Yaşar Hüseynov 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda hər iki valideynini itirən 25 uşaqdan biridir. Ermənilər həmin gecə Yaşarın atasını, anasını və qardaşını vəhşicəsinə qətlə yetiriblər.
Yaşar da digər “25-lər” kimi uşaqlıq illərini yaşamaqdan məhrum olub. Xocalıda soyqırımı törədilərkən onun 14 yaşı olub.
- Yaşar, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaddaşında necə qalıb?
- Bu hadisə baş verməzdən bir həftə qabaq bizi Bərdəyə bacımgilə gətirmişdilər. Ona görə də həmin gecənin dəhşətli anlarını biz görməmişik. Amma elə uşaqlar var ki, valideynlərini onların gözləri qarşısında işgəncələrlə öldürüblər. Xocalıda o hadisə baş verəndə orada valideynlərim və bir qardaşım qalmışdı.
- Neçə bacı-qardaşın var?
- Biz ailədə 5 qardaş , 4 bacı olmuşuq. Qardaşımın biri ermənilər tərəfindən orada öldürülüb.
- Bu hadisə baş verəndə sənin neçə yaşın var idi?
- O vaxt mən 14 yaşımda idim.
- Səndən balaca qardaşın olduğunu dedin. Bəs ona valideynlərinizin yoxluğunu necə başa saldınız....
- Onun 9 yaşı olmasına baxmayaraq, sanki baş verənləri çox normal qarşılıyırdı. O biri qardaşım bizdən böyük olduğuna görə onunla daha çox mən dərdləşirdim. O artıq valideynlərimizn yoxluğunu və onların bir daha geri qayıtmayacağını dərk edirdi.
- Bəs valideynlərinin və qardaşının ölüm xəbərini nə vaxt eşitdiniz?
- Fevralın 26-sı səhər bu dəhşətli hadisənin baş verdiyini eşitdik. O vaxt televizor, radio səhv məlumatlar çatdırırdı. Nəsə baş verdiyini yəqinləşdirmişdik. Amma məsələ barədə dəqiq məlumatımız yox idi. Bilmirdik ki, nə baş verib. Çünki hər gün atışma olurdu. Belə düşünürdük ki, bu da elə hər gün olan atışmalardan biridir. Biz çox qohumlarımızı bu soyqırımı zamanı itirdik. Kadrlarda Milli Qəhrəman Çingiz Mustafyevin qucağına götürdüyü uşaq mənim qaynımın qızıdır.
O yadımdadır ki, bacımgil bizi Bərdədə qoyub Ağdama getdilər. O zaman məndən balaca qardaşım Ədalətin 9 yaşı var idi. Görünür bizi uşaq zənn edib belə etmişdilər. Biz də heç yeri tanımırdıq. Ağlımıza da gəlməzdi ki, valideyinlərimizi və qardaşımızı ermənilər qətlə yetiriblər.
Bacımgil bir neçə gündən sonar Bərdəyə qayıtdılar. Martın 2-si atam, anam və qardaşımın cənazəsi Bərdəyə gətirildi və səhəri gün onlar Yeni Həyat kəndində dəfn etdik.
Hələ də bizə hər şey yuxu kimi gəlirdi. Bütün qohum-əqrabadan ayrı düşmüşdük. Uşaq olsaq da, ata-anamızın, qardaşımızın yoxluğunu dərk etməyə başlamışdıq.
Beləcə, bir neçə ay Bərdədə yaşadıq. Sonra isə Şəkiyə köçdük. Orda bir ailə onlarda yaşamağı təklif etdi. Qardaşımgil iki ilə yaxın Tərtərdə yaşadılar.
Nə deyim, çox çətin idi. Kiçik qardaşım Ədalətlə həmişə bir yerdə olurduq. Artıq taleyimizlə barışmağa başlamışdıq. Uşaq olasan, heç bir istəyin olmaya. Qəribə idi. Bilirdik ki, ata-anamız yoxdu. İstədiyimizi bizə kim verəcəkdi ki…
Mən Ədalətdən böyük idim. Onun yanında çox ağlamırdım. Daha çox gecələr yatanda ağlayırdım. Onda da yorğanı başıma çəkirdim ki, Ədalət bunu hiss etməsin. Heç bir uşağa bunu arzulamıram. Uşaq idik, amma filan yeməyi yemək istəyirik, filan paltarı geyinmək istəyirik kimi düşüncələr bizdən çox uzaq idi. Doğrusunu söyləyəcəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq ki…Ədalətlə dərdləşirdik… Deyirdik, kaş atamız, anamız sağ olaydı, biz dilənib onları saxlayaydıq.
Nəsə… Mən Şəkidə çox qala bilmədim. Bakıya gəldim. Əmim məni öz himayəsinə götürmüşdü. Onlarda 3 il yaşadım… Bakıda hərbi məktəbə daxil oldum, 1995-ci il idi. Məktəbi bitirdim. Təhsilimi Türkiyədə davam etdirmək məsləhət oldu. Ancaq orada bir il oxuyub geri qayıtdım. Çünki ailəmizin dolanışığı çox çətin idi. Bacılarım ailəli idilər. Bəs, Ədalət necə olsun… Bu məsələ məni təhsildən ayırdı. Qayıdıb işləməyə başladım. Başqa yol yox idi.
- Siz bu hadisələr baş verəndə Xocalıda deyildiniz. O hadisələr zamanı sağ qalanlar valideynlərin və qardaşın haqda nələr danışırlar?
- Qardaşım orada hava limanında işləyirdi. Onlar artıq müqavimət göstərə bilmədiklərini görüb, son məqamda hava limanını partladıb çıxmışdılar. Daha sonra evə gedib… Atamı, anamı görməyincə meşəyə tərəf qaçıb. Meşədə ermənilərin BTR-dən açdıığı atəşlə hər üçü öldürülmüşdü.
- Yaşar, o vaxt 14 yaşın var idi. Bu yaşda valideyn itkisini anlamaq olurmu?
- O vaxt bu hadisə baş verəndə hərə bir söz danışırdı. Kimisi deyirdi ki aparıb onları uşaq evinə qoyaq, kimi deyirdi övladlığa verək. Böyük qardaşım isə buna icazə vermədi.
- Bəs, o zaman qohum-əqrəba sizə nə deyirdi?
- Baş verənləri unutmaq o qədər də asan deyildi. Günümüz nə qədər xoş keçsə də, heç vaxt valideynlərimizi unuda bilməmişik. Yaşadığımız müddətcə onlar bizim qəlbimizdə yaşayacaq.
- Heç olubmu ki, valideynlərinin yoxluğuna dözə bilməyib, harasa çıxıb getməyi düşünəsən...
- Hər iki valideyni eyni vaxtda itirmək çox ağırdır. Qardaşım, bacılarım nə qədər təsəlli versələr də, onların itkisi mənim üçün çox ağır idi.
- O vaxt elə bir dövr idi ki, hər şey çətinliklə əldə olunurdu. Siz də yəqin ki, bunlardan keçdiniz...
- Biz Şəkiyə köçəndə elə insanlar var idi ki, evinin əşyasına qədər gətirib bizə verirdilər. Kimin imkanı nəyə çatırdısa, bizə kömək edirdi.
- Bacı-qardaşların indi harda yaşayır?
- Bacımın biri Bərdədə, biri Goranboyun Ağcakənd kəndində məskunlaşıb. İki bacım və qardaşlarım Bakıda yaşayır.
- Xocalıda valideynini itirən digər uşaqlarla əlaqəniz varmı?
- Həmail bizim qohumdur. Mübarizlə sinif yoldaşı olmuşuq. Onun da başına çox böyük fəlakətlər gəlib. Mən onlarla tez-tez görüşməsəm də xeyirdə, şərdə görüşürük.
Yenə biz heç olmasa valideynlərimizi, qardaşımızı gətirib dəfn edə bildik. Hardasa bununla təsəlli tapırıq. İldə bir neçə dəfə gedib onların qəbirlərini ziyarət edirik. Amma öz ata-anasını itirən elə insanlar var ki, heç onların qəbrini gedib ziyarət edə bilmirlər. Mübarizin anası əsir düşüb, taleyi bəlli deyil. Onun kimi bir çox insanlar var.
- İcra Hakimiyyəti və dövlət qurumları sizinlə maraqlanırmı?
- 21 ildir ki, Bakıdayıq, amma biz indiyə kimi heç kimin qapısını döyməmişik. Heç kim də bizlə maraqlanmayıb. O vaxtlar İsgəndər Həmidov bizə çox böyük kömək edib.
Pərvin ARZUQIZI
Sevinc İLTİFATQIZI