Şəfiqə Şəfa
Uşaqkən satıcılarla həkimləri səhv salardım, hər iki peşə sahibləri ağ xalat geydikləri üçün. Yadınızdadısa Sovetlər dönəmində satıcılar da ağ xalatdan istifadə edərdilər. Sovetin “sonuncu mogikan”larından olan mən uşaq vaxtı satıcıya həkim, həkimə isə satıcı deyərək, birinciləri sevindirib, ikinciləri cırnadardım. Axırda anam məni başa saldı ki, “qızım, mağazadakı ağxalatlılar satıcılardı, xəstəxanadakılar isə həkimlər”. Elə bu sadə izahat da mənə kifayət etmişdi ki, bu peşə sahiblərini qarışdırmayım, amma... İllər keçəndən, xüsusilə müstəqil, azad sahibkarlıq illəri bir-birini tələsik əvəzləyəndən sonra anladım ki, həkimlər özləri yerlərini səhv salmaqda maraqlıymışlar. Axı 25 il öncə 7 yaşlı qızcığaz və orta kənd məktəbi təhsilli bir ana haradan biləydilər ki, vaxt gələcək həkimlər də elə satıcılıqla məşğul olacaqlar, həm də oturduqları yerdə, uniformalarını dəyişmədən...
Satıcılar fəxrlə xalatlarını həkimlərə ötürdülər (indi satıcılar ağ xalat geymirlər), həkimlər də bu estafeti məmnuniyyətlə qəbul edib zəmanəmizin ən məşhur deyimlərindən olan “ikisi birində” üsulunu tətbiq edərək, iki peşəni bir-birinə calaq edib yararlanmağa başladılar. Belə çıxır ki, mən öz uşaq məntiqimlə öncəgörücülük etmişəm...
Bəli, ağxalatlı (ciddi, qaraqabaq, zəhmli, elmi ad və ya dərəcəli və s. daha sanballı görünmək üçün) həkimlər birbaşa peşələri ilə məşğul olmaq əvəzinə əllərinə keçən xəstəyə özlərinin, yaxın dost və qohumlarının apteklərindən dodaq uçurdacaq qiymətlərdə, adlarını dərman deyil film, serial istehsalında təsdiqlətmiş ölkələrin tibbi məhsullarını kobud da səslənsə, sırımaqla məşğuldurlar. Hətta barmağı çərtilmiş adama belə çeşidli vitaminlərdən tutmuş, ağrıkəsicilərə qədər elə bir siyahı tuturlar ki, sanki yarışa giriblər, kim daha tez satdı deyə...
Din-imandan keçib, içdikləri Hippokrat andını da unudaraq xəstənin gözünü qorxudurlar ki, xəstəliyi çox ağırdır, bu dərmanlar alınmasa (həm də bir neçə kurs davamlı olmaqla !) elə bu dəqiqə şirin canından olacaq. Bu danılmaz faktdır və “həkimxana”ya yolu düşən hər bir kəs belə xoşagəlməz səhnələrlə qarşılaşıb. Bir neçə il öncə atama onkoloji diaqnoz qoymuşdular, təbii ki, diaqnozla yanaşı bütün nəslimizin yığışıb toplaya bilməyəcəyi müalicə pulunu da unutmamışdılar. Yaxşı ki, Azərbaycanda hələ rus, yəhudi millətindən olam həkimlər var. Həkimlik peşəsinə, andına, qüruruna sadiq bu insanlar olmasa, onların azərbaycanlı həmkarları milləti qırıb tökərlər. Milliyətcə rus olan həkim diaqnozun yanlış olduğunu bildirərək, atamı başqa istiqamətdə müalicəyə göndərdi və iki aydan sonra uğurlu nəticə alındı. Amma o yalnış diaqnozun nəticəsi isə atama hələ də əziyyət verir. Belə ki, onkoloji xəstəliyin adını eşidən kimi kişi daxili sarsıntı keçirərək qorxmuş və indi də şəkər xəstəliyinin məngənəsindədir. Belə bir həkimlərdən biri də şəxsən özümə rast gəlib. Müalicə üçün həkimə müraciət edəndə mənə təcili əməliyyat olunmağı məsləhət bildi. Sonra da mənə göz vurub: “Cərrah mənim dostumdu, tapşıraram axşam bazarıdı, sənə ucuz qiymət deyər”... burada şərhi oxucuların ixtiyarına verirəm. Sadəcə onu əlavə etmək istəyirəm ki, onun diaqnoz və təklifinə məhəl qoymadan başqa bir həkimin nəzarəti altında, ev şəraitində müalicə olunub bir aydan sonra həmin xəstəliyin adını belə unutdum.
Nədəndisə, belə həkimlər özlərindən başqa savadlı adam tanımır, ya da bütün xəstələrin sivilizasiyadankənar ucqar dağ kəndlərindən gəldiyini düşünürlər. Fil qulağını özlərinə daimi məskən seçmiş, cəmiyyətin artıq çoxdandı ki, açıq informasiya çağına qədəm qoyduğundan xəbərsiz bu satıcı həkimlərə irad edib ortaya onların yanlışlığı ilə əlaqədar faktlar qoyanda isə “balam, həkim sənsən yoxsa mən? ”, “belə bacarıqlısansa ta həkim yanına niyə gəlmisən, özün-özünü müalicə elə də !” kimi haqsız təpkilərlə qarşılaşırsan. Bəziləri daha tədbirlidilər - əvvəlcə xəstənin harada işlədiyini, hansı peşənin sahibi olduğunu öyrənib buna görə hərəkət edirlər.
Həkimlərin ən nifrət etdikləri isə jurnalistlərdir. Amma xəstə jurnalistlə qarşılaşanda onsuz da yerdəyişməyə adətkar olan həkimlər az qala müxtəlif ölçülü kreslolarını xəstənin altına çəkərək “allah kasıbçılığın üzünü qara eləsin, maaşa baxan adamlarıq, biz də bala saxlayırıq” başlığı altında bəraətqazandırıcı, uzun və yorucu monoloqa başlayırlar.
Təbii ki, bu kateqoriyaya bütün həkimləri aid etmək də olmaz. Həkim adını uca tutan, peşəsini bazarlıqdan uzaq saxlamağı bacaran həkimlərimiz az da olsa var. Təəssüf ki, az da olsa... Allah xəstələrə səbr, həkimlərə isə insaf versin. Başları qızğın ticarətə qarışmış həkimlər isə bir həqiqəti unutmasınlar: Allah hər kəsi görür, xüsusilə də insanların həyatı ilə oynayanları...
P.S. Satıcı həkimlərin nəzərinə! And içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm, müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçınacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun. (Hippokrat andı).