Bakının zibillinməsində şəhər sakinlərinin rolu az deyil. Şəhər mühitinin əsas qayda-qanunlarından biri olan təmizliyə riayət etmək ən birinci özümüzdən asılıdır. Təmizlik, abadlıq, səliqə-səhman mədəniyyətin əsas tələblərindəndir. Hərə öz yaşadığı binanın, blokun təmizliyinə fikir versə, küçə ilə gedərkən əlinə gələni yerə deyil, zibil qutularına atsa, şəhərimiz də təmiz olar. Amma təəssüf ki, real vəziyyət heç də bizim arzuladığımız kimi deyil. Şəhərimizə baxıb, xoşagəlməz qoxu yayan zibillikləri görəndə heyfslənməyə bilmirsən.
Bir də görürsən küçədə gəzişənlərdən kimsə əlindəki boş siqaret qutusu və ya konfet kağızını, istifadə olunmuş kağız dəsmalı beş-altı addımlıqdakı zibil qutusuna atmağa tənbəllik edib hara gəldi tullayır.
Paytaxtımız üçün ən ürəkbulandıran hadisələrdən biri də küçədə gəzənlərin təkcə əllərindəki zibili hara gəldi tullamaları deyil, həm də hara gəldi tüpürmələridir. Hara gəldi tüpürmək də şəhərin təmizliyinə xələl gətirən xoşagəlməz mənzərədir.
Əksər xarici olkələrdə şəhərin çirklənməsinin qarşısını almaq məqsədilə küçəyə zibil atan, tüpürən və burnunu fınxıran şəxslərə qarşı inzibati qaydada cərimələr tətbiq olunur. Yəni bu kimi hərəkətlərə yol verənlər küçədə saxlanılaraq yerindəcə cərimələnirlər.
Yəqin ki, «Bura zibil tökmək olmaz...» kimi divarlarda əyri-üyrü hərflərlə yazılan elanlara Bakıdan başqa dünyanın heç bir paytaxt şəhərində rast gəlmək olmaz. Görəsən niyə, xarici ölkələrdə olduğu kimi bizdə də küçələri bilərəkdən zibilləyən şəxsləri cərimələmirlər?
Bəlkə də bir-iki nəfəri hamının gözü qarşısında cərimələsələr, zibili hara gəldi tullamağa da son qoyular. Bundan başqa təmizliyə rəayət etmə qaydalarının təbliği üçün maarifləndirmə tədbirlərinin keçirilməsinə də ehtiyac var.
Onu da qeyd etməliyik ki, Bakıdakı zibilliklərə görə təkcə şəhər sakinlərini günahlandırmaq insafsızlıq olar. Bu məsələdə təmizliyə cavabdeh, zibil daşınması ilə məşğul olan aidiyyatı təşkilatlar da məsuliyyət daşıyırlar. Məsələn, bir də görürsən ki, hansısa küçədə qutular zibillə o qədər dolub ki, aşıb-daşır. Amma onun vaxtında boşaldılmasına cavabdeh olanlar bu işi görmürlər. Paytaxtın lazım olan yerlərində zibil qutularının da çatışmadığını vurğulamaq lazımdır. Bakı şəhərində zibil yandırmaq qadağan olunsa da, əhali, özəl və dövlət qurumları buna əməl etmir.
Milli Məclisin Sosial-siyaysət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında çirklənmənin qarşısını almaq məqsədilə mütəmadi olaraq monitorinqlərin aparılmasını vacib hesab edir: “Təbii ki, Azərbaycanda bu, qanunvericilik səviyyəsində qadağan olunmayıb. Ancaq yerli icra hakimiyyəti nümayəndələri, kommunal xidmətlər, polislər buna nəzarət edir. İnzibati Xətalar Məcəlləsində də nəzarətlə bağlı maddə var. Bu baxımdan bələdiyyələrin də üzərinə əlavə məsuliyyət düşməlidir. Onlar da bu məsələyə nəzarət etməlidirlər. Bundan başqa, monitorinq və tədbirlərin keçirilməsi vacibdir. Bu həm də insanlardan əlavə mədəniyyət tələb edir”.
M.Quliyev sözügedən məsələnin gündəmə gətirilməsinin zəruriliyini vurğulayıb: “2010-cu il “Ekologiya ili” elan edilsə də, ölkədə ekologiyanın durumu arzuolunan səviyyədə deyil. Hesab edirəm ki, bu istiqamətdə qaldırdığınız məsələ bu gün üçün vacibdir”.
Günay MUSAYEVA