Davamlı şəhər inkişafı və urbanizasiya siyasəti ölkənin əsas dövlət prioritetlərindən biridir.
Modern.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində səsləndirib.
O qeyd edib ki, hazırda Qazaxıstan əhalisinin 63%-dən çoxu şəhərlərdə yaşayır və rahat yaşayış şəraiti, təhlükəsizlik, əlçatanlıq, ekoloji dayanıqlılıq və layiqli məşğulluğun təmin edilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasındadır.
“Bu ilin yanvar ayında Qazaxıstanda memarlıq dizaynı, şəhər keyfiyyəti və inteqrə olunmuş şəhər planlaşdırılması üzrə vahid standartları müəyyən edən yeni Tikinti Məcəlləsi qəbul edilib. Bununla yanaşı, ölkənin bütün regionlarında şəhərsalma mərkəzləri yaradılıb”.
O həmçinin vurğulayıb ki, davamlı şəhər inkişafı texnologiyalar, süni intellekt, su təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlılıq kimi çağırışlara cavab verməyi tələb edir:
“Qazaxıstanın Almatı bölgəsində yaradılan “Alatau City” layihəsi beynəlxalq investisiyaları, innovativ həlləri və qabaqcıl idarəetmə texnologiyalarını cəlb etməyi hədəfləyən müasir şəhər klasteridir”.
Baş nazirin sözlərinə görə, ötən il Qazaxıstanda süni intellektin təhlükəsiz, şəffaf və insan mərkəzli istifadəsini tənzimləyən qanun qəbul edilib:
“Hazırda ölkədə 1200-dən çox dövlət xidməti rəqəmsal elektron hökumət sistemi üzərindən təqdim olunur”.
O çıxışında su təhlükəsizliyi və ekologiya məsələlərinə də toxunub:
“Qazaxıstanın yeni Konstitusiyasında ətraf mühitin qorunması fundamental dövlət dəyəri kimi təsbit olunub. İqlim dəyişiklikləri və su qıtlığı fonunda dayanıqlı su idarəçiliyinin şəhər inkişafının ayrılmaz hissəsinə çevrilib”.
Baş nazir əlavə edib ki, Qazaxıstan BMT-nin Məskunlaşma Proqramı ilə fəal əməkdaşlıq edir və dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq təşəbbüslərdə iştirak edir.
Sonda Qazaxıstan nümayəndəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib.