1988-ci il. Mərkəzi Komitənin 1-ci katibi Kamran Bağırovdur. Bu vəzifəyə onu Moskva təyin edib. Moskva da məsləhət bildi ki, onu bu vəzifədən çıxartsın. Elə də oldu. Yerinə xalqın az tanıdığı, SSRİ-nin Pakistandakı səfiri Əbdürrəhman Vəzirov gətirildi. O həm də Azərbaycanın və Sovet İttifaqının uzun illər rəhbəri olmuş Heydər Əliyevin yumşaq desək düşməni sayılırdı. O saat pıçhapıçlar, dedi-qodular gəzməyə başladı: “Moskva Özbəkistanda sərif Rəşidovun başına gətirdiklərini Heydər Əliyevin də başına gətirəcək. Müstəntiq Qdlyan da ki erməni. Batdıq”.
“Alınmadı. Azərbaycan unikal dövlətdir. Dünyanın heç bir ölkəsinə bənzəmir. Başqasının başında çatlayanın bizə dəxli yoxdur”.
1990-cı il. Vəzirov artıq idarə edə bilmir. Mərkəzin ümidlərini də doğrulda bilmədi. Əksinə yürütdüyü siyasət erməniləri Azərbaycandan didərgin saldı. Daxildə Moskvanın qüvvəsini azaltdı.
Moskvada fikirləşirlər: - Nə edək? Gəlin Tbilisi hadisələrini Bakıda tətbiq edək. Gözlərini qorxuzaq:
- İcra edilsin!
132 nəfər ölür. Şəhidlər Xiyabanı yaranr. Vəzirov qaçır. Xalq Cəbhəsi güclənir. Xalq hərəkatı genişlənir. Kommunist biletləri yandırılır. Moskvanın ünvanına söyüşlər daha aydın eşidilir. Xalq Cəbhəsinin əlində oyuncağa çevriləcək Ayaz Mütəllibov hakimiyyətə gəlir.
“Alınmadı. Azərbaycan unikal dövlətdir. Dünyanın heç bir ölkəsinə bənzəmir. Başqasının başında çatlayanın bizə dəxli yoxdur.”
1992-ci il. Moskvada fikirləşirlər: - Mütəllibov artıq Xalq Cəbhəsinə qaynayıb-qarışıb. Nə deyirlər onların havasına oynayır. Artıq özünü müstəqil Azərbaycanın prezidenti kimi hiss edir. Milli atributların hamısını bərpa elətdirib. SSRİ-dən çıxıb BMT-yə üzv olub. Sovetin yox, Azərbaycanın himnini oxuyur. Guya, Heydər Əliyevin də hakimiyyətə qayıtmasına mane olur. Yaş senzi tətbiq edib. Bunu ləğv etməyə nə var ki?
- Gəlin, ətrafını götürək. Həm daxildə rəğbət qazanaq, həm də Ayazın əl-qolunu “sındıraq”:
- Vertolyot vurulsun!
... Yox nəsə alınmadı. Başqasının layihəsi Azərbaycanda yenə də effekt vermədi. Əksinə əhalidə bizə, ermənilərə nifrət yaratdı.
Ayaz da nəsə yerində rahat oturub. Haram olsun ona çörəyimiz. Gəlin, belə edək. Sumqayıt hadisələrinin ildönümündə ona bir qəşəng “konsert” hazırlayaq, Xalq Cəbhəsinə də dil verək. Erməniləri də sevindirək, xal qazanaq. Daha bir yeni layihə tətbiq edək.
- Mütəllibovu devirərlər, axı? Necə olsa bizimkidir.
- Onda gəl “Aldanmış kəvakib” oyunu oynayaq. Müvəqqəti vəzifədən götürək. Həm ağlı yerinə gəlsin, həm də Azərbaycan xalqı bir az başsız qalsın. Başa düşsün.
- Xocalı zəbt olunsun, qanında boğulsun!
- Alındı. Biz deyən oldu. Ayazı qovmadılar, doğramadılar. Hörmətlə yola saldılar. Sağ olsun parlamentdəki bizimkilər. Yaxşı “oynadılar”. Üstəlik eks-prezident kimi pensiya, “oxrana”, ev-zad da təşkil etdilər. Aaa, bu Ali Sovetin sədri Elmira Qafarova niyə bivəfa çıxdı? Aradan çıxdı ki... İndi görəsən parlamentdəki bizimkilər vəziyyətdən çıxa biləcəklərmi?
- Əla! Yeni rəhbər lap yerinə düşdü. Tibb İnstitutunun rektoru Yaqub Məmmədov lap yerinə düşdü. Bundan yaxşı “Yusif Sərrac”?
- Birdən Nəriman Nərimanova oxşamaq istəsə?
- Problem yoxdur... zəhərləyərik gedər.
- A, iki gündür gəlib, hoqqa çıxarır. Bu boyda alim, professor, həkim, rektor, ziyalı, nəhayət Azərbaycanın müvəqqəti də olsa prezidenti indi başa düşüb ki, “böyük oyunun peşkasıdır”. Bərəkallah. Belə getsə Ayazı geci-tezi 3 aya qaytararıq dala. Qoy hələ qədrimizi bilsin. Bundan sonra biz çaldığımızı oynasın.
- Belə-belə işlər... Xocalını verdik Ayazı devirdik. İndi isə Şuşanı verək Yaqub hoppansın bayıra. Ayaz da “Gördünüz? Rəhbərlik edə bilmədiniz. Çəkilin. Bu kreslo mənim halalca haqqımdır. Xalq seçib məni. Vaxtımın qurtarmağına da hələ var!” deyib keçsin yerinə. İki gündən sonra da Şuşanı geri qaytararıq – Ayazı möhkəmləndirmək üçün. Çaykəndi ermənilərdən boşaldanda bu priyom alınmışdı. Ermənilər çətin ki, Şuşaya girə... Elə biləcəklər ki, nəsə tələdir.
Ayaz Mütəllibov geri qayıdır. Prezidentliyini təzədən bərpa edir. Səhəri gün isə qaçır. Ermənilər Şuşaya daxil olurlar. Hakimiyyətə İsa Qəmbər gılir, ardınca da Elçibəy.
“Alınmadı.Demişdim axı, başqasının layihəsi Azərbaycanda həyata keçmir.”
1993-cü il. Və ən nəhayət 15 iyun 1993-cü il, Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı. Heydər Əliyev hakimiyyətə gəldi. Böyük oyunun “Şah” fiquru. “Peşka”lar qaldılar çabalaya-çabalaya ki, nə etsinlər, hansı layihəni həyata keçirsinlər ki, onu devirsinlər. Alınmadı. “X” (iks günü - ölüm günü. Ölümü arzulama) günü icad edib, gözləməyə başladılar. Bircə buna nail oldular. Əfsus. Ölüm haqdır.
Nəsə girişim böyük oldu, məqsədim başqadır..
AzTV-də işləyirdim. Kəmalə xanım adlı birisi QHT sədri idi. Otağındaydım. İnformasiya alırdım. Birdən:
- Mahir, incimərsən sənə bir hədiyyə versəm.
- Niyə inciməliyəm ki, Kəmalə xanım. Adam da hədiyyədən inciyər. Özü də ki, təmənnasız.
- Yox e, qorxuram. İşə-zada geyinmə. Soruşarlar “kim verib?” Sən də deyərsən ki, “mən vermişəm”. Düzgün başa düşməzlər.
Düzü məəttəl qaldım. Anam yaşında olan Kəmalə xanımı işdəkilər də gözəl tanıyırdılar. Hər Yeni il bayramında hamını pulsuz şənliklərə dəvət edirdi. Otağında böyük bir seyf vardı. Qapısın açdı. Əlini seyfin dibinə uzadaraq bir üçdüymə köynək çıxartdı. Mənə uzatdı:
- Sən Allah, işə yox, dənizə-bağa geyinərsən.
Kəmalə xanımın narahatçılığını indi başa düşdüm. Köynək sarı rəngdə idi, amma narıncıya çox çalırdı.
O vaxt Ukraynada inqilab baş vermişdi. Adını da “narıncı inqilab” qoymuşdular. İnqilab edənlərin bayraqları, köynəkləri, qalstukları narıncı rəngdə idi. Sonda da qalib gəlmişdilər. O vaxt - 2005-ci ildə Azərbaycanda da mitinqlər keçirilirdi. Tribunada dayananların hamısı narıncı köynək tapmasalar da, narıncı qalstuk əldə edə bilmişdilər.
Qərb “narıncı inqilabı” Azərbaycana ixrac edir. “Hazırlaşın hakimiyyətə biz gəlirik!” sözləri eşidirdik. Amma alınmadı.
Başqa layihələr Azərbaycanda həyata keçmir.
Bir də gördük ki, Mixeil Saakaşvili əlində qızılgül Gürcüstanda inqilab edir.
“Bəzi”lərinin də bu gülə rəğbəti artmağa başladı. Amma alınmadı. Başqa layihələr Azərbaycanda həyata keçmir.
Daha sonra “ərəb baharı”. Bunu da adladıq. Alınmadı. Başqa layihələr Azərbaycanda həyata keçmir.
İndi isə Milli Şura xofu. Nəsə yeni gəlir mənə. Amma ürəyimə dammışdı ki, burda da bir plagiatlıq var. Axır ki tapdım. İqtisadçı, dostum Aydın Hüseynovun “2 illik prezidentlik məsələsinin bəzilərinə vahid namizəd olmaqda tərəddüd yaratması gülüncdür” fikirlərini oxuyanda anladım.
Bir an fikrə getdim. Seçkilər ərəfəsində, 5 illik bir mərhələnin başlanğıcında “2 illik prezidentlik” məsələsi haradan meydana çıxdı? Bacarırsan gəl seçkilərdə qələbə çal, 5 il prezident ol. Niyə axı, 2 il? Axır ki, tapdım.
2005-ci ildə Qırğızıstanda “Tülpan inqilabı” nəticəsində prezident Əskər Akayevi devirirlər. Bu dövrdə yeni “Ata-jurt” adlı müxalifət hərəkatı yaranır. Başçıları isə kinorejissor Dooronberk Sadırbayev və Roza Otunbayeva seçilir. Roza Otunbayeva daha sonra Kurmanbek Bakiyevi devirərək müvəqqəti keçid dövründə prezident təyin olundu. Vətəndaş müharibəsi, qarışıqlıq fonunda məhz təyin olundu, seçilmədi. Ümumxalq seçkisinə getmədi. Düz bir il yarım. Sonra qanuni seçkilər keçirildi. Almazbek Atambayev prezident seçildi. Roza Otunbayeva isə taxtından salındı. Bizim dildə desək “Yusif Sərrac” getdi.
Aydın müəllimin “2 illik prezidentlik məsələsinin bəzilərinə vahid namizəd olmaqda tərəddüd yaratması gülüncdür” fikirlərini oxuyanda, Roza Otunbayeva yadıma düşdü. Bircə bu layihə qalmışdı onu da Azərbaycanda həyata keçirmək istəyirlər. Sivil seçkilər olduğu halda Qırğızıstandakı kimi qarışıqlıq yaratmaq, bu qarışıqlıqdan istifadə edib özünü prezident təyin etdirmək, iki ildən sonra isə “Şah” axtarışına çıxmaq.
Onu da xüsusi qeyd edim ki, Roza Otunbayevanın müxalifət ortağı da kinorejissor olub - kinorejissor Dooronberk Sadırbayev. Lap bizim Rüstəm İbrahimbəyov kimi.
İndi kinorejissorumuz bəllidir. Bəs “Roza Otunbayeva”mız kim olacaq? Milli Şuranın siyahısına baxıram. Gül adlarından nə roza var, nə də tülpan. “Bahar” da geridə qalıb. Gül adı bircə lalədir. Bəlkə Lalə Şövkət? Bilmirəm.
Seçim xalqındır! Ya köklü, növbəti beş il üçün prezident seçməlidir. Ya da... Mehriban olaq, cənablar! Mehriban!