ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi 2010-cu ilin I rübü ərzində regionların qaz təminatının yaxşılaşdırılması, mavi yanacaqla təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması və bu şəbəkənin inkişaf etdirilməsi üçün həyata keçirilən işləri daha da intensivləşdirib. Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirlib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən ötən müddət ərzində ARDNŞ tərəfindən ölkənin təbii qazla təmin olunmasında mühüm rola malik yeraltı qazsaxlama anbarlarının tutumunun 3 milyard kubmetrədək genişləndirilməsi, anbarlara qazın vurulması və götürülməsi məqsədi ilə səmərəliliyin artırılması istiqamətində genişmiqyaslı tədbirlər aparılıb, qaz kəmərlərinin çəkilməsi, yeni kompressor stansiyalarının tikintisi sürətləndirilib. Ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlər görülür. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Sabunçu, Xətai, Nizami, Qaradağ rayonlarının qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və sayğacların fərdi həyətlərdən çıxarılması məqsədilə 146,7 kilometrlik boru xətləri çəkilib. Aşeron rayonunun 9 kəndinin qazlaşdırılması məqsədi ilə müxtəlif diametrli 47,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.
Regionların qazlaşdırılmasının da diqqət mərkəzində olduğu bildirilir. Ölkə rəhbərliyinin göstərişinə əsasən, sərhəd bölgələrinin qazlaşdırılmasına xüsusi diqqət yetirilir. Gədəbəy rayonunun Novosaratovka, Qaramurad, Ataxal kəndlərinin qazlaşdırılması məqsədi ilə “Gədəbəy-Novosaratovka” qaz kəmərinin tikintisi işləri davam etdirilib, kəmərin 6,3 kilometr uzunluğunda hissəsi istismara verilib. Gədəbəyin Qaraməmmədli kəndinin, Füzuli rayonunun Horadiz qəsəbəsinin qazlaşdırılması məqsədi ilə ümumilikdə 45 kilometrlik boru xətləri çəkilib. Füzulinin Arayatlı və Babı kəndlərinin, Beyləqan şəhər mərkəzinin və rayondakı Sitçilik RTS qəsəbəsinin, habelə Şamaxının Şirvan, Saqiyan və Şərədil kəndlərinin, Qobustan rayonun Hilmilli qəsəbəsinin qazlaşdırılması işləri də uğurla davam etdirilir. Artıq Ağsu rayonunun Ərəbsərvan, Bəyimli, Çiyni, Hacıqədirli və Göydəlləkli kəndlərinin, Masallı şəhərinin, Tərtərin Qaynaq, Qapanlı və Qazyan kəndlərinin, Balakənin Katex kəndinin, Hacıqabul, Neftçala, İsmayıllı, Naftalan və Şabran rayon mərkəzlərinin qaz təchizatı şəbəkəsinin yenidən qurulmasına başlanılıb, bu məqsədlə ümumi uzunluğu 158 kilometrdən çox qaz xətləri çəkilib. Qazın qəbulu, paylanması və istehlakı zamanı yaranan itkilərə yol verməmək üçün qazdan qeyri-qanuni istifadənin, sayğaclara kənar müdaxilələrin qarşısının alınması, qaz sızmalarının aşkarlanıb ləğv edilməsi, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında nəzarətin gücləndirilməsi və qazdan istifadənin dəqiq uçotunun aparılması məqsədilə “Azəriqaz”da daimi fəaliyyət göstərən komissiya yaradılıb. 2010-cu il üçün həyata keçiriləcək işlərin planı hazırlanıb. Tədbirlər planına əsasən, Şimal və Qərb istiqamətində magistral qaz kəmərlərində əsaslı təmir işlərinin aparılması ilə yanaşı Astara və Hacıqabul qazpaylayıcı stansiyalarında yenidənqurma tədbirlərinə başlanılıb. ”2010-cu ilin 1-ci rübündə magistral, daşıyıcı və şəbəkə qaz kəmərlərində 15500 sızma faktı aşkarlanıb və vaxtında bərpa olunub. Aparılan monitorinqlər nəticəsində əhali arasında qaz xəttinə 753 qeyri-qanuni qoşma faktı müəyyən olunaraq qaz kəmərindən ayrılıb. Bu müddət ərzində 300-ə yaxın sayğaca kənar qoşmalar, 250 üfüqi vəziyyətə gətirilmiş sayğac, sayğaclara müdaxilə halları və qeydiyyatsız əhali abonentləri aşkarlanaraq müvafiq tədbirlər görülüb”.
Modern.az