Parlament Jurnalistlər Birliyi üçün Türkiyə Alanyadan başladı. 2009-cu ilin yayında Alanya Qəzetçilər Cəmiyyətinin dəvəti ilə biz dörd jurnalist olaraq bir həftə Alanyada olduq. Doğrusu o zaman bəzi azərbaycanlı həmkarlarımızı təkrarlayacağımızı zənn edirdik: gedib turistlik edib geri dönəcəyik, vəssalam...
Çünki hər zaman sələflərimizi belə görmüşük.
Ancaq Alyanya Qəzetçiler Cəmiyyətinin başkanı Məhmət Əli Dim bu düşüncələrimizi dəyişdi. Öncə bu cəmiyyətlə qardaşlıq protokolu imzaladıq. Sonra Alanyada beş dildə Qarabağ problemi ilə bağlı bukletlər çap etdirdik. Bukletin mətnini Azər Qaraçənli ilə Aqil Camal yazdı və onların bir hissəsini yaşca PJB üzvlərinin hər birindən böyük olmasınana baxmayar Xətayi Əzizov yenidən Alanyaya qayıdıb şəxsən payladı. Yerdə qalanlarını isə Alanyada yaşayan dostumuz Xudaverdi Məmmədov paylatdırdı. Bu məsələdə o, bizə həm mənəvi, həm də maddi dəstək oldu. Təbii ki, bu işlər Alanya Qəzetçilər Cəmiyyətinin hərtərəfli köməyi ilə gerçəkləşdi. İqtısadiyyatı tam şəkildə turizmdən asılı olan Alanyada belə bir iş gerçəkləşdirmək türk dostlarımız demişkən, çox zor olsa da, bölgə rəhbərliyi turistləri itirməyi göz önünə alaraq buna getdi.
Bu ilin ilk aylarında Azərbaycana gələn Alanya Qəzetçilər Cəmiyyətinin üzvləri Quba kütəvi məzarlığını ziyarət etdilər. Bundan sonra Məhmət Əli Dim “abi, bu konuda nə desəniz, yaparız” dedi. Məhz onun sayəsində martın 30-da Alanyada “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” adlı sərgi keçirildi. Bu tədbirə milllət vəkilləri, bölgənin bütün dövlət adamları, siyasi partiya nümayəndələri, Nuru Paşanın qardaşı Ənvər paşanın nəvəsi və adlarını çəkə bilməyəcəyim çox görəvli insanlar iştirak etdi. Sərgi Alanyanın mərkəzi Atatürk meydanında açıq havada təşkil edilib. Alanyada turizm mövsümü başladığndan demək olar ki, bura gələn turistlər gün ərzində ən azı bir dəfə mərkəzi Atatürk meydanından keçirlər.
Eyni adlı tədbir martın 31-də Ankarada “Zəfər Çarşısı” Sərgi Salonunda keçirildi. Bunun təşkilatçısı isə Türkiyə Qəzetçilər Fedarasiyası oldu. Məhmət Əli Dimin genel başkan yardımçısı olduğu bir qurum. Bu tədbirə Türkiyə Böyük Millət Məclisinin sədri və Avropa Şurası Parlament Assambleyasının prezidenti də qatılacaqlarını öncəki gün bildirmişdilər. Lakin tədbir günü ciddi məsələlər çixdığından iştirak edə bilmədilər. Bununla belə Çavuşoğlu bizə bir saat vaxt ayıra bildi.
Ankarada gerçəkləşən sərgidə Türkiyə Qəzetçilər Fedarasiyasının genel başkanı Atilla Sertelin də xidmətləri böyük oldu. O, bu ayın ikinci ongünlüyündə belə bir tədbirin Türkiyənin üçüncü böyük şəhəri İzmirdə keçirilməsini təklif etdı. Keçirəcəyik, inşallah!
Alanya bir çox cəhətlərinə görə Azərbaycanla Türkiyənin digər bölgələrindən daha çox oxşardır. Yerli insanların danışığı ilə bizlərin danışığı arasında güclə seziləcək fərq var. Onlar bunu özlərinə məxsus tərzdə izah edirlər: azərbaycanlılar və alanyalılar səlcuqların davamçılarıdır. Danışıqların eyni olması da bundan irəli gəlir.
Doğrusu başda Məhmət Əli Dim olmaqla biz alanyalılardan həqiqi qardaşlıq gördük.
Təşəkkürlər Alanya!