Modern.az

Humanizm meyarı

Humanizm meyarı

Ölkə

1 Noyabr 2012, 12:06

Tərəddüd edirdim onun barəsində yazmağa. Səbəblər müxtəlifdi. Hələ “Atamın duyduğu faciə” adlı faciəli həyat hekayətimizə həsr olunan yazımda öz doğma ocağımıza, ailəmizə ilgili yazılara yer verməyin tərəfdarı olmadığımı qeyd etmişdim. Ən azı ortada ölkənin, xalqın Qarabağ boyda ağrısı olmasına rəğmən...

...Ancaq düşünürəm ki, ailəmizin böyük övladı Hacı Fərəc Həkim kimi insanların gözəl, nəcib əməlləri barədə cəmiyyəti bilgiləndirməmək elə bu gözəl, nəcib əməlləri pərdələmək, bəlkə də gizlətmək qədər suçlu bir iş olardı. Onsuz da hansı həmkarıma reklamdan, tərifdən boyaboy qaçıb özünü gizlətməyə üstünlük verən belə  bir “obyektin” olduğunu nişan versəydim, onlar bu fürsəti qaçırmayacaqdılar. Onu mənim kimi tanımasalar da...

...Masallı rayonunun Kalinovka kəndində Hacılar ailəsi kimi tanınır Fərəc Cankişi oğlu Ağayevin ocağı. İxtisasca həkim olan Fərəc və xanımı fransız dili müəlliməsi Nəcibə müəllimə 2005-ci ildə qovuşublar Məkkədə Müqəddəs Həcc ziyarətinə.  Bu da taleyin qisməti, Böyük Yaradanın insana bəxş elədiyi əvəzsiz mənəvi nemətdi. Tanrı bu yola layiq olanları özü dəyərləndirər. Burası ilə bəndənin işi yox...

Hacılar ailəsini cənub bölgəsində təmizlik, paklıq nümunəsi kimi tanıyırlar. Ömrünün 65-ci baharına qədəm qoyan Hacı Fərəc hələ cavanlıqdan insanlar arasında bir humanistlik mücəssəməsi kimi ad-san qazanmışdı. Yaxın, uzaq, doğma, yad - hamıya duyğusal münasibəti, köməkliyi və təbii ki, həm də həkim humanistliyi ilə.

Həmsöhbət kimi maraqlı adam olsa da, vaxtını izafi şəkildə qurban vermək onun adəti ilə tərs mütənasiblik təşkil edib həmişə. İstər fiziki, istər əqli, tibbi baxımdan zəhmətsiz dayanmaq onun həyat tərzinə, böyük mənada həyat prinsiplərinə yaddır. Eh! Bu şəxsiyyətdən öyrənməli o qədər nəsnələr var ki... Sadalamaqla qurtarmaz.

Hacılar ailəsinin qapısı daim qonaq-qaralı olub. Buna öyrəncəlidirlər. Qonaqsız qalanda qapılarını şəfa almaq ümidilə gələn xəstələr döyəcək mütləq. Bu iki məqamlı qonaqların birgə gəlişi isə... evdə əsl qələbəlik yaradır.

“Doxturun dili də, əli də dərmandır”. Bu sözlər onun böyüyüb ərsəyə çatdığı Qədirli, yaşadığı Kalinovka kəndində, vaxtilə 12 ilə yaxın baş həkim kimi çalışdığı xəstəxanada, və ümumiyyətlə tanındığı bütün yerlərdə bir el misalına çevrilib. Hərdənbir onun səhv etmiş doğmalarına qarşı sərt baxışlarını görəndə el arasında ona qarşı möhürlənmiş bu münasibəti götür-qoy etmək də keçir adamın ürəyindən. Ancaq çox ötəri. Çünki bir andaca bu sərt baxışların da ötəri bir səhvi yoluna qoymaq məqsədilə düyünləndiyini yəqinləşdirirsən.

Bu əsnada mən onun düyünlənmiş alnını dünyanı nizama salmaq, bəşər övladını “öz orbiti”ndən çıxmağa qoymamaq naminə öz kimliyini zərbələr altına qoymuş tarixi şəxsiyyətlərin analoji addımları ilə müqayisə edirəm. Bəli, həyat belə müqayisələr üzərində bərqərardı. Bəzən biz insanlar ətrafımızda cərəyan edən, hər bir damlası cəmiyyətin bir vintciyini idarə etməyə qadir, zahirən kiçik, sadə, mahiyyətcə çox böyük mətləblərin yanından elə saymazyana şəkildə adlayıb geçirik ki... O mətləblər, o mətləb daşıyıcıları heç nə itirmir, itirən elə bizlər oluruq.

...Amma seçilmiş insanlar Tanrının himayəsində başa vururlar onlara elə Tanrının ayırdığı çərçivədəki ömür paylarını. Onlar missiya daşıyıcılarıdı. Allah tərəfindən cəmiyyətə təlqin olunan müxtəlif missiyaları reallaşdırmaq bu şəxsiyyətlər üçün həyat iksiri qədər vacibdi. Bir sözlə, prinsip məsələsidi. Prinsiplərsə konkret xarakterlərin üzərində cəmləşir, özünü yaşadır və cəmiyyəti irəliyə, sabahlara aparır. Həm də təmizləyə-təmizləyə, süzgəcdən keçirə-keçirə. Beləcə artır dünyada bəşər övladının çəkisi, rolu, əhəmiyyəti. Axı həyatın, sivilizasiyaların qanunauyğunluqlarına görə, bəşər övladının bir qismi dünya yaranandan sona qədər ədalətin, insanlığın, mədəniyyətlərin daha yüksək zirvələrə çatması yönündə çabalar aparır... Bəşər övladının hamısı bu mübarizəyə dəstək olsaydı!.. Heyf ki, dünyamız ot-alaqlardan, əl-ayağa dolaşan kol-koslardan da xali deyil. Bunu elə-belə yazdım. Müqayisə üçün. Fikriniz burada ilişib qalmasın, əziz oxucular! Onsuz da kol-koslar tarixən olduğu kimi, yüksək mədəniyyətlərin qarşısında iblisanə libasda elə əsl təbiət kol-koslarının taleyinə müvafiq birdən də yoxa çıxacaqlar. İnsanlar yenə də duru suları axtaracaq, durn suların həsrətilə yaşayacaqlar.

...Ziyalı, savadlı, vətənpərvər, aydın. Aydın ifadəsini təsadüfən yekuna salmadım. Dünyanı aydınlığa doğru daşıyanlardır bu sadaladıqlarım. İşıqlı əməllərilə təbii. Bəs bu işıqdan çağdaş dünyamız və gələcəyimiz naminə bəhrələnənlər. Onların sayını rəqəmlərlə ölçməyin özü belə məsələnin məğzinə, kökünə fundamental yanaşma sayıla bilməz. Onlar meyarlar, məhək daşlarıdır. Meyarlar rəqəmlərə sığarmı? Bəs bu meyarlıq məktəblərinin baniləri? Əlbəttə ki, məktəb yaradanlar bu müqəddəs yolu başlayanlar, onun təməlini qoyanlardı. Elə budu ziyalılıq, aydınlığın görünən tərəfləri. Ona görə də Hacılar ailəsinin mütləq əksəriyyət tərəfindən etiraf olunan bu başlıca məziyyətlərini yazmaya bilmədim. İndiki və gələcək nəsillərə örnək ola biləcək bir boxçanı doldurmaq üçün...

...Dünyamız həm də dəyərlər toplusunun üzərində lövbər salıb. Bəşəri, milli-mənəvi, başlıcası isə əxlaqi dəyərlər. Sonuncunu yaşatmayanın, itirənin digər dəyərləri qoruduğuna məni kimsə inandıra bilməz. Əlahiddə olaraq qeyd edim ki, bütün dəyərlər və onların daşıyıcıları öz əməllərinin təlqinini əxlaq konteksti üzərində uzlaşdırmağa məhkumdurlar. Əks təqdirdə - yüksək əxlaqa söykənmədən bəşəri baxımdan humanist olmaq da, milli-mənəvi dəyərlərimizin dayağına çevrilmək də mümkünsüzdür. Ona görə də bəşəri-milli-mənəvi-əxlaqi dəyərlər zəncirinin bir həlqəsini belə əldən vermək olmaz böyük mətləblərə nail olmaq üçün. Hacılar ailəsi bu anlamda da özünü çoxdan təsdiqləyib.  

...Fəlsəfi məqamlara kiçicik ekskursdan sonra Hacılar ailəsinin yaşıllığa qərq olmuş həyətinə qayıtmaq istəyirəm. Burada özünəməxsus bir cənnət nişanəsi yaradılıb. Hacı Fərəcin və onun xanımı - gül-çiçək, gözəllik aşiqi Hacıxanım Nəcibənin dərin və bir qədər də fəlsəfi, şüurlu zəhmətləri nəticəsində. Bəlkə burda dünyada bitən bütün gül, ağac növlərinin nümunələri yetişdirilib, bəlkə də yox... Ancaq əksəriyyətin əhatə edildiyinə şübhəm yoxdu. İnsan burada tapdığı rahatlığı bir neçə gün heç Bakının tozlu küçələrini dolaşmaqla, şəhərin yaşam tərzindəki çoxsaylı çirkabların içərisindən dönə-dönə keçməklə də unuda bilmir. Çünki təzədən təmiz, korlanmamış kağıza, işlənməmiş mexanizmlərə çevrilir insanın beyni o dəqiqələrin yaşantısından sonra...

Hacılar ailəsinin səxavətindən, kəramətindən, insanlara yardımından danışmağa cürət edə bilməyəcəm. Bunu onlar özlərinin müqəddəs vəzifəsi, həyat kredoları hesab eləyir, təfərrüatları isə toxunulmazlıq statusunda yalnız ailə sirri kimi qoruyurlar. O ayrı məsələ ki, “bağın görünən hissəsini bələdçi qorumaqda acizdi”. Elə bu baxımdan da bir çoxları barələrində “onlar elə Məkkəni ziyarət etməmiş də savab, ziyalı əməlləri nəticəsində Hacı idilər” ifadəsini dönə-dönə işlədiblər.

Cəmiyyətə, bəşəriyyətə layiqli, savadlı övladlar, nəvələr bəxş etmiş Hacılar ailəsi bu niyyətlərinə çatdıqlarına görə də özlərini xoşbəxt sayırlar.

Tanrı ürəklərincə versin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı