Modern.az

“Avrasiya İttifaqı” ideyası və ya burulğandakı affekt davranışlar... – TƏHLİL

“Avrasiya İttifaqı” ideyası və ya burulğandakı affekt davranışlar... – TƏHLİL

Ölkə

10 Dekabr 2012, 11:46

Son dövrlər Rusiyanın Azərbaycana qarşı münasibətlərinin soyuqlaşdığı barədə şərhlər verilməkdədir. Azərbaycan prezidenti İlham Əliyevin MDB-nin 4 dekabrda Aşqabadda keçirilən sammitinə qatılmaması bu şərhlərə yeni çalar qatır. MDB sammitində adətən Rusiya prezidenti MDB ölkələri prezidentləri ilə təkbətək görüşlər keçirir. Bundan başqa isə bu sammitdə iştirakçı dövlətlər Rusiyanın özünün gələcək naraqlarını təmin edən qərarlara imza atmaq seçimi ilə üz-üzə qalarlar. Əvvəlki dövrlərdə bu, Azərbaycan üçün o qədər də böyük tərəddüd tələb etməyən məsələ idisə, indi belə deyil.

Təsadüfi deyil ki, MDB sammitinə qatılmayan ölkələr məhz Vladimir Putinin “Avrasiya İttifaqı” planına qarşı çıxacaq ölkələr kimi şərh olunurlar. Qırğızıstan prezidenti Almazbek Atambayev də sammitə qatılmayıb. Sammitdən bir gün əvvəl isə tədbirin gündəliyini razılaşdırmaq üçün Aşqabadda MDB ölkələrinin xarici işlər nazirləri toplanıb. Azərbaycan bu toplantıda da nazir səviyyəsində iştirak etməyib, Bakıdan xarici işlər nazirinin müavini Xələf Xələfov toplantıya qatılıb.

Sammitdə MDB məkanında olan ölkələr arasında ticarət-iqtisadi, valyuta, humanitar və digər sahələrdə inteqrasiyanın dərinləşdirilməsi barədə qərarlar qəbul olunub.

Hazırda Rusiya, Belarus, Ermənistan və Ukraynada azad ticarət zonasına dair müqavilə qüvvədədir. Qazaxıstan və Moldova da həmin müqaviləni imzalayıb, bu ölkələr üçün müqavilə bu gündən qüvvəyə minəcək.

Azərbaycan isə MDB azad ticarət zonası barədə müqaviləni imzalamaqdan imtina edib.

Beləliklə, Putinin hakimiyyəti ikinci dəfə ələ almasından sonra Azərbaycanı təhdid edən Avrasiya İttifaqı təhlükəsi bir az da qabarıqlaşıb. Başqa sözlə desək, bu İttifaqla bağlı Putinin planlarının nə dərəcədə ciddi olduğu artıq göz qabağındadır.

Bəs Putin üçün kifayət qədər risqli sayılan bu plan nə zaman və hansı zərurətdən çızılıb?
Məsələ burasındadır ki, Rusiya indi də keçmiş sovet ölkələri üzərində müəyyən söz sahibliyinə malikdir. Heç kim inkar etməz ki, bu asılılığı rəsmiləşdirmək cəhdi artıq çoxdan bəri “öz loxmalarını tək yeyən” müstəqilləri qıcıqlandıra bilər.  Belə olan halda “SSRİ”-nin bərpası ideyası Rusiyanın nəyinə lazımdır?

Zənnimizcə bu, araşdırılmalı sualdır.

Bir versiayaya görə, “Sovetlər Birliyinin” bərpası keçmiş DTK-çının tarixi borcudur. Bəzi məlumatlara görə, bu ideya hazırda Kremldə belə, birmənalı qarşılanmır. Dövlət rəhbərliyində olan bəzi şəxslər bu ideyanın Rusiyaya qarşı ciddi hücumlara səbəb olacağından narahatlıq bildirirlər.

Putin isə israrlıdır. Məhz bu israr Rusiyada artıq iştimaiyyət arasına ötürülmüş bir məlumatı inandırıcı edir. Həmin məlumatın bir ucu  SSRİ-nin dağılması dönəminə  gedib çıxır. Heç kimə sirr deyil ki, SSRİ rəhbərliyinin uzun müddət ölkə iqtisadiyyatındakı ciddi böhranı ört-basdır etməsi son illərdə artıq mümkünsüzləşmişdi. Ölkə  iqtisadiyyatı xarici sanksiyalar, təcridolunma siyasəti və sair kimi səbəblərdən tam çökmüşdü. Vəziyyət çıxılmaz idi. Belə olan halda DTK və ölkə rəhbərliyi iqtisadi çəhətdən İttifaqa heç bir xeyir verməyən ölkələrdən imtina etmək üçün plan hazırlayır. Mərkəzdənqaçma meyllərinin ötürülməsi hesabına aparılacaq bu siyasətə görə, bəzi ölkələr yarımmüstəqil formaya keçirilərək, Qərbi şirnikləndirmək yolu ilə öz iqtisadiyyatlarını yüksəltməli idilər.

Azərbaycan kimi münbit şəraitli, varlı respublikalar isə bu siyahıda qətiyyən yer tutmayıb. Yeri gəlmişkən, əslində Mərkəzi Büroya sonradan soxuşdurulmuş və ölkə rəhbəri olmaq sırası hələ çatmayan Mixail Qorbaçovun bu posta gətirilməsi də qəribə gediş sayıla bilər. Yəni bu, o dövrdə ABŞ-ın Sovetlər Birliyini dağıtmaq planının qarşısıalınmaz olduğunu anlamaq demək idi. Müstəqil respublikaların xarici sərmayələr və dəstək hesabına tam güclənməsi hesablamaya görə, ən azı 20 il vaxt apara bilərdi. Qeyd etdiyimiz kimi, Azərbaycan kimi gəlir gətirən respublikaların adı bu siyahıda olmayıb və təsadüfi deyil ki, bizim müstəqil olmaq istəyimiz 20 yanvar kimi dəhşətli qırğınla cavablandırıldı.

Lakin sonradan həqiqətən də başını itirmiş və çöküşü labüdləşmiş imperiya sadəcə proseslərə nəzarəti itirdiyindən, milli azadlıq hərəkatı isə güclü olduğundan Azərbaycan kimi ölkələr də müstəqillik qazana bildi.

Qeyd edək ki, keçmiş DTK generallarının bir neçəsi bu fikirləri zaman-zaman mətbuatda səsləndirib.

Bütün bunlara baxmayaraq, bu gün SSRİ-nin bərpası planı irrealdır. Bəs Putin kimi bic siyasətçini belə irreal plana baş qoşmağa nə vadar edir?
Cavab aydındır: əlahəzrət reallıq!

Rusiyanın sadəcə başqa çıxış yolu yoxdur. Bu ölkə Barak Obamanın hakimiyyətə gəlməsindən və tezliklə hələ seçkilər zamanı vəd etdiyi çevik, həm də  müasir dünyanı cəlb edə bilən proqramını işə salmasından sonra daha çox populyarlığını itirib. Rusiya geosiyasi cəhətdən çox sürətlə mövqeləri əldən verir. Mərkəzi Asiya ölkələri ona meydan oxuyur. Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb. Qızğızıstan və Tacikistan Rusiyanın hərbi bazalarını saxlamaq üçün çoxlu pul istədi. Gürcüstan isə Rusiyaya nəinki qonşu münasibəti göstərmədi, əksinə açıq-aşkar müharibəyə girişdi. Beləliklə, Rusiya həm Qafqazda, həm də Mərkəzi Asiyada zəifləyib.

Vacib məqamlardan biri də odur ki, Amerika dünyada totalitarizmin dayağı olan Rusiyanı birmənalı şəkildə çökdürmək planı yürüdür. Bu baxımdan, “Ərəb baharı”nı Risiyanın nəfəsciklərini bir-bir qapatmaq prosesi də saymaq olar. Sözsüz ki bu plana yeni-yeni enerji mənbələri tapmaqla Rusiyanın Qərb bazarına çıxışının məhdudlaşdırılması da daxildir və Putin başa düşür ki, indi koordinatları aydın görünməyən bu prosesin qəflətən “su üzünə çıxaşağı” da istisna deyil.

Beləliklə, keçmiş imperiya özünü dövlət olaraq da itirməmək üçün çox risqli bir plana qol qoymalı olub. Mübaliğısiz demək olar ki, bu, Rusiya üçün ölüm-qalım məsələsidir və şovinist ölkənin bu mübarizəsini burulğanda mübarizə aparan birisinin affekt davranışları ilə müqayisə etmək olar. O, son anda özü ilə bərabər təkcə düşmənlərini deyil, əli çatan hər bir şeyi, o cümlədən dostlarını da batırmağa hazırdır.

Hüseyn Əlyarov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı