Modern.az

Zümrələrin “daş yuxular”dan oyanışı

Zümrələrin “daş yuxular”dan oyanışı

Ölkə

6 Fevral 2013, 12:54

Əkrəm Əylisli zəlzələsi bütün ölkəni silkələyib daş yuxulardan oyatdı və çox mətləblərə aydınlıq gətirdi. Nəticədə  qəribə zümrələr ortaya çıxdı. Məlum oldu ki, “Ali Komandan əmr eləsə, o dəqiqə silah qurşanıb Qarabağı azad etməyə gedərəm” düşüncəsi heç də hamıya aid deyilmiş, bunlar, neçə-neçə zümrədən biri imiş. Sən demə, Qarabağı bəri yanda qoyub Eçmiədzinə getmək, baş keşişin əlini öpüb üzrxahlıq etmək arzusunda olanlar da varmış. Səbəbi isə “qəddar”, “qaniçən” türkün 1915-ci ildə, 90-cı illərdə məzlum, günahsız, cəfakeş erməniləri zülmə məruz qoyması, kütləvi şəkildə qırıb çatmasıdır. Guya türklər o qədər erməni qırıb ki, hər ölən erməninin üstündə şam yandırılası olsa, onun işığı göydə ayın işığını görünməz edər.

Heç kim şübhə etmir ki, yazıçı Əkrəm Əylisli Əlinin papağını Surenin başına qoyub, Surenin kepkasını da Əlinin. İndi Əli qalıb deyinə-deyinə ki, ay Əkrəm müəllim, axı bu kepka mənim deyil, Surenindi. İçi zir-zibilnən doludu, mən başıma belə şey qoymaram. Ancaq kimə deyirsən? Əkrəm müəllimin heç vecinə də deyil. Vəziyyətdən çıxmaq üçün deyir ki, bu kepkanın içindəki tarixi zir-zibil yox, bədii zir-zibildir. Eyni zamanda israr edir ki, yazıçı özü bilər kimin papağını kimin başına qoyur. Guya bunu ona görə eləyib ki, iki millət arasında barışıq yaratsın. Əslində isə belə təsəvvür yaradır ki, münaqişə zibilini qanadan ermənilər yox, azərbaycanlılardır. İndi günahlarımızı bağışlamaları üçün onlara xahiş-minnətə getməliyik.   

Əkrəm müəllim müsahibələrində başqa taktiki variantlara da əl atır. Məsəl üçün M.F.Axundovun, C. Məmmədquluzadənin vaxtilə milləti təhqir etdiklərini deyir və təəssüflənir ki, indi onlara gözün üstə qaşın var deyən yoxdur. Çox uğursuz müqayisədir. Əvvəla, adı çəkilən böyük yazıçılar öz əsərlərində xalqımızın başqa millətlərə zülm etdiyi barədə bir cümlə belə yazmayıblar. Axı, olmayan şeydən niyə yazsınlar? Əks halda onlar da Əkrəm kimi öz xalqına irqçilik damğası vurmuş olardılar. Mirzə Fətəli də, Mirzə Cəlil də sadəcə, doğma xalqına zülm edən məmurları, savadsız mollaları tənqid hədəfinə çevirib, ölkənin iç problemlərini qabardıblar. Belə tənqid hər gün yazılır. Müəlliflərini də heç kim qınamır. Yəni cin ayrı, şeytan ayrıdır. Əkrəm Əylisli isə müsahibələrində Azərbaycan xalqının heysiyyatını  işğalçı millətin ayaqları altına atmasını pərdələmək üçün cinlə şeytanı eyniləşdirməyə çalışır, böyük yazıçıların əsərlərindən xəbərsiz olanları, sadəlövh insanları çaşdırmaq yolunu tutur. Bu, boğulanın saman çöpündən yapışması kimi bir şeydir. Göründüyü kimi Ə. Əylislinin özünümüdafiə istehkamına bənzəyən bütün arqumentləri yalana mətərisləndiyi üçün tənqidə davam gətirmir, bircə həmlədə darmadağın olur. Ancaq neyləyəsən ki, ermənilərin köməyi ilə almaq istədiyi Nobel mükafatına hərislik onun olan-qalan ağlını da başından çıxarıb.

“Daş yuxular”dan sonra bir başqa zümrə də oyanıb ortada meydan sulayır. Bu zümrədən olanların niyyəti isə artıq populyar  olmuş yazıçının çiynində gündəmə gəlməkdir. Axının əksinə üzməklə diqqəti özlərinə cəlb etmək istəyirlər. Onlar əsəri oxumaya-oxumaya pulsuz vəkil rolunu oynayırlar. Bunu onlara irad tutanda deyirlər ki, biz əsəri deyil, Ə. Əylislini müdafiə edirik. Əgər söhbət əsərdən gedirsə, deməli, əsərdən danışmaq lazımdır. Qaldı, heç kəs yazıçını asıb-kəsmir. Sadəcə, insanlar müxtəlif  üsullarla ona öz etirazlarını bildirir. Kimi piket etməklə, kimi yazı yazmaqla. Plüralizm hər kəs üçündür. Ə.Əylislinin türkü irqçi kimi dünyaya təqdim etmək haqqı tanınırsa, xalqın da bu ağ yalana qarşı çıxmaq haqqı var. Pulsuz  vəkillər özlərini elə göstərirlər ki, guya yazıçını repressiya maşınının ağzından almaq uğrunda qəhrəman kimi mücadilə aparırlar. Əsərə görə müəllifi cəzalandırmaq həqiqətən də yolverilməzdir. Şükür Allaha, hələ belə bir şey baş verməyib. Şəxsən, mən söz verirəm ki, belə bir şey baş verərsə, birinci qələmə sarılan mən olacağam. Özü də bilə-bilə ki, Ə.Əylisli murdar düşmənlə ideoji müharibə getdiyi məqamda öz əsərilə Azərbaycana arxadan zərbə endirib. Bu günahı heç bir cəza ilə yumaq olmaz. Ona görə də onu buraxmaq lazımdır öz vicdanının mühakiməsinə. Əgər vicdanı varsa. Azərbaycanda normal iqtidar-müxalifət münasibətlərinin formalaşmadığı hər kəsə gün kimi aydındır. Əgər iqtidar qatığa ağ deyirsə, müxalifət mütləq qara deməlidir. Əksinə, müxalifət qatığa ağ deyəndə iqtidar heç düşünmədən qatığa qara söyləyir. Ölkənin ümumi problemlərindən söhbət gedirsə, bu anormallıq o qədər də qorxulu deyıl. Lakin millətin üstünə çirkab atıb onu beynəlxalq aləmə qəddar, qaniçən, irqçi kimi təqdim edənlər, heç şübhəsiz, kimliyindən asılı olmayaraq, Azərbaycan xalqına erməni faşistlərindən də betər düşmən kəsilənlərdir.

O da doğrudur ki, xalq harınlamış məmurlara qarşı yenicə mübarizəyə qalxdığı bir məqamda “Daş yuxular” qəfil peyda olub insanların əlini “işdən” soyutdu. Bu özü də Ə.Əylislinin ən böyük günahları sırasına daxildir. Təəssüf ki, daim milli təəssübkeşlikdən dəm vuran bəzi müxalifət liderləri, müxalif düşüncəli ziyalılar siyasi maraqları xatirinə sürüşkən mövqe nümayiş etdirərək iqtidarın acığına Ə.Əylisliyə qahmar çıxırlar. Bu, heç cür başa düşülən deyil. Onu da qeyd eləyim ki, “daş yuxular”dan hələ oyanmayan bir zümrə də var. Kim bilir bəlkə də oyanıb, səsini çıxarmır, əlverişli məqam gözləyir. Bu zümrə Azərbaycanda yaşayan, statistiklərin dəfələrlə sayını açıqladığı iyirmi min ermənidir. Allah göstərməsin, onlar da xorla danışmağa başlasalar, ağız deyəni qulaq eşitməyəcək. Yaxşısı budur, gəlin bu söhbəti bağlayaq. Bədnam “Daş yuxular” əsərinə görə hirsimizi müəllifin üzərinə boşaldıb əsəblərimizi sakitləşdirdik daha bəsdir. Unutmayaq ki, ölkədə həllini gğzləyən kifayət qədər problem, görüləsi işlər var. Haydı, iş başına.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı