Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədovanın Modern.az saytına müsahibəsi
– Yenidən seçkilərə qatılmağınız necə baş verdi, özünüz təşəbbüs göstərdiniz, yoxsa ?
– 2000-2005-ci illərdə də millət vəkili olmuşam. 2000-ci ilin yanvar ayında rektor təyin olunmuşdum. Noyabr ayında da millət vəkili seçildim. Bu dövr rektorluğumun və deputatlığımın da ilk dövrü olduğundan mənim üçün o qədər də sadə olmadı. Hər iki fəaliyyət növünə öyrənməli idim, çünki bu fəaliyyət növləri mənim üçün yeni idi. Ona görə də bir qədər yorğunluq hiss edirdim. Daha ciddi universitetin işi, rektorluqla bağlı işlər, təhsillə, elmlə bağlı işlərlə məşğul olmaq zərurətini hiss edərək arada 5 il fasilə verdim.
Yenidən seçkilərə qatılmaqla bağlı deyə bilərəm ki, zənnimcə, belə məsələlərdə təşəbbüs göstərmək o qədər də düzgün deyil. Baxmayaraq ki, təşəbbüs göstərənlər, öz namizədliyini irəli sürənlər də çox olur. Buna demokratiya şəraitində çox normal da baxılır. Fikrimcə, cəmiyyət, hansısa bir partiya, hansısa bir qrup insanlar namizədə müraciət edib, deməlidirlər ki, səni biz deputat görmək istəyirik. Mənə üzvü olduğum Yeni Azərbaycan Partiyasından bu təklif gəldi və mən də məmnuniyyətlə namizədliyimi irəli sürməyə razı oldum, çünki bu, doğrudan da fəaliyyətimə, şəxsiyyətimə verilən çox yüksək qiymətdir. Əlbəttə ki, bundan imtina etmək mümkün deyil. Düşünürəm ki, millət vəkili adı çox böyük bir addır və buna layiq olmaq yəqin ki, hər bir vətəndaşın arzusudur. Belə təklif olan zaman qərar verdim ki, bütün qüvvələrimi səfərbər edib, ikinci dəfə seçkilərə qatılım.
– Seçicilərlə görüşlərinizi necə təşkil edirsiniz, ayda neçə dəfə görüşürsünüz?
– Mən 3 rayondan deputat seçilmişəm. Seçicilərimin təxminən, 50%-i Goranboy, 10%-i Tərtər, qalanı isə Ağdam rayonunun sakinləri, məcburi köçkünlərdir. Çox təəssüflər ki, onlar indi demək olar ki, respublikanın bir çox rayonlarında məskunlaşıblar. Mənim seçildiyim ərazi çox böyükdür, Goranboy, Tərtər rayonunun bir hissəsi, Ağdam rayonunun seçiciləri isə Şəkidən başlayaraq, Sumqayıta qədər olan rayonlarda məskunlaşıblar. Ayda bir neçə dəfə gedib, onlarla görüşmək mümkün deyil. Amma çalışıram ki, imkan olduqca, növbə ilə o kəndlərdə olum, olmadığım kəndlər varsa, onları da çalışıram ki, qrafikimə salım, hətta məzuniyyət vaxtından da istifadə edib onlara baş çəkim. Təxminən 60-a yaxın yaşayış yerlərini əhatə etməliyəm. Qarşıma məqsəd qoymuşam ki, bu deputatlıq dövrü ərzində bu kəndlərin hər birində heç olmaya 2-3 dəfə olum. Goranboy rayonunda mənim qərargahım yerləşir və orada da köməkçim oturur. Köməkçim vaxtaşırı kəndlərə gedir, əhali, kənd nümayəndələri ilə görüşür, əmələ gələn sualları, problemləri mənim həll edə biləcəyim məsələləri öyrənir və mənə çatdırır. Son görüşlərimdən biri iyul ayında oldu, bir neçə dağ kəndində oldum. Əhali ilə görüşüb, problemləri ilə tanış oldum, söhbət etdik. Görüşlərin nəticəsi olaraq, problemlərin həlli ilə bağlı bir neçə dövlət qurumuna da müraciət etdim. Goranboyun Todan kəndində əhali tərəfindən mənə müraciət olundu ki, bu kənd çox itkilər verib. Qarabağ müharibəsində həlak olmuş qəhrəmanlarımıza, şəhidlərimizin xatirəsinə bir abidə yoxdur. Mən də onlara söz verdim ki, bir abidənin mütləq orada tikilməsinə nail olacağıq. Universitetimizin memarlarına, inşaatçılarına bu barədə danışdım, qərara gəldik ki, öz qüvvəmizlə bu abidəni tikək. İndi demək olar ki, abidə hazırdır. Yaxın bir neçə həftə ərzində abidənin tamamlanma işləri başa çatacaq və abidənin açılışında todanlılarla birlikdə iştirak edəcəyik.
– Namizəd olan vaxt deputatlar seçicilərinə bir çox vədlər verir. Bir deputat kimi verdiyiniz vədlərdən hansıları yerinə yetirmisiniz?
– Mən də bilirəm ki, deputatlar bir çox vədlər verir, amma mən çalışdım ki, çox vəd verməyim. Görüşlər zamanı da seçicilərə dedim ki, mən vəd verməyəcəyəm, çünki bəzən insan vədi verir, sonra da o vədi yerinə yetirmək mümkün olmur. Mən söz verdim ki, əvvəla, layiqincə sizin millət vəkiliniz adını daşıyacağam və siz heç zaman utanmayacaqsınız ki, millət vəkiliniz nəsə bir yersiz hərəkət etdi, yaxud da ki, yersiz bir söz danışdı. Dedim ki, sizin müraciətlərinizin, problemlərinizin hamısını imkanım daxilində həll etməyə çalışacağam. Bu vədi vermişəm və çalışıram ki, bu vədin də öhdəsindən gəlim.
– Seçiciləriniz əsasən hansı məsələlərlə bağlı sizə müraciət edir?
– Müraciət olunan məsələlər çoxdur. Onları iki hissəyə bölmək olar: birinci, ümumi problemlərlə bağlı məsələlərə suvarma suyunun çatışmazlığı, içməli su problemi, hansısa bir kənd məktəbinin yaxşı vəziyyətdə olmaması, onun bərpası, yenidən tikilməsi kimi məsələlər aiddir. Bunlarla yanaşı, şəxsi problemlər də olur. Hər bir insanın həyatında elə problemlər olur ki, o, deputata müraciət etməyi lazım bilir, özü həll edə bilmədiyi məsələləri hansısa dövlət qurumlarının köməkliyi ilə həll etməyə cəhd edir. Ümumi problemlərlə bağlı, daha çox məşğul oluram, çünki bu hamıya aid olan problemlərdir. Bu işlərlə bağlı məqsədyönlü şəkildə işimi qururam, Nazirlər Kabinetinə müvafiq nazirlərə müraciət edirəm. Millət vəkili kimi Milli Məclisin iclaslarında büdcə müzakirə olunanda, həmin problemləri qaldırıram. Çalışıram ki, o problemlərin həll olunması üçün müəyyən qərarlar verilsin. Şəxsi müraciətlərlə bağlı da iş aparıram. Həll edə bildiyim və edə bilmədiyim məsələlər də var, amma çalışıram ki, heç bir müraciət cavabsız qalmasın, mənə məktub yazan insanların heç biri deməsin ki, məktubum cavabsız, yaxud da ki, diqqətsiz qaldı. Əgər həll olunmursa, o adama bildirilir ki, filan məsələlərə görə qaldırdığınız problem bu gün həll oluna bilmir. Ev tikmək, işə qəbul olunmaq məsələsi ilə bağlı çoxları müraciət edir. Müraciət edirlər ki, evim uçub, özümün də imkanım yoxudur, mənə ev tikməkdə kömək edin. Bu cür müraciətləri rayon icra hakimiyyətinə göndərirəm, çünki onların müəyyən qədər köməkliklər etmək üçün vəsaitləri olur. Bəzi hallarda edilən müraciətlər həll olunmamış qalır.
– Artıq 2 ilə yaxındır ki, deputat mandatı daşıyırsınız. Təmsil olunduğunuz rayonda gördüyünüz hansı mühüm işləri sadalaya bilərsiniz?
– Bir neçə məktəbin yenidən təmir olunması barədə məsələ qaldırmışam. İndi məktəblərin yenidən tikiləni, təmir olanı da var. Mən iki il bundan əvvəl deputat seçiləndə, bir sıra kəndlərin sakinləri qazın çəkilməməsindən narahat idilər. Tapşırıq da vermişdilər ki, kəndlərə təbii qazın çəkilişini tezləşdirək. Prezidentin regionların inkişafına yönəldilmiş fəaliyyəti nəticəsində bu problem həll olunub. Həm suvarma, həm də içməli su ilə bağlı problemlər var idi. Bu problemlərlə bağlı müraciət edib, müəyyən qədər köməklik də etmişəm. Düşünürəm ki, bu ehtiyacların tam ödənilməsi üçün işlər davam etməlidir. Bundan əlavə, kəndlərdə müəyyən görüşlər keçirilib. İmkansız adamlara, məcburi köçkünlərə bayramlarda köməklik olunur. Hər il 100 birinci sinif şagirdlərinə məktəb ləvazimatı hədiyyə edilir. Bu cür işlər həyata keçirilir.
– Memarlıq və İnşaat Universitetinin rektoru kimi məzunlarınız barədə hansı qənaətləriniz var?

– Bizim universitetimiz inşaat sahəsi üçün mütəxəssis hazırlayır. 7 fakültəmiz var. Memarlar, insaatçılar, nəqliyyat üzrə mühəndislər, inşaat texnologiyası, informasiya texnologiyaları, iqtisadiyyat üzrə mütəxəssislər hazırlayır. Universitetin fəaliyyət sferası çox genişdir. Bu gün ölkəmizdə inşaat sektoru çox sürətlə inkişaf edir, görülən işlər çoxdur. Deyə bilərəm ki, məzunlarımızın əksəriyyəti öz ixtisası üzrə iş yeri tapıb çalışırlar. İndiki məzunlarımızla 10 il əvvəlki məzunlarımızı müqayisə etsək, indi onların səviyyələri daha yüksəkdir və yaxşılaşma ardıcıl sürətdə ildən-ilə müşahidə edilir, keyfiyyət artır. Bunun ilk növbədə, səbəbi odur ki, təhsil sistemində islahatlar aparılır. İslahatlar get-gedə genişlənir. Amma eyni zamanda demək olmaz ki, biz tamamilə öz işimizdən razıyıq. Bizim hələ bir çox aradan qaldırılası problemlərimiz var. Universitetimizin məzunlarının daha keyfiyyətli hazırlanması üçün lazım olan maddi-texniki baza inkişaf etməli, müəllim potensialımızın yeniləşməsi, modernləşməsi üçün işlər görülməlidir. Böyük dəyişikliklərimiz var, bundan sonra da daha böyük dəyişikliklərimiz olacaq və olmalıdır ki, dünya səviyyəsində müasir standartlara uyğun mütəxəssislər buraxılsın.
– Bir rektor olaraq, hazırda gənclərin bilik və kitab oxuma səviyyələrini necə dəyərləndirirsiniz?
– 10-20 il əvvəllə müqayisə etsək, hazırkı gənclərimiz daha çox inkişaf edib. Bugünkü gənclərimiz daha dinamikdir. Gənclərimiz bilik almağa, mütəxəssis olmağa daha çox can atır. Bu gün universitetə gələn gənclərin içərisində, cəmiyyətdə öz yerini düzgün başa düşən, öz gələcəyini düzgün görən və qarşısına məqsəd qoyub, bu məqsədə çatmaq istəyən gənclərin sayı daha çoxdur. Təbii ki, zəif tələbələrimiz də var, amma güclü tələblərin sayı get-gedə artır. Məni sevindirən budur ki, tələbələrimizin fəallığı gündən-günə artır. 15 il bundan əvvəl biz sakit, dinləyən bir auditoriya görürdüksə, bu gün artıq sual verən, danışan, fikrini söyləyə bilən, bilikləri tələb etməyi bacaran, xarici dil və kompüter bilikləri əla olan tələbələr görürük. Gənclərin kitab oxumağına gəldikdə isə, kompüter kitab oxuma mədəniyyətinin rolunu bir qədər azaldır. Lakin mənim tövsiyəm o olardı ki, gənclərimiz kitab oxumağı yaddan çıxartmasınlar. Bədii ədəbiyyatın, mütaliə mədəniyyətinin insan səviyyəsinin yüksəlməsində rolu böyükdür. Ziyalı, mədəni, intellektli insan yalnız kitab oxumaqla, yüksələ bilər. Biz çalışırıq ki, bu xüsusiyyətləri gənclərdə aşılayaq.
– Əvvəlki illərdə deputatlıq fəaliyyətiniz daha aktiv görünürdü. İndi bu aktivlik bir o qədər də müşahidə olunmur. Bunu nə ilə izah etmək olar?
– Mən belə düşünmürəm, amma siz sual verirsiniszə, bir qədər bu barədə düşünərəm. Görünür, gördüyüm işləri sərgiləmək, göstərmək, reklam etmək bacarığım yoxdur. Bu barədə düşünərəm.
– Bakı şəhərində vüsət götürmüş tikinti barədə fikirləriniz necədir?
– Fikirlərim çox yaxşıdır. Bu gün tikinti fəaliyyəti daha yüksək səviyyədə, daha keyfiyyətli, daha düşünülmüş gedir. Bu gün Bakı şəhərində görülən işlər şəhərin müasirləşməsinə, gözəlləşməsinə, inkişafına və gələcəkdə rahatlığına yönəlmiş işlərdir. Onları yalnız alqışlamaq olar. Mən fəxr edirəm ki, universitetimizin həm məzunları, həm də müəllimlərimiz bu işdə fəal iştirak edirlər.
–- “Göydələnlər”in pinti şəkildə tikilməsi barədə rəylər səslənir. Şəhərin tikilməsi ilə bağlı səslənən tənqidləri bölüşürsünüzmü?
– Göydələnlərin baxımsız olması, memarlıq nöqteyi-nəzərindən keyfiyyətli olmaması daha çox 90-cı illərin sonunda, 2000-ci illərin əvvəlində tikilən göydələnlərə aid edilə bilər. İndi isə tikilən binalar əminəm ki, daha keyfiyyətlidir, həm də xarici görünüşləri yaxşıdır. Əvvəllər binaların necə tikilməsindən asılı olmayaraq, mənzillərə tələbat böyük idi, ona görə də mənzillərin hamısı alınırdı. Bu gün isə Azərbaycan vətəndaşı daha rahat, daha gözəl, daha keyfiyyətli ev almaq istəyir və təbii ki, tikinti bazarı da bu tələblərə cavab verməyə çalışır.
– Dövlət universitetlərində təhsilin pulsuz olması barəsində fikirlər səslənir. Hətta payız sessiyasında bu məsələnin müzakirə olunması da nəzərdə tutulur. Bir rektor və millət vəkili kimi sizin fikirləri bilmək maraqlı olardı.
– Bu gün dövlət universitetlərində yeni maliyyələşmə mexanizmi tətbiq edilir və universitetlərə dövlət büdcəsindən əvvəlki qaydada pul verilmir. Universitetlərə dövlət büdcəsindən dövlət sifarişi ilə qəbul olunan tələbələrə pul ayrılır. Universitet o məbləğdən istifadə edərək, fəaliyyət göstərir, əmək haqqı, tələbələrin təqaüdü, kommunal xərclər, avadanlıq xərcləri də həmin puldan ödənilir. Təhsil pulunun dövlət tərəfindən tam verilməsi üçün universitetin bütün tələbə kontingenti dövlət sifarişi ilə oxumalıdır. Bu, isə mümkün deyil. Bu gün universitetdə həm dövlət sifarişi ilə qəbul olunmuş, həm də öz hesabına ödənişli oxuyan tələbələr var və gələcəkdə də bu, belə olacaq. Mən düşünmürəm ki, dövlət universitetlərində təhsilin pulsuz olması barəsində məsələ bu gün realdır.
– Milli Məclisdə kimlərlə dostluq edirsiniz?
– Hamı ilə münasibətim yaxşıdır.
– Mütaliə ilə məşğul olmağa vaxtınız qalırmı? Ən son oxuduğunuz kitab hansıdır?
– Mütaliə ilə məşğul olmağa əslində, vaxtım yoxdur, amma mən oxuyuram. İstirahət edəndə, boş vaxtlarımda, ezamiyyətdə olanda mütləq özümlə kitab götürürəm. Son dəfə istirahətə gedəndə, özümlə Çingiz Abdullayevin iki kitabını götürmüşdüm və onları da həvəslə oxudum.
– Hansı musiqiləri dinləməyi xoşlayırsınız?
– İnsan yaşlandıqca daha çox ciddi musiqiyə qulaq asmağı xoşlayır. Mən də klassik musiqiyə daha çox qulaq asıram.
– Həm rektorluq, həm də deputatlıq kimi fəaliyyətin ikisini də bir arada necə çatdırırsınız?
– İkisi də məsuliyyətli və böyük əmək tələb edən işdir. Düşünürəm ki, çatdırıram. Həvəslə hər ikisini icra edirəm, hələ ki, bir yorğunluq da hiss etmirəm. Düşünürəm ki, hər kəs işini planlı qurmalı, dinamik və operativ olmalıdır.
– Ailənizə, ev işlərinə vaxt ayıra bilirsinizmi?
– İş günü qurtarandan sonra təbii ki, ailəmə və ev işlərinə vaxt ayırıram. Bizim ailədə hər kəs böyükdür və buna görə də çətinlik yoxdur. Hamı özünü idarə edir.
– Boş vaxtınız olurmu? Olan təqdirdə, asudə vaxtınızı necə dəyərləndirirsiniz?
–Boş vaxtım çox az olur, olanda da çalışıram ki, təmiz havaya, təbiət qoynuna çıxım, kitab oxuyum, öz ailəmlə, doğmalarımla olum.
Nihadə Eyyubova