“Ədalət” sədri “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri pislədi
Amma deputat bununla yanaşı, ondan faciə düzəldib pessimizmə qapılmağın da əleyhinədir
Məlum olduğu kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi siyasi partiyada üzvlüyə məcbur edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib.
Layihə siyasi partiyada üzvlüyə məcbur edənlərin cəzalandırılması üçün Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilməsi barədədir.
Qanun layihəsində təklif olunan həmin maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə bu cəzalar nəzərdə tutulur: 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Komitənin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi də müzakirəyə çıxarılıb. Bu layihədə siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr bölümünə dəyişikliklər əksini tapıb.
Layihəyə əsasən, siyasi partiyalar tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500 manat, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcəklər. Bu əməlin təkrar törədilməsinə görə isə layihədə fiziki şəxslərin 1500-3000 manat, vəzifəli şəxslərin 3000-6000 manat, hüquqi şəxslərin 15000-30000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
Bu layihə də parlamentin plenar iclasına tövsiyə olunub.
Komitənin iclasında həmçinin “Mühasibat uçotu” haqqında qanuna təklif olunan dəyişikliklər plenar iclasa tövsiyə edilib. Bu dəyişikliklərə görə isə siyasi partiyalar maliyyə hesabatlarını sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib etməlidirlər. Siyasi partiyalar illik maliyyə hesabatlarını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına verməli, auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidirlər.
Bu layihələr siyasi dairələrdə, xüsusən də müxalif düşərgədə böyük rezonansa səbəb olub. Ölkənin aparıcı müxalifət partiyalarının liderləri bununla bağlı fikirlərini artıq bildiriblər. Ümumi fikir budur ki, təklif olunan dəyişikliklər əsassızdır və daha çox təzyiq xarakteri daşıyır. Məqsəd isə insanların siyasi azadlıqlarını məhdudlaşdırmaq, onları siyasi fəaliyyətdən çəkindirməkdir.
Təklif olunan dəyişiklikləri iqtidarın cəmiyyətə siyasi basqılarının davamı kimi dəyərləndirənlər də var. Həmin fikirdə olanlar gələcəkdə iqtidarın Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təsiri altında olan şəxsləri partiyalara üzv olmağa göndərəcəklərindən, bir müddət sonra isə o şəxslərin hüquq-mühafizə orqanlarına partiyaya zorla üzv edildikləri haqda ərizə ilə müraciət edəcəklərindən ehtiyatlanırlar. Çünki bu prosedurdan sonra hüquq və məhkəmə sisteminin hədəfdə olan siyasi quruma və liderə təzyiqlərinin başlayacağına heç nə və heç kim mane ola bilməyəcək.
Yeri gəlmişkən, hakimiyyətin qarşıdan gələn prezident seçkiləri ilə bağlı ciddi narahatçılıq keçirdiyindən ən son variant kimi öz rəqiblərinə qarşı bu yolla açıq repressiv tədbirlər həyata keçirmək üçün indidən hüquqi zəmin yaratmağa, hüquqi bəhanələr uydurmağa çalışdığını söyləyənlər də var. Elələrinin fikrincə, haqqında danışılan dəyişikliklər məhz bu məqsədə xidmət edir. Çünki bu, elə xarakterli tərkib yaradır ki, istənilən öyrədilmiş şəxs hər hansı partiyaya üzv olduqdan sonra çıxıb bəyanat verə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər ki, ona partiyada qalmaqla bağlı təzyiq edilib. Bir sözlə, müxalifət liderlərinə qarşı qondarma ittihamlar yaradıb hansısa addımlar atmaq üçün indidən hüquqi baza yaradılır.
Hüquqşünas Müzəffər Baxışov da bildirib ki, bu, çox real təhlükədir. Belə bir normanın özünün Cinayət Məcəlləsinə daxil edilməsi absurddur. Cinayət hüququ prinsiplərinə uyğun deyil.
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı, hüquq elmləri doktoru İlyas İsmayılovun məsələyə özəl baxışı var
Partiya sədri açıqlamasında qeyd edib ki, hələ təklif olunan dəyişikliklərlə sənəd formasında tanış olmayıb. Bu səbəbdən də həmin addımların zəruriliyinin məntiqinin onun üçün hələlik aydın olmadığını bildirib. Yəni, indiyədək müxalif düşərgədə kiminsə hansı partiyayasa zorla üzv edilməsi və ya zor gücünə partiyada saxlanması haqda heç nə eşitməyib. Əksinə, bəzi faktlar göstərir ki, elə hallar iqtidar partiyasının özündə olub.
Partiya sədri konkret misal da çəkib. Demə, Əli İnsanov səhiyyə naziri olanda indi Ədalət Partiyası Ali Məclisinin üzvü olan professor Təyyar Qurbanovu YAP-a keçməyə məcbur etmək istəyirmiş. Amma professor bundan qəti şəkildə imtina edib. Və nəticədə Tibb Universitetindəki kafedra müdiri vəzifəsini, klinikaların birindəki işini itirib, elə o vaxtdan da xarici şirkətlərin birində tibb məsələləri üzrə məsləhətçi işləyir. Ona görə də o fikirlə razılaşır ki, ölkədə demokratik dəyişikliklər baş versə, partiyalar arasında belə problemlə məhz YAP üzləşə bilər.
Amma millət vəkili deyilənlərə baxmayaraq, həmin cəhdi faciəyə çevirib pessimizmə qapılmağa da ehtiyac görmür:
“Gözlənilən təhlükədən qurtulmağın çox sadə yolu var. Siyasi partiyalar üzvlük məsələsində daha diqqətli və məsuliyyətli olmalıdırlar, vəssalam. Yəni, kəmiyyət xatirinə say artırmaq praktikasına son qoyulmalıdır. Partiyadaxili nəzarət gücləndirilməli, hər bir üzvlə fərdi iş aparılmalıdır. Zənnimcə, bu cür olsa, haqqında danışılan təhlükələri əvvəlcədən önləmək olar.
Qaldı İnzibati Xətalar Məcəlləsinə və “Mühasibat uçotu” haqqında qanuna təklif olunan dəyişikliklər, burada da əndişəyə səbəb ola biləcək məqamlar görmürəm. Çünki biz elə indiyədək də nəinki təkcə siyasi partiyalar haqqında qanunvericiliyin, ümumiyyətlə istənilən qanunun hər hansı şəkildə pozulmasının əleyhinə olmuşuq.
Siyasi partiyaların maliyyə hesabatlarının sadələşdirilmiş mühasibat uçotu qaydalarına uyğun tərtib edilməsi, illik maliyyə hesabatlarının müəyyən olunmuş müddətdə müvafiq icra hakimiyyəti orqanına verilməs və auditor rəyi ilə birlikdə KİV-də dərc etdirilməsi tələblərini də tam normal qarşılayırıq. Ən azı o səbəbdən ki, biz həmişə şəffaflığın və dəqiqliyin tərəfdarı olmuşuq”.
Modern.az