Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir.
Araşdırmalar göstərir ki, bəzi iş yerlərində yeni işəgötürülən şəxslərdən tələb olunur ki, əmək kitabçasını özləri alsınlar. Bu zaman həmin şəxslər əmək kitabçaları əldə etmək üçün məşğulluq idarələrinə deyil qara bazardakı alverçilərə üz tuturlar. Əmək kitabçalarını itirmiş, onu yararsız hala salmış şəxslər də bu sənədi əldə etmək üçün yollarını qara bazardan salırlar. Dəyəri 1 manat olan əmək kitabçaları bazarda minimum 10 manata, bəzən bundan da baha satılır. Məsələn, metronun «Neftçilər» stansiyasının çıxışında alverçilər həmin sənədin saxtasını 10 manata, həqiqisini isə 12 manata satırlar. Maraqlıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən çap edilən və məşğulluq idarələrinə verilən həqiqi əmək kitabçaları alverçilərin əlinə necə düşür? Axı həmin sənədlər yalnız məşğulluq mərkəzləri tərəfindən paylanmalıdır.
Araşdırmamız göstərir ki, ƏƏSMN-nin məşğulluq idarələrinə verilən əmək kitabçaları elə həmin mərkəzlərin bəzi işçiləri vasitəsilə bazara çıxarılıb baha qiymətə vətəndaşlara satdırılır. Bunu əməkdaşımızla söhbət zamanı alverçilərin özləri deyiblər.
Baş Məşğulluq İdarəsindən isə deyilənləri təkzib ediblər, lakin qurum rəsmiləri əmək kitabçalarının bazara hansı yollarla çıxarılmasına da aydınlıq gətirə bilməyiblər.
ƏƏSMN Dövlət Əmək Müfəttişliyinin şöbə rəisi Tahir Musayev belə hallardan təəssüfləndiyni vurğulayıb. Onun sözlərinə görə, qanunla heç bir işəgötürən yeni işçidən əmək kitabçası tələb etməməli, özü onu həmin sənədlə təmin etməlidir: «Hər bir işəgötürən Baş Məşğulluq İdarəsinə və ya onun yerli orqanlarına yazılı müraciət etməli və əmək kitabçalarının miqdarına uyğun olaraq onun haqqını ödəməli, onları aldıqdan yeni işəgötürülənlərə verməlidir. Amma bizim də araşdırmalarımızın nəticələri işəgötürənlər arasında qanunun tələblərini pozanların olduğunu deməyə əsas verir».
T.Musayevin sözlərinə görə, qara bazardan alınan saxta əmək kitabçalarından istifadə işçi üçün sonradan çox ciddi problemə çevrilə bilər. Məsələn, vətəndaş iş yerini dəyişdikdə, yeni işəgötürən saxta sənədi qəbul etməkdən imtina edə bilər və s. T.Musayev vətəndaşlara qara bazardan əmək kitabçaları almamağı məsləhət görüb.
Qeyd edək ki, latın qrafikalı milli əmək kitabçaları 1996-cı ildən tətbiq olunur. Lakin bu gün bir çox iş yerlərində sovet dövründən qalan əmək kitabçalarından da istifadə olunur. T.Musayev bildirib ki, qanunvericiliyə görə, milli əmək kitabçaları tətbiq olunmazdan öncə yazılmağa başlanılan və bu gün də yazılışı davam etdirələn köhnə əmək kitabçaları da hələ qüvvədə qalır.
Modern.az