Modern.az

Yenə aldandıq - əziyyət kasıbın, əmanət milyonerlərin olacaq

Yenə aldandıq - əziyyət kasıbın, əmanət milyonerlərin olacaq

Ölkə

25 Aprel 2012, 16:06

Bu ölkədə nə cür humanist qanun qəbul edilir-edilsin, kasıb zümrənin ziyanına işləyir. Sonra bəlli olur ki, maşa kimin əlindədi, közü də o qabağına çəkir. Mənə elə gəlir ki, bunun günahını qanunda yox, dildə axtarmaq lazımdır. Çünki qanunun materialı nə poladdan, nə də dana gönündəndir. Sadəcə sözlərdən ibarətdir. Sözü isə fırladan dildir. Adi ətdən olan dil. Hansı tərəfə istəsə, o tərəfə fırladır.

Sovet dönəmindən batmış əmanətlərin qaytarılması ilə bağlı bəlkə də ən çox yazanlardan biri mən olmuşam. Fikirləşmişəm ki, bununla millətin haqqını müdafiə edir, savab iş görürəm. Sən demə, oyun qurulubmuş, mənim kimi neçə-neçə qələm əhli də küyə düşüb bu oyunun pərdə arxasında gizlənən oyunçuları üçün çalışırmış. Biz gözə görünməyən bir qüvvə ilə əməlli-başlı idarə olunmuşuq. Ara sakitləşəndə, mövzu yaddan çıxanda kimsə bu yaranın qaysağını qoparır, biz də ufuldaya-ufuldaya təzədən sarılırdıq qələmə. Yaz ki, yazasan.

Biz jurnalistlər çox şeydən yazırıq. Ölkənin, millətin ən ağrılı problemlərini mətbuat səhifəsinə çıxarmışıq. Ancaq bunlara heç məhəl qoyan olmayıb. Çünki söz sahibləri ümummilli dərdi dərd saymayıblar. Onda bəs nə təhər oldu ki, bu əmanət məsələsi birdən-birə ümummilli “dərd”ə çevrildi? Biz də elə bilmişik ki, əmanətlər qaytarılsa, kasıblar ağ günə çıxacaq. Bir çox ictimai-siyasi dairələrdə hökumətin ünvanına kəskin tənqidlər səsləndirilir, ardınca patriotlar ortaya çıxır, xalqın pozulmuş hüquqlarının bərpa olunmasını tələb edirdilər. Sonra məsələ Milli Məclisin gündəliyinə salındı, bu sahə üzrə ixtisaslaşmış deputatlar xorla “əmanətlər qaytarılmasa, millət acından qırılacaq” deyə ah-nalə, vay-şivən qopardılar.

Bəlkə də bu deputatların əksəriyyəti biz jurnalistlər dəstiri küyə düşənlər idi. Hər halda içərilərində bir-iki nəfər mexanizmin vintcikləri də olmaya bilməzdi. Vintciklərin jurnalistlər arasında olması da mümkündür. Sadəcə, başımız ümummilli saydığımız əmanətlər məsələsindən yazmağa qarışdığından alt qatda hansı oyunların getdiyindən xəbər tutmamışdıq. Proses isə irəliləməkdə idi. Özünün duvaqqapma ilə nəticələnəcək sonluğuna yaxınlaşırdı.

Nəhayət, oyunçular başladıqları işi başa çatdırdılar. Daxili, xarici informasiya mənbələri günün birində car çəkdilər ki, Milli Məclis qərar çıxarıb, əmanətlər bu ilin ikinci yarısından başlayaraq sahiblərinə qaytarılacaq. Gözləyirdim ki, millət sevindiyindən papağını göyə atacaq. Düzdür, göydə papaq görməsəm də, şadlığından çiçəyi çırtlayanlara rast gəlirdim. Nə gizlədim, mən özüm də çox sevindim. Bir-iki gün xoş əhval-ruhiyyə ilə gəzib dolaşdım. Birdən yadıma düşdü ki, ayə, mən nəyə sevinirəm? Əmanət kassasında heç kor qəpiyim də yoxdur. Sonra istədim özümə təsəlli verəm: nə olar mənim olmayanda, başqalarının əmanətlərinin qaytarılmasına cüzi də olsa köməyim dəyibsə, bu bəsimdir.

Mən özüm adi, sıravi bir vətəndaşam və ətrafımdakı orta və yaşlı nəslin nümayəndələri də mənim kimi xüsusi lqotlara malik deyillər. Üstəlik onların əksəriyyətinin, ümumiyyətlə, əmanət kassasında pulu yoxdur. Olan da qəpik-quruşdur. Tənbəllik etməyib bir balaca araşdırma apardıqda gördüm ki, əmanət banklarına iri məbləğ qoyanlar yalnız o dövrün yüksək vəzifə, mənsəb sahibləridir. Bu gün onlar yenidən hakimiyyətin müxtəlif pillələrində yer tutublar. Biznes sahələrini monopoliyaya alıb iri pullar qazanırlar. Belələri heç vaxt hakimiyyətdən açıq şəkildə pul istəmir. Əgər vəzifə sahibidirsə və rüşvət almağı bacarmırsa, deməli, o kadr “yerində” deyil, rüşvət zəncirinin bir həlqəsi sınıqdır, özündən yuxarıdakı həlqəyə heç nə ötürülmür. Belə həlqəni heç kəs zəncirdə saxlamaz, atıb yerinə təzəsini qoşar. Sözümün canı odur ki, millətin cibini kəsənlərin üstəlik dövlətin də cibinə göz dikməsi, yəni keçmiş əmanətləri açıq şəkildə tələb etməsi bir az yaxşı çıxmazdı. Ona görə də bu işə “qara camaatı” qoşdular və nəticə də ürəklərincə oldu.

Belə çıxır ki, biz hamımız elliklə köhnə və təzə milyonçular üçün çalışmışıq. Allahqulu-Məmmədnəsirlər, Fatma-Tükəzbanlar elə o vaxt da ac idi, indi də acdır. Heç əmanət banklarının qapısını tanımayıblar. Lap tanısaydılar nə xeyri.

İndi ətrafa baxıram, gözümə oyanan görünmür. Deyəsən, camaat əvvəlkindən də bərk yatıb. Bunu ondan bilirəm ki, kasıb-kusub indi də keçmiş əmanətlərin aşağı məzənnə ilə hesablanmasından şikayətlənməyə başlayıb. Tutaq ki, məzənnəni lap on dəfə artırdılar, axı, bundan sənə nə, a kasıb? Sənin on manatın olsa-olsa artıb yüz manat olacaq. Əvəzində isə cib kəsənlərin yüz mini bir göz qırpımında bir milyona çevriləcək. Yəni heç nə dəyişməyib. Həmişə olduğu kimi yenə hamı milyonerlərin cibi üçün çalışır. Belə görünür ki, bu dəfə də əziyyət kasıbın, əmanət milyonerlərin olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı