
”Mətbuatda dərc olunan məktub Lalə Şövkət tərəfindən yazılıb. Məktubda yazılanları danışıqlı düşüncə kimi dəyərləndirirəm”. Bunu Modern.az-a açıqlamasında ALP-nın sədri Əvəz Temirxan partiyanın lideri Lalə Şövkətin “virtualaz.org” saytında dərc olunan müraciəti barədə danışarkən deyib.
Lalə Şövkət vahid namizədlikdən imtina etməsi barədə sözügedən məktubu bu ilin martında Kanadadakı Azərbaycan diasporunun nümayəndələrinə yazıb.
“Seçkilər öncəsi Azərbaycan diasporunun əhəmiyyətli bir qismi Lalə Şövkəti namizəd görmək istəyirdi. Hətta, buna qısqanclıqla yanaşanlar, öz səviyyəsinə uyğun açıqlama verənlər də olmuşdu. Lalə xanım da bu məktubu yazıb fikrini bildirdi ki, namizəd olmaq istəmir. Müxalifət ən geci keçən ilin yayında birləşməli idi. Real prezidentliyə namizəd olan partiyalar ziyalılarla bir araya gəlməli idi. Təəssüf ki, bu olmadı. Artıq fürsət əldən verilmişdi. Hətta siz bilirsiniz ki, Azərbaycana demokratik dəstək vermək istəyən beynəlxalq demokratik qüvvələr, demokratiyanı dəstəkləyən ölkələr də Azərbaycanda vahid namizəd olacağı təqdirdə, mən ad çəkmək istəmirəm, ona dəstəyin daha güclü olacağını bildirmişdi. Bunu keçən il demək lazım idi. Müxalifətin yeganə resursu onun vaxtı və birliyidir. Müxalifətin xalqın mövqeyini dəstəkləməsi və etibarını yaratması siyasəti müxalifətin resursudur. Müxalifətin düşmənçilik mövqeyinin olmasına baxmayaraq, cəmiyyətdə bir boğucu mühit olmasına baxmayaraq, Cəmil müəllim ali mövqeyini ortaya qoydu” deyə Əvəz Temirxan bildirib.
Lalə Şövkətin məktubunun 9 oktyabr seçkilərindən sonra ortaya çıxmasına münasibət bildirən ALP sədri bunun planlı şəkildə həyata keçirilmədiyini deyib.
“Məktub ona görə seçkilərdən sonra ortaya çıxarılıb ki, cəmiyyət bilsin ki, Lalə Şövkətin mövqeyi necə olub. Lalə Şövkətin məktubu seçkilərdən sonra üzə çıxarmaq planı olmayıb. Amma seçkiyə qədər çıxarmamaq planı olub. O mənada ki, o zaman müxalifət daxilində pərakəndəlik yarana bilərdi. Lalə xanım da müxalifət daxilində kövrəkliyin pozulmasını istəmirdi. Demokratiyanı istəyən siyasətçi üçün son söz cəmiyyətindir. Ona görə də Lalə Şövkət seçkilərdən sonra həmin məktubu üzə çıxartdı. Hər bir siyasətçi çox istərdi ki, öz layiqli namizədi prezident olsun. Görürüsünüz ki, Lalə Şövkət burda yenə Azərbaycan xalqı naminə öz vahid namizədliyindən vaz keçib. İstəməyib bunu. Amma bununla belə vahid namizəd olan şəxsi dəstəkləyib. İmkanımız çərçivəsində yerlərdə görüşünün təşkil olunmasında əlimizdən gələni etdik. Sadəcə, bunu açıq şəkildə etmədik. Əlimiz sosial şəbəkələrə çatırdı. Seçki təbliğatımızı apardıq. Hətta, Lalə Şövkət siyasi liderlərdən birinin namizdəliyini dəstəkləməyə hazır idi. İndi çox adam Rəsul Quliyevə hücuma keçir. Lalə Şövkət və Rəsul Quliyev siyasi liderlərdən birinə səs verməyin tərəfdarı idilər”.
Qeyd edək ki, 7 ay bundan qabaq Kanadadakı Azərbaycan diasporu ALP lideri Lalə Şövkətə məktubla müraciət edərək, seçkilərdə onu vahid namizəd kimi görmək istədiklərini bildiriblər. 2013-cü il 9 mart tarixində Lalə Şövkət məktuba cavab yazıb. Amma məktub 7 aydan sonra, indi ortaya çıxıb.
Namidə BİNGÖL