. Bu süjetə baxan, bu sətirləri oxuyan hər bir insanın içdən ikrah hissi keçirdiyinə inanıram. Zavallı ata, bir anın içində iki oğul balanı itirir. Sonra da adına "ehsan" deyib, balalarını itirməyi münasibətilə camaata süfrə açır. Bunun başqa adı və başqa yozumu yoxdur. Bütün bu biş-düşlərin, çeşid-çeşid şirniyyatların, bəzəkli çadırların bir səbəbkarı var - əbədilik itirdiyimiz İNSAN. Bizsə bir daha görməyəcəyimiz əzizimizə son borcumuzu beləcə ödəyirik. Belə rəzil səhnələr yaratmaqla...
Deyirlər, adət-ənənə belədir. Axı hardan qaynağını götürür bu adət-ənənə? Dinimizdənmi? İslam dinində indi Azərbaycanda qurulan yas mərasimi ("Ölü toyu" da demək olar - A.C) haqda heç nə yoxdur. Hətta eşitdiyimə görə, İslamın mərkəzi sayılan Ərəbistanda yas mərasiminə gələnlərə, baş vermiş hadisənin mahiyyətinə uyğun olaraq yalnız acı qəhvə verilir. Yəni, "acımı bölüşməyə gəlmisənsə, şirin qəhvə içməyəcəksən ki?". Bizdəsə, dərd bölüşməyə gələnlər kəmərin altını bərkitdikdən sonra quruca "Allah rəhmət eləsin" söyləyib, "məclisi" tərk edirlər.
Xeyli vaxtdır, yas məclislərində biabırçılıqlarla bağlı cəmiyyətdə müzakirələr gedir, ibrətamiz təkliflər irəli sürülür. Həqiqətən də, insan itkisinin mahiyyəti ilə daban-dabana ziddiyyət təşkil edən indiki dəbdəbəli yas mərasimləri mənəvi aşınmaya yol açan ünsürlərdən biridir. Lakin, hər yeni yas mərasimi əvvəlkini təkrar edir.
Bu sahədə bir nizam-intizam yaratmağın vaxtı çatmayıbmı? Ortada bir Naxçıvan təcrübəsi var...