Türkiyənin səkkizinci prezideti Turqut Özalın məzarının açılması ilə bağlı tanınmış mütəxəssislər xəbərdarlıq ediblər. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, eks-prezidentin məzarının açılması haqda geniş açıqlama verən professor doktor Nevzat Alkan məzarın açılmasının təhlükəli olduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, Özalın məzarından 100 milliqram saç götürüləcək.
“Turqut Özalın məzarının açılması və onun ölüm səbəbinin 19 ildən sonra müəyyən edilməsi çox çətindir. Bunu yalnız məzardan görütülən saçla müasir texnologiya əsasında müəyyən etmək mümkündür. 19 ildir davam edən bir mübahisə, sıx şübhə var. Bir-iki tel saça belə analiz edilib nəticə alına bilər. Məzarda bir qram saç tapılsa rahatlıqla Turqut Özalın zəhərlənərək öldürülüb-öldürülmədiyi ortaya çıxacaq. Biz hesab edirik ki, saçdan götürül nümunə ilə biz Turqut Özalın ölümündəki müəmmanı aşkar edə biləcəyik. Belə ekspertizalar daha çox Amerikada aparılır. Bu baxımdan xarici mütəxəssislərin də köməyinə ehtiyac duyulur. Sadəcə məzarın açılacağı günü gözləyirik. İnanırıq ki, həqiqət aşkara çıxacaq”, - deyə həkim-ekspert vurğulayıb.
Qeyd edək ki, Türkiyənin sabiq prezidenti Turqut Özal 1993-cü il aprel ayının 17-də müəmmalı şəkildə vəfat edib.
Anar RÜSTƏMOV