Modern.az

Milli Şuranın aqibəti: Bir addım irəli, iki addım geri - ŞƏRH

Milli Şuranın aqibəti: Bir addım irəli, iki addım geri - ŞƏRH

Ölkə

1 Oktyabr 2013, 16:46


Demokratik Qüvvələrinin Milli Şurasının prezident seçkilərindən sonra fəaliyyətini davam etdirib-etdirməyəciyi yeni müzakirələrə yol açır. Uzun illərdən sonra ilk dəfə Milli Şura çardağı altında cəm olan müxalifətin 9 oktayabr seçkilərinin ardından necə fəaliyyət göstərəcəyi maraq doğurur.

Milli Şura dağılacaq, yoxsa..?

Milli Şuranın yarandığı ilk gündən bu qurumun prezident seçkilərinə hesablandığı bəlli idi. Kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü ideyanın heç də asanlıqla ərsəyə gəlmədiyinin, hər şeyin yağ kimi getmədiyinin şahidi olurduq. Ziddiyətlər, fikri ayrılığı, müxalifətin daxilində bir-birini qəbul etməmək,  qısqanclıq və qarşılıqlı ittihamlar ideyanın reallaşmasını mümkün qədər ləngidirdi.

Gec də olsa Milli Şura yarandı.

“Mehribah düşmən” obrazını xatırladan müxalifətin bir araya gəlməsini “möcüzə” hesab etmək olardı. Azərbaycanda ilk dəfə klassik müxalifət Rəsul Quliyev, Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkət, Mirmahmud Mirəlioğlu, Eldar Namazov bir araya gəldi. Rüstəm İbrahimbəyovun bu təşəbbüsü müxalifət üçün bir ilk və uğur idi.

Amma siyasi proseslərin gedişi Milli Şura ideyasının iflasından xəbər verirdi. İqtidar tərəfi seçki hazırlığına başladığı halda, müxalifət qeyri-ciddi müzakirələrdən sonra vahid namizədini seçə bilmirdi. Eldar Namazovun canfəşanlığı ilə Rüstəm İbrahimbəyovun oynadığı “Milli Şura oyunu” seçimin bir addımlığında professor Cəmil Həsənlinin namizədliyilə razılaşmalı oldu.

Amma ox yaydan gec çıxmışdı.

Müxalifət zaman baxımından iqtidara uduzurdu. İbrahimbəyovun “qırmızı kart” alaraq oyundan çıxması ilə onun komandası da (Eldar Namazov və dostları) Milli Şuranı meydanda tək qoydu. Halbuki, Milli Şuranın yaranmasında dəridən-qabıqdan çıxanlar da məhz cənab Namazovun heyəti idi.  

İbrahimbəyovun namizədlikdən kənarda qalmağı ilə Milli Şurada dolayısı parçalanma başladı.

Politoloq Qabil Hüseynli də Milli Şuranın sonunun olmadığını bildirir. Şuranın seçkidən sonrakı aqibətini Modern.az-a şərh edən siyasi ekspert müxalifətin tezliklə dağılacağını proqnozlaşdırır.

Q.Hüseynli hesab edir ki, seçkidən sonra Milli Şura adlı bir qurum olmayacaq:

“Onsuz da Milli Şurada uzun müddətdir dağılma prosesi gedir. Milli Şuranın əsas liderlərindən hesab edilən Lalə Şövkət də kənara çəkildi. ACP Milli Şuraya əks təbliğat kampaniyası aparır. Rəsul Quliyev aşıq-aşkar Milli Şuradan narazılıq edir, görülən işləri kəskin tənqid atəşinə tutur. KXCP də Milli Şurada heç nə edə bilmədi. Hazırda AXCP və Müsavatdan başqa Milli Şurada faktiki heç bir qüvvə qalmayıb.
Cəmil Həsənlinin seçki kampaniyasını Milli Şuradan çox Müsavat AXCP aparır. Güman edirəm ki, seçkilərdən sonra da Milli Şura adlı bir qurum olmayacaq. Şura dağılacaq. Yenə AXCP-Müsavat İctimai Palata fonunda fəaliyyətini davam etdirəcək. Digər partiyaların Milli Şurada qalması real görünmür. Seçkidən sonra Milli Şuranı saxlamağın da heç mənası yoxdur”-deyə politoloq qeyd edib.

Milli Şuranın bir neçə üzvü ilə də əlaqə saxlayıb münasibət öyrənməyə çalışsaq da onlar bu mövzuda danışmaq istəmədiklərini dedilər.

Seçkidən sonra nələrin baş verəcəyinə yüz faiz əmin olmasaq da, indiki reallıqla Milli Şuranın 9 oktyabr tarixinin ardından bəzi digər siyasi qurumlar kimi tarixin arxivinə qovuşacağı güman olunur.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı