Ermənistanda mayın 28-də Respublika Günü ilə bağlı keçiriləcək hərbi paradla bağlı hazırlıqlar davam edir. Hazırlıqlardan çəkilən görüntülərdə Çin istehsalı olan CH-4 “Rainbow” (“Göy qurşağı”) döyüş pilotsuz uçuş aparatları (PUA) da görüntülənib.
Mayın 25-də İrəvanda qeydə alınan görüntülər daha əvvəl Gümrü aviabazasında CH-4-lərin yerləşdirilməsi ilə bağlı yayılan, lakin rəsmi təsdiqini tapmayan məlumatları da faktiki olaraq təsdiqləyib. Bununla da CH-4 PUA-ları ilk dəfə Ermənistan ictimaiyyətinə açıq şəkildə nümayiş etdirilmiş olub.
Qeyd edək ki, bununla belə, Ermənistan hökuməti və Müdafiə Nazirliyi bu pilotsuz uçuş aparatlarının alınması ilə bağlı indiyədək rəsmi açıqlama verməyib.
Modern.az CH-4 PUA-larının xüsusiyyətlərini və funksiyalarını araşdırıb.
CH-4 necə bir PUA-dır?
CH-4 Çinin ən məşhur zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarından biri hesab olunur. Aparat Çin dövlət korporasiyası olan CASC (Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası-red) tərəfindən istehsal edilir və konstruksiya baxımından ABŞ istehsalı "MQ-9 Reaper" PUA-sına bənzəyir.
CH-4 əsasən hava kəşfiyyatı, müşahidə,hədəf koordinatlarının ötürülməsi, yüksək dəqiqlikli raket və bomba zərbələri üçün nəzərdə tutulub.
PUA-nın əsas xüsusiyyətləri aşağıdakılardır:
-30 saata qədər havada qalmaq imkanı
-7-8 kilometr yüksəklikdə uçuş
-peyk vasitəsilə uzaq məsafədən idarəetmə
-gecəgörmə və termal müşahidə sistemləri
-elektro-optik kamera kompleksi.
CH-4 müxtəlif idarəolunan sursatlarla- AR-1 tank əleyhinə raketlər, lazerlə idarə olunan bombalar, yüksək dəqiqlikli ağıllı sursatlarla silahlana bilir.
Bu aparat eyni zamanda cəbhə xəttindən uzaq məsafələrdə müşahidə aparmağa, artilleriya atəşini korrektə etməyə, canlı qüvvə və texnikaya dəqiq zərbələr endirməyə imkan verir.
CH-4-lər son illərdə Yaxın Şərq və Afrika regionlarında müxtəlif münaqişələrdə istifadə olunub və Çin tərəfindən bir sıra ölkələrə ixrac edilib.