Modern.az

Dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçilib - FOTOLAR

Dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçilib - FOTOLAR

Mədəniyyət

Bu gün, 15:17

İstanbulun Rami Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının (IFLA) 2026-cı il Yaşıl Kitabxana Mükafatlarında “Böyükmiqyaslı layihə” kateqoriyası üzrə birinci yerə layiq görülüb. Kitabxana XIX əsrə aid Rami Kazarmasının tarixi irsi qorunmaqla iqlim dəyişikliklərinə davamlı müasir mədəniyyət məkanına çevrilməsini nəzərdə tutan layihəsi ilə 27 ölkədən təqdim olunan 62 layihə arasında fərqlənib.

Modern.az-ın məlumatına görə, 1826–1828-ci illərdə inşa edilən Rami Kazarması genişmiqyaslı bərpa və yenidənqurmadan sonra 2023-cü ildə kitabxana kimi fəaliyyətə başlayıb. Layihədə konservasiya və adaptiv təkrar istifadə prinsipləri əsas götürülüb.

36 min kvadratmetr qapalı sahəyə və 4 200 nəfərlik tutuma malik kitabxanada rəqəmsal, gənclər, böyüklər və ixtisaslaşmış kitabxanalar fəaliyyət göstərir.

Rami Kitabxanasının 51 min kvadratmetrlik yaşıllaşdırılmış ərazisində 696 ağac, 99 min kol, bioloji gölməçə və qamışlıqlar yerləşir. Yağış suları toplanaraq yenidən istifadə olunur, günəş enerjisi, LED işıqlandırma və sensor sistemlərindən yararlanılır. Tullantılar çeşidlənir, birdəfəlik plastiklərin istifadəsi azaldılır.

Kitabxana davamlılıq anlayışını ekoloji məsələlərlə məhdudlaşdırmır. Burada iqlim savadlılığı, sosial inklüzivlik, mədəniyyət və təhsil proqramları həyata keçirilir. Əlçatan Resurslar Mərkəzi müxtəlif ehtiyacları olan istifadəçilərə xidmət göstərir, Şifahane bölməsi isə nadir əlyazma və çap materiallarını bərpa edir.

Rami Kitabxanası Türkiyədə “Biosphere Davamlı Muzey Sertifikatı” alan ilk kitabxana olmaqla yanaşı, “Sıfır Tullantı” və “Yaşıl Enerji” sertifikatlarını əldə edən ilk müəssisədir. 2023-cü ildən 2025-ci ilin sonunadək kitabxananı 8,2 milyondan çox ziyarətçi qəbul edib.

Rami Kitabxanasının uğuru tarixi irsin qorunması, ekoloji davamlılıq və müasir kitabxana xidmətlərinin vahid məkanda birləşdirilməsinin mümkünlüyünü nümayiş etdirir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...