Azərbaycanda dini lider yoxdur
Sonuncu İlahi səmavi din olan İslamda insan həyatının bütün mərhələləri, eləcə də sosial münasibətlər, idarəetmə ilə bağlı suallara cavab tapmaq mümkündür. Ancaq təbii ki, İslam dini bu kimi mövzularda öz qızıl qaydalarını tətbiq edir, eləcə də bu qaydalardan kənara çıxmayan dünyəvi qanunlarla da müxalif olmur. Məsələn, şəriət dinin təməl prinsipləri (tövhid-təkallahlılıq, nümuvvət-peyğəmbərlik və məad-Qiyamət) ilə ziddiyyət təşkil etməyən dəyərlərə dözümlü yanaşır, onlara qucaq açır. Məsələn, bu yazıda söhbət açacağımız seçkilər kimi...
Azərbaycan müsəlmanları Cümhuriyyət dövründə
23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əsas fəal siyasi qurumlar çar Rusiyasının son illərində həyata keçirilmiş siyasi islahatlar nəticəsində ortaya çıxmış siyasi təşkilatlar idi. Cümhuriyyət dönəmində əsas İslamçı siyasi təşkilat təbii ki, İttihad Partiyası idi. Daha əvvəl İttihadi İslam – Rusiyada Müsəlmanlıq adlanan təşkilat 1919-cu il aprelin 10-da keçirilən qurultayda “Qafqaz İttihad Firqəsi” adını qəbul edir. Müasir Azərbaycan (eləcə də sovet) tarixşünaslığı islamçı İttihad partiyasına qarşı hər zaman yumşaq deyilsə ögey münasibət bəsləyib. Xüsusən də ittihadçıların Müsavat Partiyasına qarşı əsas müxalifət mövqeyində dayanması və 1920-ci ildə kommunistlərlə yaxınlaşması bu təşkilata qarşı əsas ittihamlardan biridir. AXC parlamentində 11 ittihadçı deputatla təmsil olunub. Bunlar: Qara bəy Qarabəyli, Mir Yaqub Mehdiyev, Kazım Əhməd Məmmədbəyov və digərləri idi.
Qeyd edək ki, bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da seçkilərdə xalq islamçı qüvvələrə dəstək verirdi. Baxmayaraq ki, o zaman Azərbaycanda əsas aparıcı qüvvə olan və milli dövlətçilik platformasının aparıcı gücü olan Müsavat Partiyası da İslama doğma baxırdı, amma buna baxmayaraq 1917-ci ildə keçirilən Məclisi Müəssisan seçkilərində “Müsavat”la liberalların koalisiyası Qafqazda ən çox səs qazanmasına baxmayaraq, Bakı ətrafındakı kəndlərdə ağır məğlubiyyətə uğramışdı. Belə ki, Bakı ətrafında din amilinin güclü olması səbəbindən əhali daha çox islamçı “İttihad”a səs vermişdi. Hətta Məmməd Əmin bəyin öz kəndlərində, yəni Novxanıda belə Müsavat məğlub olmuşdu (Altay Göyüşov. “İttihadçılıq”, Bakı 1997.). Bu onu göstərirdi ki, Azərbaycanda milliyyətçi, liberal dəyərlərin yayılmasına, ADR-in formalaşmasında iştirak edən qüvvələrin milliyyətçi qüvvələrdən olmasına, yəni aparıcı siyasi xətti bu qüvvələrin aparmasına baxmayaraq İslam dini yenə də aparıcı qüvvə olaraq qalırdı. Aydın məsələdir ki, tarix tapmacaları sevməsə də, bir fakt dəqiqdir ki, ADR dövründə ikinci əsas siyasi qüvvə islamçı – İttihad idi...
Müsəlman ölkələrində dini şüarlarla çıxış edən və ya İslamçı təbəqəyə aid qüvvələrin siyasi həyatda fəal olmaları, seçkilərdə uğur qazanmaları bilavasitə İslam dinin xarakteri ilə əlaqədardır. İslam dini bütövlükdə müsəlmanların həyatının bütün sahələrində olduğu kimi siyasi fəaliyyətləri üzərində də təsirə malikdir. Müsəlman dini ehkamları, eləcə də ruhaniyyət müsəlman cəmiyyətində aparıcı rola malik olmaqla yanaşı, ümumilikdə bu din (İslam) sırf ibadət və dua toplusu olmaqdan çıxaraq cəmiyyəti arxasınca aparan ideologiya kimi çıxış edir. 1990-cı ildə Əlcəzairdə, 2002-ci ildə Türkiyədə, 2006-cı ildə Fələstində və nəhayət 2012-ci ildə Misirdə keçirilən seçkilərin nəticələri göstərdi ki, nisbi də olsa demokratiya, azadlıq şəraitində fəaliyyət azadlığı əldə etmiş İslamçı siyasi qüvvələr seçkilərdə qələbə qazana bilir. Təbii ki, köməkçi şərtlər də yerində olmalıdır. Bu isə ilk növbədə təşkilat və liderlərin olmasıdır. Bu şərtlər yerində olduqda, yəni müəyyən fəaliyyət azadlığı, lider və dini platformaya təşkilat olduqda İslami qüvvələr seçkilərdə qələbəyə iddialı olurlar. Yuxarıda örnəkləri qeyd etdik.
Azərbaycanda seçkilər və islamçılar
1991-ci ildə SSRİ dağıldıqdan, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə din azadlığı elan olundu. Və təbii ki, az sonra ölkədə bir sıra dini təsisatlarla – təhsil müəssisələri, yardım fondları, xeyriyyə təşkilatları, məscid və hüseyniyyələrlə yanaşı, siyasi partiya – Azərbaycan İslam Partiyası – yaradıldı. Ancaq təbii ki, bir sıra səbəblərdən ilk vaxtlarda populyar olan bu təşkilat ölkədə aparıcı siyasi qüvvəyə çevrilə bilmədi. Burda əsas faktorlar islamçılar daxilində güclü siyasi liderlərin olmaması, təşkilati işlərin, ideoloji proqramın zəif olması və nəhayət AİP-in Azərbaycanla o qədər də yaxşı münasibətlərin olmadığı İrana yaxın olması idi.
Ancaq bütün bunlara baxmayaraq, eləcə də Azərbaycanda dini fəaliyyət üzərinə nəzarətin artmasına (təxminən Azərbaycanın müstəqilliyinin 10-cu ilindən etibarən hökumət dini fəaliyyətə qadağaları gücləndirməyə başladı) baxmayaraq 2000-ci illərin əvvəllərindən etibarən Azərbaycanda siyasi şüarlar sırasına dini çağırışlar da görünməyə başladı. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Əfqanıstana, daha sonra İraqa ABŞ-ın hərbi müdaxiləsi müsəlman ölkələrində anti-Qərb dalğasını və buna paralel olaraq siyasi İslam şüarlarını və dini hərəkatlarını gücləndirdi. Bu dalğa Azərbaycandan da yan ötmədi. Ancaq yuxarıda qeyd olunan, dövlətin təzyiqləri, eləcə də güclü proqrama sahib dini təşkilat və liderlərin olmaması səbəbindən Azərbaycanda bu fəallaşma açıq görünə bilmirdi. Lakin buna baxmayaraq 2002-ci il Konstitusiya dəyişikliyi referendumunda, 2003-cü il prezident, 2005-ci il parlament seçkiləri zamanı seçki təbliğatında dini şüarlar (birbaşa da olmasa), eləcə də din xadimləri iştirak etdi. Məsələn, ölkədə yarı-rəsmi dini qurum olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 2002-ci ildə keçirilən referendum zamanı dəyişikliklərə səs verməyə çağırış etməsi, eləcə də QMİ-nin üzvü olan rəsmi ruhaniyyətin seçki təbliğatında iştirakı ilk ciddi fakt idi. Təbii ki, seçkilərdə, xüsusən də 2003-cü il seçimlərində ilk dəfə olaraq bir sıra din xadimləri müxalifət namizədləri, əsasən də Müsavat başqanı İsa Qəmbərə (İçəri Şəhər Cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu nümunəsi) dəstək verdi. Eləcə də həm müxalifətin, həm də hakimiyyətin namizədləri Bakı ətrafında yerləşən dini ziyarətgahlara baş çəkərək ziyarət etməsi zəif də olsa dini kütləyə hesablanmış seçki təbliğatı idi.
2013 seçkilərində din amili və proqnozlar
Çox böyük ehtimalla 2013-cü il seçkilərində din amili qabarıq olacaq. Ancaq bu heç də o demək deyil ki, gələn ilki seçkilərdə Azərbaycanda Misirdə və ya Türkiyədə olduğu kimi hansısa konkret dini təşkilatı təmsil edən lider ortaya çıxacaq. Bu ehtimal çox zəifdir. Ancaq bununla yanaşı növbəti seçkilərdə dindar icmanın səslərini qazanmaq namizədlərin seçki siyasətində əsas xətlərdən birini təşkil edəcək. Son bir neçə ildə baş verən hadisələr təsdiqləyir ki, Azərbaycan da digər müsəlman ölkələrində olduğu kimi dindarlar getdikcə ictimai-siyasi həyatda daha qabarıq nəzərə çarpırlar. Son illərdə aparılan həbslər dalğası göstərir ki, təqibə məruz qalan və deməli hakimiyyət üçün daha çox narahatlıq yaradan qrup məhz dindarlardır. Azərbaycanda dindarlar əsasən gənc və orta yaş qrupuna daxildir ki, bu da siyasi fəaliyyət üçün mühüm göstərici sayılır. Son sorğulara görə, ölkə əhalisinin 10 faizdən (sosioloji sorğular 10-25 arasında dəyişir) bir qədər artığı özünü dindar insan hesab edir, bundan daha çox insan isə inanclıdır. Yəni sosial qrup olaraq dindarlar daha cavan, mütəşəkkil, dinamik bir qüvvədir. Heç şübhəsiz ki, qarşıdan gələn hər seçkidə namizədlər məhz dindar qrupların səsini qazanmaq üçün öz seçki platformalarında dini şüarlara daha çox yer verməyə məhkumdurlar.
Seçkilərdə dindar namizəd və ya dini qrupun birbaşa iştirakına gəlincə, bu sahədə durum hələ ki, dindarların maraqlarına cavab vermir. Təbii ki, bu iddiada olan şəxslər var və bu iddialar günü gündən daha real hiss olunur. Ancaq ilk növbədə 3 amil nəzərə alınmalıdır. Birincisi, Azərbaycanda dini icma pərakəndədir. Azərbaycan ümumən əhalinin 70 faizə qədərinin şiə olmasını nəzərə alaraq adətən şiə ölkəsi kimi təqdim olunsa da, hazırda ənənəvi sünni icması (Fətullah Gülən camaatı ilə inteqrasiya olunmuş, eləcə də kiçik təriqətçi qruplar) və sünni-sələfi camaatı aktiv dindarların sayına görə, şiə icmaları ilə rəqabətə girəcək qədərdir. Yəni digər müsəlman ölkələrində olduğu kimi böyük üstünlüklə ağırlıq təşkil edən cərəyan yoxdur. İkinci mühüm məqam Azərbaycanda güclü təşkilatlanmış dini-siyasi təşkilatın olmamasıdır. Dindarlar ideologiyaya bağlı olurlar və bu anlamda ölkə dindarlarını (hətta bir icmanı olsa belə) arxasınca aparacaq siyasi-ideoloji təşkilat yoxdur. Və nəhayət lider məsələsi. Azərbaycan müsəlmanlarını öz arxasınca aparacaq liderə və ya liderlər hələ ki, ortada yoxdur. Lider amili isə seçkilər üçün çox mühüm əhəmiyyət kəsb edir...
Sadalanan amillər onu deməyə əsas verir ki, gələn ilki seçimlərdə Azərbaycanda dini siyasi qüvvənin və ya dini icmanın təmsilçisinin iştirakı az ehtimal olunan hadisədir. Lakin bununla yanaşı din amili və ələlxüsus dini icmanın səsini almağa yönəlik daha qabarıq cəhdlərin şahidi olacağıq. Son illərdə aparılan həbsləri və dini icma üzərinə basqıları nəzərə alsaq qeyd edə bilərik ki, İslam Partiyası, eləcə də bir sıra fəal dini icmalar hakimiyyətə müxalifətdə olacaqlar. Eyni zamanda kiçik qruplar istisna olmaqla sünni-sələfi camaatları, həmçinin aşkar olmasa da, Türkiyəyə bağlı dini qruplar hakimiyyətin namizədinə səs verməyəcəklər. Ancaq İslam Partiyasının və digər qrupların daha çox liberalizm və Qərb dəyərlərini təbliğ edən müxalifətə açıq dəstək verəcəyi də real deyil. Bu isə onu göstərir ki, dini qrupların gələn ilki seçkilərdə açıq dəstək verəcəyi lider olmayacaq. Böyük ehtimalla əvvəlki illərdə olduğu kimi dindarlar seçkilərdən kənarda qalmağa üstünlük verəcəklər. Ancaq həmçinin namizədlərdən hansınınsa dini icmanın dəstəyini qazanmaq üçün danışalar aparması da mümkündür. Qeyd edək ki, bununla bağlı əlamətlər mövcuddur. Bir sıra müxalifət liderlərinin dindar həbslərinə həssas reaksiyası, eləcə də hakimiyyətin dini sahədə kadr dəyişikliyi onu göstərir ki, həm hökumət, həm də müxalifətdə olan qüvvələr dini icma ilə yaxından işləməyə qərarlıdırlar.
Hüseyn Quliyev