
Artıq bir neçə gündür ki, Azərbaycanda Məhərrəm ayı başlayıb. Bu ayda Peyğəmbərin nəvəsi imam Hüseynin Kərbalada şəhid edilməsinə görə, şiə müsəlmanları arasında kədərli ay sayılır və xüsusi təziyə mərasimləri keçirilir.
Azərbaycanda Aşura təziyəsi hələ sovet vaxtında belə, bütün qadağalara baxmayaraq keçirilirdi. Xüsusən Bakı kəndlərində və ölkənin cənub regionunda bu mərasim xüsusi fəallığı ilə seçilib. Bir sıra müşahidələrə görə, son illər Məhərrəmlik təziyələrində artıq əvvəlki kütləvilik müşahidə olunmur. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri var..
Modern.az 90-cı illərin əvvələrində Bakı kəndlərində və Cənub zonasında Aşura mərasimlərinin necə keçirildiyini araşdırıb. Müsahiblərimiz isə Bakı kəndlərində və Cənub zonasında doğulmuş həmkarlarımız oldu..
“Lənkəranda bütün kasset satılan yerlərdə mərsiyə səslənərdi”
Modern.az portalının redaktoru Xaqani Səfəroğlu deyir ki, Lənkəranda Aşura təziyələrinə xüsusi önəm verilib. “Mənim uşaqlığım və yeniyetməliyim 80-lərin sonu 90-cı illərin əvvəlinə düşdüyü üçün o dövrdə və indi keçirilən Aşura mərasimlərinin fərqini görə bilirəm. Lənkəran üçün bu spesifik mərasim idi. Məhərərm ayı “ağır ay” hesab olunduğundan şəhərdə, kəndlərdə, qəsəbələrdə musiqi səsləri kəsilirdi. Həmin günlərdə toy çaldırmaq isə ümumiyyətlə ağla gələ bilməzdi. Evlərdə televizora baxılmırdı. Bizim evdə bu qaydaya müəyyən qədər riayət olunurdu. Rəhmətlik nənəm Aşuraya qədər televizorun açılmasına qadağa qoymuşdu. Bu, ailədə heç kimdə narazılıq doğurmurdu. Bu İmam Hüseynə hörmət əlaməti olaraq edilirdi. Şəhərin bütü kasset satılan yerlərində mərsiyə yazılmış lent yazıları səslənərdi”.
X.Səfəroğlunun sözlərinə görə, imam Hüseyn təziyəsi ilə bağlı məscidlərdə böyük mərasimlər keçirlirdi. “Qadınlar və kişilər ayrı-ayrı yerlərdə otururdular. Orada xüsusi dəstəbaşılar olurdu. Bu dəstəbaşılar insanların təziyə mərasimindəki ritualları yerinə yetirməsinə rəhbərlik edirdilər. Gənclər, orta yaşlılar cərgəyə düzülüb mollaların mərsiyələri altında sinə vururdular. Şəbih elemenetləri olurdu. Mollalar oturub hədis danışır, insanlar nəzir verirdilər. Aşuranın ritualından biri də İslamın rəmzlərindən olan beşbarmaq formasında, adı “ələm” deyilən simvolu gəzdirmək idi. Ələmdarın rəhbərliyi ilə cavanlar bir qəsəbədən digər qəsəbəyə və məscidlərə gedir və bununla imam Hüseyn təziyəsindəki həmrəyliyi ifadə edirdlirlər. Bu mərasim üçün çox vacib element sayılırdı”.
X.Səfəroğlu bildirib ki, böyüklər ona sovetin vaxtında polislə davalardan da danışıblar. “Sovet höküməti belə təziyələrin keçirlməsini qadağan etsə də mərasimə mane olmurdu.
“Drujinnik” rəhbərləri vasitəsi ilə evlərdə izahat aparırdılar ki, gecə harasa getməsinlər. Ancaq bu davam edirdi. Məscidlərdə kütləvi ehsan süfrələri açılırdı. İmamların 3-ü, 7-si, 40-ı ehsanlar verilirdi. Hamı oraya getməyi özünə borc bilirdi. Qızlar kosmetikadan istifadə etmirdilər. İndi də o adətlərin bəziləri qalıb”.
Jurnalistin sözlərinə görə, 90-cı illərin əvvəlində İran –SSRİ sərhəddi açıldıqldan sonra Aşura mərasimlərinə İrandan mollalar dəvət olunurdu. Ancaq bu çox az bir müddət davam etdi.

“Bakı kəndlərində Yezidi oynamaq üçün adam tapmaq olmurdu”
“Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı: “Bakı kəndlərində Aşura mərasimi kommunistlərin hakimiyyəti illərində də keçirilib. Təbii, indiki kimi açıq olmasa da, dindarlar Məhərrəmlik ayında İmam Hüseynin yasını saxlayırdılar. Maştağada Məhərrəm ayına bir həftə qalmışdan bütün şadlıq mərasimləri dayandırılırdı. Toy, nişan, elçilik, ad günü, adqoydu qalırdı 2 ay sonraya. Elə ailələr vardı ki, Məhərrəm ayı başlayandan, imamın vəfatının 40 günü tamam olana qədər televiziya proqramlarına da baxmırdılar. Televizorun üstündəki ağ örtük xəbər proqramları vaxtı götürülərdi. Kənddə dövlət işində işləməyən kişilərin demək olar hamısı saqqal saxlayırdı. Qadınlar əlvan geyinməzdi, saç rəngləməzdi, üz-göz bəzəməzdi. Qaydanı pozan üçün “ictimai qınaq” anında hazır olurdu .
Aşura axşamı–yəni, “Şamü-qəriban”da camaat məscidlərə, ya da mərasimi evində keçirən dindarların evlərinə yığışırdı. Qadınlarla kişilər ayrı-ayrı məkanlarda toplaşırdı. Səhərə qədər mərsiyə deyilirdi, sinə vurulurdu, şəbih çıxarılırdı. Şəbih hər evdə olmazdı, çünki Yezidi “oynamaq” istəyən tapılmırdı. Qadınlar həmin axşam hədik bişirirdilər. Aşura günü qətl sınana qədər heç bir evdə qazan asılmazdı. Uşaqdan böyüyə hamı hədiklə keçinərdi. Yeməklə bir yerdə təmizlik işləri də aparılmazdı. “Şaxsey-vaxsey”, yəni Aşuranın kulminasiyası zamanı isə həyat sanki 10 dəqiqəliyə dururdu. Hətta məktəblərdə bəzi müəllimələr açıq deməsələr də, həmin dəqiqələrdə “uşaqlar açın kitabı filan səhifəni oxuyun” göstərişi ilə bir neçə dəqiqəlik sükut yaradırdılar. Yeri gəlmişkən, milis dini mərasimləri dağıtmaq göstərişi alsa da, qapalı məkanlara demək olar müdaxilə edilmirdi. Ancaq şagirdlərin məscidlərə getməsinə ciddi nəzarət olunurdu. Aşura günü məscidlərin qarşısına gələn milis azyaşlıları içəri buraxmırdı. Həmin gün içəridə olmaq istəyənlər gecədən məscidlərə getməliydilər. 1-2 dəfə milislərin məktəblərə də gəldiyini görmüşəm. Ancaq bu elə də ciddi nəticələrə səbəb olmurdu. Yəni bir “quş” xətrinə - “milis məktəbi yoxlamalıdır, yoxladı, hər şey qaydasındadır”. Bu gün və keçmişdə gördüyüm Aşura mərasimlərini müqayisə edəndə düşünürəm ki, o zaman kütləvilik çox idi, indi fanatizm. O zaman Aşurada bu qədər qan olmurdu. Ola bilər, burada hökumət qadağalarının da rolu vardı. Ancaq yaşlılar da xəncərlə başı həddən çox yarmağa, zəncirlə bədəni büsbütün yaralamağa icazə vermirdilər. “Allaha xoş getməz, qan çıxdı, bəsdi” deyirdilər. Aşuradan sonra imamın 3-ü və 40-da mərasimlər olurdu.
“Maştağada Aşura günü televizora baxmaq qadağan idi”
“Baku-Post” qəzetinin əməkdaşı Fərah Sabirqızı deyir ki, Maştağada hələ də, Aşura günü ilə bağlı mərasimlərin çoxu qalıb. “Mənim uşaqlığım Bakının dindar kəndlərindən biri olan Maştağada keçib. Ona görə sovet hakimiyyəti illərində olsa belə, bizim kənddə həmişə İslam adət-ənənələri yaşadılıb. Məhərrəmlik ayında daim evimizdə təziyələr, ehsan məclisləri verilib. Evdə musiqi səsləndirmək, qol açıb oynamaq yasaq idi. Aşura günləri ağır günlər kimi qəbul edilib, həmin günlərdə evdə hətta televizorun səsini də verməzdik. Həmin günlər gənclər gizlində olsa zəncir vurardı. Evlərdəki məclislərdə işıqları söndürüb şami-qəribanlıq edərdilər, qaranlıqda sinə döyüb ağlayardılar. İndi bildiyim qədər zəncir vurmaq adəti qadağan olunub. Ancaq kənd cavanları gecədən səhərə kimi məsciddə olur, dəstəylə digər kəndlərdəki ziyarətgahlara piyada gedirlər. Məqsəd də odur ki, Kərbəla şəhidlərinin çəkdiyi əziyyəti hiss etmək istəyirlər. Elə indi qaldığım “Sovetski” deyilən ərazidə də sakinlərin əksəriyyəti inanclıdır. Hər il aşura günlərində yaxınlıqdakı məscidə səhər tezdən insanlar axışır, qara bayraqlarla küçə boyunca yürüş edirlər, gecəyə qədər məsciddən moizələr oxunur.”

Ulduz İBRAHİMOVA