Bir neçə gün bundan öncə Modern.az saytının əməkdaşı yazıçı və şairlərlə birgə ədəbi tənqid mövzusunda maraqlı müzakirə açmışdı. Yaçılarımız tənqidi loru dildə desək, “ədəbiyyatımızın gömrüyü” adlandırmış və tənqidçiləri lazımsız əsərləri gündəmə gətirdikləri üçün də qınaq obyektinə çevirmişdilər. Həmçinin də demişdilər ki, niyə məhz ciddi ədəbiyyatın mövcud olduğu bir zamanda tənqidçilər maddi gəlir gətirən 7-ci dərəcəli bir əsər haqqında 1-ci dərəcli imiş kimi təqdimat verirlər? Yazıçı və şairlər tənqidçiləri həm də yalnız dostyana tənqid etməkdə və yerlibazlıqda ittiham etmişilər. Biz yazıçı və şairlərlə əsl tənqidçinin sorağına birgə çıxmağa qərar versək də, yenə də son sözü tənqidçilərin öz dilindən eşidək.
Bəs əsl tənqidçi varmı və onlar kimlərdi? Elə isə gəlin bu suala cavab tapmağa çalışaq.
Tənqidçi Əsəd Cahangir ədəbi tənqidin müasir imkanlarından və sovet dövrü ilə müqayisədə daha sərbəst olmasından danışdı. Bildirdi ki, sovet dövründə tənqidçilərin yazıları ədəbi estetik fakt deyil, siyasi-ideoloji fakt idi. Əsəd Cahangirin sözlərinə görə, sovet dövründə qələmə alınan tənqidi yazılarla yazıçıların taleyində həqiqətən müəyyən bir iş görmək mümkün idi. Amma indi ədəbiyyat ümümən dövlətin siyasətindən kənarda qaldığından tənqid də nəticə vermir:
“Bu məsələnin bir tərəfidir və ona görə də elə bir mənzərə alınır ki, guya sovet dövrünün tənqidi yaxşı idi, amma müasir tənqidimiz çox zəifdi. Əslində isə məsələ heç də belə deyil. Tənqidin və ədəbiyyatın cəmiyyətin həyatındakı rolu aşağı düşüb. Necə ki, sovet şairlərinin, yazıçılarının o dövrdə nüfuzu daha çox idi. Çünki dövlət onların yazılarına qiymət verirdi. Amma indi dövlət tərəfindən tənqidə heç bir münasibət yoxdur və tənqid azaddır, müstəqildir. Bu mənada tənqid bəzi şeyləri qazansa da, bəzi şeyləri də itirib. O mənada itirib ki, tənqidçinin gəlir mənbəyi və yaşamaq stimulu da sovet dövründə olandan çox-çox zəifdi. O vaxt tənqidçilərə yaxşı iş, bağ və ev verilirdi və tənqidçi də dövlətin siyasətinə xidmət edirdi“.
Müasir Azərbaycan ədəbi tənqidinin bu günə olan durumundan danışan Əsəd Cahangir münasibətlərin fərqli bir müstəvidə inkişaf etməsindən də söz açdı. O, qeyd etdi ki, tənqidçi bəzən dostluq amilini nəzərə alaraq, zəif əsərə də müsbət dəyər verə bilər. Bu da həmin yazıçı və şairin dost və ya yaxın tanış olmasından irəli gələn bir faktdır. Çünki tənqidçi şəxsiyyətinə bələd olduğu insanın əsərini də daha dərindən tənqid edə bilər. Ə.Cahangir yerlibazlıq və qrupbazlıq amillərinin isə heç bir müsbət tərəfinin olmadığını bildirdi.
“Gələk tənqidçinin maddi durumunun aşağı olmasına, burda da vəziyyət ürəkaçan deyil. Çünki bəzi tənqidçilər müəyyən mülahizələri götürüb 3-cü, yaxud 4–cü və ya 10-cu dərəcəli əsərdən yazır, yəni imkanlı yazıçıların əsərlərini nəzərdə tuturam. Amma imkanı olmayan istedadlı bir yazıçını isə qıraqda saxlayırlar. Bax bu fakt məni çox incidir“.
Müsahibimiz deyir ki, tənqidçinin bu günkü vəziyyəti yaxşı olmadığı üçün qonarar və hansısa digər gəlir yollar axtarmağa məcburdur.
“Axı tənqidçi də insandı. Onun da gündəlik məişət və yaşam problemləri var. Amma tənqidi öz həyat amalına çevirə bilən acığöz insanlar da var. Bu artıq məsələnin subyektiv tərəfidir. Mən ümumən sovet dövrü tənqidi ilə müasir tənqidimizi müqayisə edəndə dəhşətli dərəcədə geriləyən amillərin olmadığını görürəm. Amma deyim ki, gerilədiyi məqamlar da var, həmçinin irəlilədiyi məqamlar da... Tənqid indi daha azaddı və dünya ədəbi prosesi ilə sıx əlaqədədi. Həm də sovet dövründə yasaqlanmış mövzulara indi müraciət edilə bilər və tənqid bu sahədə çox sərbəstdir“.
Əsəd Cahangir bəzi kateqoriyada yer alan tənqidçilərlə özümü qəti müqayisə etmək istəmir. Deyir ki, o ancaq imkanlı şair, yazıçılardan yazıb, kasıb olanları unudanlar sırasında deyil və tənqidə o tərzdə yanaşanları da qınamır: “Mənim son illər olan fəaliyyətimə baxsanız, görərsiz ki, daha çox yazdıqlarım elə gənclərin əsərlərinə aiddi, amma onu da deyim bu gənclər maddi imkana da sahib deyillər. Yaşlı nəslin nümayəndələrindən isə bəziləri ya işsiz ya imkansız ya da oxcuların diqqətindən kənarda qalmış insanlardı ki, mən onlara cəmiyyətin və ədəbi ictimaiyyənin diqqətini cəlb etmək istəmişəm. Əsərləri haqqında yazdığım çox görkəmli şəxslər də var, amma bunu da heç vaxt maddi imkanlarla bağlamamışam. Tutaq ki, mən Elçin Əfəndiyevdən yazmışam, Anar müəlimdən yazmışam və bunun da müqabilində onlardan bir maddi qazanc güdməmişəm“ .
Tənqidçi Cavanşir Yusifli isə bir az nostalji duyğulara qapıldı və əsl tənqidçinin axtarışına elə öz tarixi keçmişində çıxdı.
““Əsl tənqidçi necə olmalıdır” sualı məni yaman kövrəltdi, uzaq tələbəlik illərimə bir növ ekskurs etməli oldum. Üçüncü kursda oxuyurduq, birdən xəbər gəldi ki, Qvatemaladan turistlər gəlib, bir neçə günlüyə onlara tərcüməçilik və bələdçilik eləmək lazımdır. Şübhəsiz ki, əvvəlcə qorxduq, çünki öyrəndiyimiz xarici dili ilk dəfə danışacaqdıq. Fikirləşdik görəsən danışa biləcəyikmi? Bir dəstə düzəldi, hamısı Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş kənd uşaqları. Bir Əhəd var idi, yaşca hamıdan kiçik idi, kompleksi olmadığından hamıya yanaşır, danışmağa cəhd edirdi. Mənim üçün ən çətin vəziyyət belə oldu ki, bir gün bələdçilik elədiyim dəstə nəsə yemək istədi, oturduq, hesabı vermək məqamı çatanda qızardım, çünki pulum yox idi və bunu kimsəyə demək olmazdı. Axırda mən xaric onlar birləşib hesabı ödədilər. Sonra, gələk Əhədin özünə. Bir gün qaça-qaça gəldi ki, “ayə, bilirsənmi xaricidən nə soruşdum? Soruşdum ki, ayə, sən xaricin özündənsənmi?””.
Bu xatirənin maraqlı açmasını tənqidçi bizlərə təqdim etdi və belə bir sualı da öz ardından əl sallayaraq saxladı. Görəsən əslində ədəbi tənqidin sərhəddi varmı?
“İndi mənə başa salın görüm, əsl tənqidçi nə deməkdir? Deyirlər ki, əsl tənqid ədəbiyyatımızın “gömrük postu” olmalıdır. Bax, burda, məncə insanlar yanılır. Tənqidin boynuna o qədər öhdəlik qoyursunuz ki, təsəvvür edin adam lap xiffətdən ölər. O gömrüyü sənə heç kim verməz. Gömrük ha... Burda bir neçə məsələ usta şəkildə bir-birinə qarışdırılır. Ernst Sternz Eliot tənqid haqqında yazıb, özü də silsilə yazılar. Bunlardan birini (“Ənənə və fərdi istedad”) keçən əsrin 90-cı illərində ana dilinə tərcümə etmişəm. Yeni ölçü vahidi, yeni söz və yeni üslub yaradıb. Tənqidin olmasından, yaxud olmamasından şikayət etmədən. Sadəcə, bu yazılar ona yeni ədəbi rakursu yaymaq məqsədi ilə lazım olub... və sonradan tənqidi fikrin şah əsərlərinə çevrilib. İlk poemasını dostu Paunda redaktə üçün verib, nəticədə əsərin dörddə bir hissəsi ixtisar edilib və indinin özündə də bu poema ingilis dilli ədəbiyyatında şah əsərlərindən biri sayılır. İndi redaktə demirəm, o intervyü aldığınız şair, yaxud yazıçılardan bir misranı tənqid eləsəniz, bütün aqressiyası işə düşər. Və aydındır: aqressiya olan yerdə istedad olmur. Sonra... Adamlar tənqidi bəzən elə başa düşürlər ki, guya mən tənqidçi şairin bütün tərcümeyi-halına cavabdeh olmalıyam. Şair demişkən, gəl indi bu daşdan təzə söz çıxar. Yetmişi haqlamış şair hələ də heç bir normal divara hörülməyən kərpic formatında kitab istehsal edirsə, bunun təqsirini birinci onun zövqünün alabəzəkliyində görmək lazımdır. Yaxud, şair deyirsə ki, mən “yeni metr icad eləmişəm”, daha tənqidə nə hacət. Yəni, sözün qısası, bizim ədəbi mühitdə tənqidə siz deyən anlamda ehtiyac yoxdur. Şair var ki, mətnləri - bədii mətn nəzəriyyəsini yaradanlardan üzr istəyirəm- tənqidə gəlmir, işi odur ki, daim “tənqid yoxdur” desin“.
Cavanşir Yusifli yazıçılar tərəfindən ittiham kimi səsləndirilən bəzi məqamlara da cavab verdi və əlsində ciddi ədəbiyatın görüntüsünü bir cümlə ilə tam olaraq ifadə etdi:
“Bu qara-qışqırıq baş aparır, ara-sıra dərc edilən, siz demişkən, əsl mətnlər də oxunmur, nəzərə alınmır“ .
Tənqidçi ciddi ədəbiyyata müraciət etdiyini bildirdi, amma bu ciddi ədəbiyyatı kimsənin oxumaq istəmədiyini vurğuladı. Sonra da misal gətirdi ki, yazıçı M.Cəfərlinin “Azərbaycan” jurnalında 2010 və 2012-ci illərdə iki romanı çap edilib (“Bərpaçı” və “Bənna”):
”Oxudum, yazı yazdım. Başqalarının da oxumasını istədim. Tənqidçilərə verdim. Heç kəs reaksiya vermədi. Biri belə dedi: süni və quramadır. İndi burada zövq məsələsinə gəlirik. Təsəvvür eləyin ki, tənqidçi illər uzunu keyfiyyətsiz bədii mətnlərdən yazır, şövqlə, ehtirasla... Nəzəri klişelər tezcə yaddan və dövriyyədən çıxır. Yaxşı əsəri yazmaq (1), sonra tanımaq (2) lazımdır. Məsələnin həm birinci, həm də ikinci hissəsi bir az qəliz məsələdir. Bax, bundan kimsə söz açmalıdır...”.
Könül Səid