Modern.az

Azərbaycan Tədarük-Satış Birliyi - yeni qurum

Azərbaycan Tədarük-Satış Birliyi - yeni qurum

Ölkə

13 İyul 2012, 13:30

Nazirlik rəsmisi bunu fermerlər üçün çıxış yolu göstərdi


Hər il istehlak bazarlarda eyni tendensiya yaşanır. Belə ki, fermerlərin böyük əksəriyyəti eyni məhsulu əkdiyindən bazarlar həmin məhsulların bolluğu yaranır. Bu istehsalçıları əldə etdikləri məhsulu maya dəyərindən də aşağı qiymətə satmağa məcbur edir. Xeyli ziyana düşən fermer növbəti ili tamam başqa məhsul əkərək xeyir götürmək arzusunda olsa da, yenə də eyni situasiya ilə üzləşir. Belə olan halda fermerlər də çaş-baş qalaraq növbəti ili nə əkəcəklərini bilmirlər.

Maraqlıdır belə olan halda aqrar sahəni tənzimləmək olarmı?     

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev aqrar sahənin tənzimlənməsinə ehtiyac olduğunu deyir.

Onun sözlərinə görə, yerlərdə tədarük bazalarının yaradılmalıdır. Bunun üçünsə dövlət özəlləşmə proqramı qəbul olunduğundan özəl fəaliyyət göstərən insanlar birləşməlidirlər:

“Kooperasiya haqqında qanun var. Bu qanun qəbul olunandan sonra mütləq kəndlərdə bir neçə kooperativ yaradılacaq. Belə olan halda isə istehsalçılar fərdi şəkildə öz məhsullarını sata və bazarı öyrənə bilməzlər. Eyni zamanda tədarük satış bazaları dəmiryollarının  kənarlarında yaradılmalıdır. Azərbaycanın öz hesabına istehsal olunan meyvə, tərəvəz, kartof  məhsulları satılmır və fermerlərin əziyyəti əllərində qalır. Çünki onlar bazarı öyrənmədən məhsulu bazara çıxardırlar. Bu da hərc-mərclik yaradır. Belə olan halda həm istehsalçılar,  həm də istehlakçılar itirir. Ona görə də imkanlı və bazara bələd olan şəxslər tədarük bazaları yaratmalıdırlar. Onlar bazarda araşdırma aparıb istər ölkəmizdə, istərsə də xaricdə hansı məhsula tələbat olduğunu öyrənməli və fermer təsərrüfatlarına sifariş verməlidirlər. Aqrar bazarın bu cür tənzimlənməsi dövlətə və fermer təsərrüfatlarına küllü miqdarda gəlir gətirə bilər”.

Nazirlik rəsmisi onu da bildirdi ki, bu sahəyə imkanlı, özəl şəxslər qatışmasa belə, dövlət mütləq bu işə müdaxilə etməlidir. Onun sözlərinə görə, nazirlik dəfələrlə sözügedən məsələni ayrı-ayrı qurumlar qarşısında qaldırıb.

Azərbaycan Tədarük-Satış Birliyi adlı bir qurum yaratmaq lazım olduğunu deyən S. Vəliyev bildirdi ki, birliyin əsas işi məhsulun satışını həyata keçirtmək olacaq və istehsalçıları bu qayğıdan azad edəcək:

“Bu mexanizm işə düşərsə heç bir istehsalçının məhsulun sonrakı taleyi ilə bağlı qayğısı qalmayacaq. Fermer yalnız məhsulun istehsalı ilə məşğul olacaq. İstehsalçı məhsulunu istehsal etdikdən sonra Azərbaycan Tədarük Satış Birliyi bu məhsulu əlinə almalı fermerin vəsaitini verməlidir”

Dövlət nəzarətinin aqrar bazarda şəffaflıq yaradacağını deyən şöbə müdiri bildirdi ki, belə olan halda yollarda və gömrük orqanlarının yaratdığı maneələr dövlət səviyyəsində həll olunacaq və  insanlar istənilən ölkəyə məhsul ixrac edə biləcəklər.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmovun fikrincə, aqrar təsərrüfat bazarının tənzimlənməsində dövlət birbaşa iştirak etməlidir. Bunun üçün dövlət ilk növbədə fermerlərlə danışıqlar aparmalı, onları məhsullarını soyuducu kameralarda saxlamaq üçün əlaqələndirməlidir:

“Fermerlər məhsul istehsal etmək üçün banklardan kifayət qədər böyük məbləğdə kredit götürürlər. Vəsaitin əksəriyyəti isə toxum və gübrə əldə edilməsinə xərclənir. Bazarda məhsul bol olduğundan təsərrüfatçılar məhsullarını sata bilməyərək ziyana düşürlər. Onlar banklara borcu qaytara bilmir və növbəti mövsümdə toxum ala bilmirlər. Belə olan halda isə onlar istehsaldan yayınırlar”.

Daxili bazardakı problemdən danışan ekspert bildirdi ki, bu gün bazar alverçilərin inhisarındadır. Hətta hökumətə təsir etmək qabiliyyətində olan işbazlar fermerlərin öz məhsullarını bazara çıxarmağa mane olurlar. Nəticədə nəinki bazarlarda hətta dövlətin təşkil etdiyi azad satış mərkəzlərində-yarmarkalarda belə onlar öz məhsullarının bazara çıxara bilmirlər:

“Bu gün Lənkəranda pomidorun qiyməti 15 qəpik olduğu halda Bakıda 80 qəpikdən aşağı düşmür. Kartofu isə alverçilər istehsalçılardan 5-8 qəpikdən alıb paytaxtda 40 qəpikdən satırlar. Həmin fermerlərdən soruşanda ki, özləri öz məhsullarının paytaxtda gətirib satmırlar. Cavabları belə olur: “məni bazara buraxmırlar”. Bazar alverçilərin əlindədir. Belə ki, bazar rəhbərləri həmin adamları birdəfəlik ora qeydə alıb. Onlar da həmin yerdə daimi alverlə məşğul olurlar. Onda niyə dövlətin təşkil etdiyi yarmarkalara çıxartmırsan sualına isə cavabları belə olur: “yarmarkaya gələndə alverçilərin yük maşınını yarmarkaya buraxır, bizim üçün isə problem yaradırlar”. Onlardan əlavə vəsait istəyirlər ki, bu da hökumət tərəfindən yaradılan yarmarkalarda rüşvətxorluğa yol açır”.

Aqrar təsərrüfatı tənzimləmək üçün hökumətin kənd təsərrüfatını ələ almalı olduğunu deyən V. Məhərrəmovun sözlərinə görə, bu gün rayonlarda kifayət qədər anbarlar, soyuducu kameralar var:

“Hazırda rayonlarda kifayət qədər köhnə anbar boş qalıb. Bunun üçün dövlət həmin fermerlərlə danışıqlar aparmalı, onları öz məhsullarını həmin anbarlara qoymaq üçün əlaqələndirməlidir. Belə olan halda fermerlər istehsal etdiyi məhsulu anbarda saxlayaraq etap-etap bazara çıxara bilir. Əks halda istehsal etdiyimiz məhsul torpağın altında xarab olacaq. Bizim ölkəyə isə xaricdən heyvan üçün nəzərdə tutulmuş  ya da plastmas, spirt, kraxmal istehsalında istifadə olunan məhsullar gətiriləcək. Təbii ki, bunlar da insan orqanizmi üçün təhlükəlidir. Bizim fermerlərin təbii istehsal etdiyi yerli məhsulu batırırıq, amma xaricdən zay məhsul gəlməsinə imkan yaradırıq. Buda monopolistlərin əlindədir. Burada marağı olan adamlar var. Hətta onlar elə güc sahibidirlər ki, hökumətə təsir etmək qabiliyyətinə malikdirlər. Necə illərdir deyirlər hökumətin hesabına tədarük şirkətləri yaransın və büdcədən pul ayrılsın. Bu şirkətlər fermerlərin məhsullarını qəbul etsin. Amma hələ ki bir nəticə yoxdur”.  

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı